Milli Məclisin yeni yaradılmış Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası keçirilib.
Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, iclasda ölkə Prezidenti tərəfindən parlamentə təqdim edilmiş “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda və Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Qeyd olundu ki, dəyişikliklər yuxarıda adı çəkilən sənədlərin “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması məqsədi ilə edilir. İnzibati Xətalar Məcəlləsinin 51.1-ci maddəsinə edilən düzəlişə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzürlü səbəblər olmadan yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək miqdarda cərimə edilir.
Qanun layihələri barədə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov məlumat verdi. Bildirildi ki, təklif olunan dəyişikliklərə əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunun 1.0.5-ci və 5.2-ci maddələrinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 10-cu maddəsinin 1-ci hissəsinin birinci abzasına “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri əlavə edilir. Qeyd olunan müddəalarda bildirilir ki, uşaqları sosial təhlükəli vəziyyətdə olan ailə ilə bağlı müvafiq orqan və müəssisələr tərəfindən fərdi profilaktiki iş aparılır. Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi və saxlanılması sahəsində öz vəzifələrini üzrlü səbəblər olmadan icra etməyən, yaxud onların davranışına mənfi təsir göstərən valideynlər və ya digər qanuni nümayəndələr barəsində komissiyalar müvafiq təsir tədbirlərini tətbiq edirlər.
İclasda çıxış edən komitə üzvləri Sahibə Qafarova, Sədaqət Vəliyeva, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova qanunlara təklif edilən dəyişikliklərin əhəmiyyəti, habelə yeni yaradılmış komitənin fəaliyyət istiqamətləri barədə fikirlərini açıqladılar.Müzakirələrin sonunda hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.
Nemət