9 Dekabr 2015 12:27
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yarıtmaz adamın vəzifədə qalmasındansa, həmin postun boş qalması daha xeyirlidir"

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların strukturları mövcud olsa da, bəziləri tam formalaşmayıb. Hətta rəhbərləri olmayan qollar belə var. Bəzi partiyaların Qadınlar Şurası, Gənclər Təşkilatlarının sədrləri də seçilib, amma onları cəmiyyət tanımır. Media ilə əlaqə qurulmayıb və ya qurumların rəhbərləri buna can atmayıb. Bir sözlə, sanki ölü qurumlara çevriliblər.

Siyasətə qadınların az meyl etdiyi nəzərə alan təşkilatlar çox zaman qadınları yüksək postlara çəkməklə təbliğat aparırlar. Və ya keçirdikləri aksiyalarda kütləviliyin təminatı, yeni nəfəs üçün gənclərə üstünlük verilir.

Son 1 il ərzində Azərbaycandakı partiyaların strukturlarında passivlik nümayiş olunur. Bunun səbəblərinin araşdırılması üçün partiyalarla sorğu aparacağıq.

Əvvəlcə, Azərbaycan Demokrat Partiyasına (ADP) müraciət etdik. ADP-də Gənclər Təşkilatına sədrlik edən Cəmil Hacıyev partiya sədri Sərdar Cəlaloğlunun qərarı ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Bu müddət ərzində isə ADP-nin Gənclər Təşkilatının adı demək olar ki, mediada çəkilməyib. Bəs bunun səbəbləri nədən ibarətdir?

S.Cəlaloğlunun fikrincə, mətbuat bu strukturlarla əlaqə yaratsa, daha yaxşı olar: "Çünki biz də istəyirik ki, Qadınlar Şurası, Gənclər Təşkilatı, rayon təşkilatlarının rəhbərləri cəmiyyətə təqdim olunsun. Nizamnaməyə görə, partiyaların rəsmi mövqeyini sədrdən başqa heç kəs ifadə edə bilməz. Başqalarının bu sahədə hər hansı bəyanat verməsini qadağan edirik. Qanunla belədir ki, yalnız sədr partiya adından hər hansı bəyanat verə və məsələyə aydınlıq gətirə bilər. Sədrdən başqa kiminsə partiyanın ümumi siyasətinə və ya hər hansı məsələyə münasibət bildirməsi yanlışdır. ADP-nin Gənclər Təşkilatının keçmiş sədri Cəmil Hacıyev də vaxtilə belə səhvlər elədiyinə görə partiyadan uzaqlaşdırıldı. Çünki partiyanın adından öz bildiyi kimi bəyanat verirdi, biz İstiqlal abidəsini ziyarət edirdik, o isə gedib Məhəmməd Əmin Rəsulzadənin abidəsinə gül qoyub deyirdi ki, partiya iki yerə bölünüb. Bu, Nizamnamə pozuntusu deməkdir. Ümumi şəkildə bir partiya funksionerinin mövqeyini öyrənmək olar. Amma partiyanın mövqeyini sədrdən başqa heç kəs ifadə edə bilməz".

Onun sözlərinə görə, hələ Gənclər Təşkilatına sədr təyin olunmayıb: "Əvəzedici var, amma sədr seçilməyib. Sədr kifayət qədər bilikli, savadlı, qabiliyyətli olmalıdır. Çünki bizi həm Gənclər Təşkilatları arasında, həm də səfirliklərdəki tədbirlərdə təmsil edir. Hələ ki bu kriteriyalara cavab verən şəxs yoxdur. Cəmil Hacıyev özü o vəzifədə çox layiqsiz nümayəndə idi. Dəfələrlə yoldaşlara demişdim ki, bu adamın siyasi cəhətdən heç bir imkanı yoxdur. Əvvəla, 35 yaşı var idi, düşünülən qədər gənc deyildi. Uzun illər ADP-də olsa da, nə partiyanın ideologiyasını mənimsəyə bilmişdi, nə siyasi təfəkkürü vardı, nə də öz üzərində çalışırdı. Həddən artıq avantürist təbiətli, radikal, özbaşınalığa meyil edən idi. Ona xəbərdarlıq eləmişdim, çağırıb başa salırdım ki, gənclərlə iş aparsın, amma mütəmadi olaraq gənclərlə intriqası olurdu, ətrafındakı adamlarla həmişə mübahisə aparırdı. Təşkilati qabiliyyəti, ideoloji hazırlığı, siyasi ağlı ona Gənclər Təşkilatında təmsil olunmaq imkanı vermirdi. Biz onu yarıtmaz fəaliyyətinə görə bu postdan uzaqlaşdırdıq. Yarıtmaz adamın vəzifədə qalmasındansa, həmin vəzifənin boş qalması daha xeyirlidir".

O, gənclərin siyasi təşkilatlara az axın etməsinə də aydınlıq gətirib: "Gənc tələbələr mətbuatı izləyirsə, hər bir partiyanın xətti, ideologiyası, lideri ilə tanış olmaq imkanı yaranır. Nəticədə əqidəsinə uyğun gələn partiyaya üzv ola bilər. Partiyaya gənclər gəlmirsə, deməli, demokratik təfəkkürlü adam yoxdur. Açıq partiyayıq, təbliğat edirik, çalışırıq ki, gəncləri partiyamıza dəvət edək".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər