15 Dekabr 2015 12:29
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Zifəroğlu: “Mosul rəhbərliyi İrana yaxın olan insanlardır”

Türkiyə Silahlı Qüvvələrinin tank batalyonu İraq hakimiyyəti ilə saziş çərçivəsində ölkənin Neynəva vilayətində dislokasiya edilib. Məqsəd İŞİD terror təşkilatının silahlıları ilə mübarizə aparmaq üçün kürd nizamlı silahlı dəstələrinə (peşmərgə) hazırlıq keçməkdir. Lakin İraq hakimiyyəti bundan imtina edərək Türkiyə qoşunlarının ölkədən çıxarılmasını tələb edib.

Son məlumatlara görə, Türkiyə ötən gün İraqdan bu ölkənin ərazisində dislokasiya edilmiş tank batalyonunun bir hissəsini çıxarmağa qərar verib. Ancaq Türkiyə Prezidenti Ərdoğan İraqdan tam olaraq qoşunların çıxarılmasının mümkün olmadığını bəyan edib.

Məsələyə münasibət bildirən analitik, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyib ki, ərəb dünyasının liderləri heç vaxt Ərdoğanı dəstəkləməyiblər. Onun sözlərinə görə, İslam sivilizasiyasının öz içərisində ərəblər, farslar və türklər arasında ciddi bir rəqabət olub: “Əsrlər, zaman dəyişə bilər və müasir çağda yaşaya bilərik, amma sivilizasiyanın daxilindəki bu rəqabət indinin özündə də qalmaqdadır. Bunun Yəməndə, Suriyada, elə İrqaın özündə şahidi oluruq. Bu baxımdan hesab etmirəm ki, ərəblərin siyasi elitası Türkiyəyə gözəl münasibət bəsləyib və indi bu münasibətlər birdən-birə pisləşib”.

V.Zifəroğlu qeyd edib ki, bu gün biz İraqda, Suriyada, Livanda, Yəməndə ərəb, fars və türk rəqabətinin şahidi olmaqdayıq: “Tutaq ki, Yəməndə Türkiyə ilə ərəblər öz maraqlarını İrana uzlaşdırmağa yaxın oldularsa, Misirdə başlanan proseslərlə bağlı bunu demək olmaz. Hətta ərəblərlə Türkiyə arasında müəyyən ziddiyyətlər ortaya çıxdı və Sisi ilə bağlı məsələlər buna əyani sübutdur. Bu, indi İraqda baş verir. Mosulun rəhbərliyi kifayət qədər İrana yaxın olan insanlardır. Amma oradakı aşirətlər, tayfalar daha çox İŞİD-ə meyilli qüvvələr kimi hesab oluna bilərlər. Təbii ki, Türkiyənin özünün marağı var. Bütün bunlar özü-özlüyündə qarmaqarışıq bir vəziyyət yaradır. Yəni, Yaxın Şərqlə bağlı hər bir məsələyə baxdıqda və regiondakı hər bir oyunçu dövlətlərin prizmasından yanaşdıqda bəzən elə olur ki, konkret bir nöqtəyə görə münasibət bildirməli oluruq, nəinki böyük bir kontektsdə məsələyə baxmaq”.

Politoloq Arzu Nağıyev bildirib ki, əvvəllər də, elə indi də ərəb dövlətlərinin heç də hamısı Türkiyəni dəstəkləməyib: “Bu da hər bir dövlətin öz marağından asılı olub. Son hadisələrdə Səudiyyə Ərəbistanı Türkiyəni tam dəstəklədiyi ilə bağlı bəyanatlar da verdi. Bir sıra ərəb dövlətləri Rusiya meyilli olmalarına rəğmən, Suriya ətrafında birləşməyə can atırlar, bəziləri isə əks maraqlardan çıxış edir. Eyni zamanda, Türkiyənin NATO üzvü olması da mühüm əhəmiyyət kəsb edir.

İraqla Türkiyə arasında yaranan gərginliyin başlıca səbəbi təbii sərvərtlərin bölüşdürülməsi ilə bağlıdır. Ərəb dövlətlərinin bəzilərində elə ərazilər var ki, neft və qaz yataqları müəyyən dairələrə aiddir və hətta məzhəb ayrılığı ilə bölünür. Elə bir vəziyyət yaranıb ki, Türkiyə limanları vasitəsilə bu və ya digər məhsulun satışı mümkün olmur. Bu, əsasən də, qaçaq yolla əldə edilən neft məhsullarına aiddir. Söhbət Mosuldan gedirsə, bu da həmin problemlə bağlıdır və bu ərazilərin tarixən kimə məxsusluğu da mühüm rol oynayır".

A.Nağıyev deyib ki, Türkiyə ilə ərəb dünyası arasındakı münasibətlər normallaşacaq: “Düşünürəm ki, söhbət dövlət və dövlətçilikdən, xarici siyasətdən və diplomatiyadan gedirsə, münasibətlər normal bir məcraya yönələcək. Yox, əgər hər bir dövlət tarixi yada salmağa çalışacaqsa, separatizmə meyillilik gösrtərəcəksə, dini və ya etnik qarşıdurmaya meyillənəcəksə, vəziyyət təbii ki, gərginləşəcək. Unutmaq lazım deyil ki, Türkiyə böyük humanistlik göstərərək ərəb ölkələrindən milyonlarla miqranta sığınacaq verdi və bunun sayəsində isə yüzdən çox terror hadisəsi ilə üzləşdi. Hesab edirəm ki, bu münasibətlər qurulan vaxt hər bir məqam nəzərə alınacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər