5 İyun 2014 16:13
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV zirvə toplantısı keçirilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu zirvənin keçiriləcəyi “Hilton Türkbükü Hotel”in girişində qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər. A.Gül daha sonra zirvədə açılış çıxışı edib. O, TDƏŞ-in üzvü olmamağına rəğmən Türkmənistan prezidentinin zirvədə qonaq kimi iştirak etdiyini bildirib.

“Bağlarımızın gücləndirilməsinə şəxsən böyük önəm verirəm”

A.Gül deyib: “Siz, dəyərli qardaşlarımızla görüşlərimiz bizim üçün hər zaman özəl bir önəm daşımaqdadır. Ortaq dil, mədəniyyət, inanc, tarix və dəyərləri paylaşdığımız qardaş türk dövlətləri ilə bağlarımızın gücləndirilməsinə şəxsən böyük önəm verirəm. Bu anlayışla cümhurbaşqanı qismində hər birinizi rəsmi ziyarət üçün Türkiyəyə dəvət etmişəm. Bir neçə dəfə qonağınız olmaqdan da böyük sevinc duymuşam. Aramızdakı bağlar bu dərəcədə köklü, dostluğumuz bu qədər güclü və əlaqələrimiz bu dərəcədə sıx olunca əməkdaşlığımızı sadəcə ikitərəfli formatda saxlaya bilməzdik. Odur ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilən IX zirvə görüşündə qardaş türk respublikaları arasında qarşılıqlı iqtisadi və sosial-mədəni əlaqələri artırmağa yönəlik çabalarımıza qatqı vermək üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına qərar verdik”.

“Məqsədimiz yeni sinerjilər yaratmaqdır”

TDƏŞ-i yaradılmasını “Birlikdən qüvvət doğar” şüarından hərəkət edərək çoxtərəfli işbirliyini bir qurum halına salmaq üçün qurduqlarını xatırladan A.Gül daha sonra deyib: “Önəmli el sənətlərimizdən olan xalı toxumaçılığındakı “Türk İlməsi”ndən ilham aldıq. Bildiyiniz kimi xalçaçılıqda bir-birinə toxunan ilmələr digərindən güc alaraq daha dayanıqlı və qiymətli bir əsərin ortaya çıxmasını təmin edir. Bu eyni zamanda türk qövmləri arasındakı birlik, bərabərlik və həmrəyliyin də simvoludur. Biz də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bir-birimizdən alacağımız güclə birliyimizi bir neçə dəfə pərçimləməyi hədəflədik. Məqsədimiz digər regional əməkdaşlıq mexanizmlərini dəstəkləyəcək şəkildə regional ortaqlıq ruhunu gücləndirmək və yeni sinerjilər yaratmaqdır. Paylaşdığımız ortaq coğrafiyadakı imkanlardan layiqincə istifadə etmək və qarşılaşdığımız risklərlə mücadilə etmək üçün buna ehtiyacımız var idi”.

“Zirvənin budəfəki mövzusu turizmdir”

Zirvənin budəfəki mövzusunun turizm olduğunu əlavə edən A.Gül turizmin tarixi “İpək Yolu” üzərindəki ölkələr arasında həm iqtisadi, həm də insan amili kimi çıxış edən bir sahə olduğunu vurğulayıb. Turizmin ticari tərəfindən başqa insanların bir-birlərini daha yaxından tanımalarını və müştərək nöqtələrini bir daha kəşf etmələrini təmin etdiyini deyən Türkiyə prezidenti əlavə edib ki, bunun sayəsində ölkələr arasında qurulacaq insani körpülər bir yandan könül bağlarını gücləndirəcək, digər tərəfdən də tərəflərə qarşılıqlı fayda gətirəcək.

A.Gül zirvə zamanı xalqların yararına olacaq bütün bu məsələləri nəzərdən keçirəcəklərini söyləyərək, ölkələri maraqlandıran cari regional proseslər barədə də müzakirələr aparacaqlarını qeyd edib.
Bundan sonra zirvə mətbuata qapalı olub.

Zirvənin bağlanış mərasimində çıxış edən Türkiyə prezidenti TDƏŞ-in yeni baş katibinin orijinal fikirlərinə ehtiyac duyulduğunu qeyd edərək ölkəsinin yeni baş katibə hər zaman dəstək olacağını vurğulayıb. A.Gül zirvəyə qatılan dövlət başçılarına təşəkkür edib və ölkələrinə dönərkən türk xalqının sevgi və salamlarını çatdırmağı xahiş edib.

Daha sonra TDƏŞ-ə üzv dövlət başçılarının birgə bəyannaməsi, TDƏŞ baş katibinin və müavinlərinin seçilməsinə dair qərara imza atılıb. Quruma sədrlik Türkiyədən Qazaxıstana keçib. TDƏŞ-in V sammitinin də gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

Səxavət


Müəllif: