Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) rəhbərliyə qarşı qiyam hazırlanır. Vaxtilə partiya daxilində Demokratik Birlik Fraksiyası (DBF) yaradanların fəaliyyətində aktivləşmə müşahidə olunur. Fraksiyanın əsas simalarından olan Ədalət Yusifov qəzetimizə bildirib ki, fraksiyada təmsil olunan cəbhəçilər, onların rayon şöbələri KXCP-də qalmaqda davam edir. Onun sözlərinə görə, hazırda fraksiya aktiv fəaliyyət göstərir: “Təbii ki, mətbuata görülən işlər, alınan qərarlarla bağlı az-az informasiya sızdırmağı qarşısına məqsəd qoyub. Düzü, həm təşkilatlanma, həm də gözləmə mövqeyini indi ən uyğun variant kimi görürük”.
DBF-nın təmsilçisi KXCP-nin indiki rəhbərliyi ilə münasibətləri haqqında da danışıb: “Biz birgə fəaliyyət, partiyada yaranan problemi aradan qaldırmaqla əlaqədar təşəbbüslərimizi qurultay ərəfəsində rəhbərlik qarşısında qaldırdıq. Təəssüflər olsun ki, təşəbbüsümüz partiya rəhbərliyi tərəfindən qulaqardına vuruldu. Nəticə də qurultayda çılpaqlığı ilə ortaya çıxdı. Əvvəlki qurultaydan azı üç dəfə zəif tərkibdə qurultay keçirməyin məsuliyyətini indiki rəhbərlik daşıyır. Biz hazırda baş verən prosesləri diqqətlə götür-qoy edirik. Ciddi narazılığımız var və təşkilatı özbaşına idarəçilik mexanizmini özü üçün müəyyən edən rəhbərliyin öhdəsinə buraxmaq niyyətimiz də yoxdur. Çox keçməz ki, təşkilatda yeni canlanmanın və dalğanın şahidi olarıq”.
Ədalət Yusifov bu yaxınlarda KXCP sədrinin müavini və İdarə Heyətinin üzvü vəzifəsindən uzaqlaşdırılan Oqtay Gülalıyevlə bağlı prosesdən də danışıb. Deyib ki, hər bir yeni yaranan vəziyyət yeni yanaşma tələb edir: “Təbii ki, hər bir tərəfin marağını nəzərə almaqla bir formatın müəyyənləşməsini doğru hesab edirik. Əgər Oqtay Gülalıyev tərəfindən təşəbbüs olarsa, daha sıx yaxınlaşma baş verər. Biz bilirik ki, Oqtay Gülalıyev tək deyil. KXCP-də yaşanan siyasi şərait, idarəçilik və rəhbərliyin özbaşınalığı ilə əlaqədar kifayət qədər problem yaşayan rayon təşkilatları, aparıcı şəxslər var. Biz onlarla bir yerdə əyləşərək müzakirə aparmaq niyyətindəyik. Gülalıyevin KXCP rəhbərliyindən uzaqlaşdırılmasından sonra görüşümüz və müzakirəmiz olub. Biz zaman-zaman qeyd edirdik ki, partiyanın sədri elə partiyanın özü deməkdir. SSRİ-də kommunist partiyasından qalma bir ənənə var idi. Kommunist Partiyası deyəndə Lenin, Lenin deyəndə Kommunist Partiyası başa düşülürdü. İndi bu vəziyyət, çox təəssüflər olsun ki, KXCP-də yaranıb. Oqtay Gülalıyevin partiya rəhbərliyindən azad edilməsi şəraiti bizə bəllidir. Adətən, belə ciddi məsələlər gündəliyə salınır, müzakirəyə çıxarılır, hesabat dinlənilir və sonra qərar verilir. Ali Məclisdə ”mən səni müavinlikdən azad etdim" düşüncəsini ortaya qoymaq siyasi təşkilat qarşısında sədrin hesabatlılığının itirilməsi deməkdir. Hesab edirik ki, bu işlərin hamısına son vermək lazımdır. Yetər artıq. Bu təşkilatı son 15 ildə 15 dəfə kiçiltdilər. Bunun sonu gələcək".
“KXCP sədri Mirmahmud Mirəlioğlu qurultayda elan etdi ki, daha sədrliyə namizədliyini irəli sürməyəcək, siz indiki sədrdən sonra KXCP-nin sükanını ələ keçirmək istəyirsinizmi” sualına gəldikdə Demokratik Birlik Fraksiyasının nümayəndəsi deyib ki, Mirmahmud Mirəlioğlu təkcə növbəti qurultayda namizəd olmayacağı haqda fikir səsləndirməyib: “Eyni zamanda deyib ki, heç növbəti qurultayda iştirak etməyəcəm. Bu da, təşkilat qarşısında sorumlu olduğu təqdirdə bundan yaxa qurtarmağın bir nümunəsidir. Nizamnamə sədrin qarşısında konkret vəzifələr qoyur. İndi sədrin növbəti qurultayda iştirak etmək istəməməsi təbii ki, növbəti qurultayın olmayacağına işarədir. Növbəti qurultay bir halda olmaya bilər. Bu təşkilat növbəti qurultaya qədər daşınmasın. Hesab edirəm ki, indi KXCP rəhbərliyinin apardığı kurs partiyanı iflasa istiqamətləndirib. Bunun qarşısını almaq üçün də, bütün imkanlarımızı səfərbərlik edəcəyik. Bizim aparılan bu kursu dayandırmağa və geri döndərməyə gücümüz çatacaq”.
NEMƏT