Xəbər verildiyi kimi Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.
Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. “Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq”, - deyə Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd bin-Salman bildirib.
Qeyd edək ki, Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması məsələsilə əlaqədar Xarici İşlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu xüsusda təmaslar davam etdirilir. H.Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. “Hal-hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır”, - deyə o vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə bildirib ki, sözügedən koalisiyanın əsas iştirakçıları varlı neft ölkələridir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Misir radikal dinçi təşkilatları müdafiə edən, maliyyələşdirən dövlətlərdir: “İndi isə həmin təşkilatlar onların tabeliyindən çıxaraq müstəqil fəaliyyətə başlayıblar. Adları çəkilən ölkələrin əsas məqsədi Bəşər Əsədi devirməkdir. ABŞ dövlət katibi Kerri bu günlərdə rusiyalı həmkarı ilə keçirdiyi görüşlərdə Bəşər Əsədin dərhal devrilməsi tələbindən geri çəkildiyini bildirdi. Amma Vaşinqton bunu öz əlaltıları olan ərəb rejimlərinin dili ilə dedirdir. Yəni onların məqsədi terrorizmlə mübarizə deyil. Məqsəd Qərbin tapşırığını yerinə yetirib Əsədi devirməkdir. Qərb öz seçicilərinin tələbindən çəkinərək Əsədin devrilmək tələbini geri götürür və guya yalnız İŞİD-lə, Əl-Nüsra cəbhəsi ilə mübarizə aparır. Amma öz əlaltılarına deyir ki, Əsədi vurun”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan bu cür koalisiyalara qoşulmamalıdır: “Ordakı siyasi intriqalarda iştirak bizim işimiz deyil. Bizim İslam ölkələri ilə ikitərəfli münasibətlərimiz yaxşıdır. Amma bu, o demək deyil ki, biz onların dediyi işi görməliyik?! Əməkdaşlıq edirik, bir-birimizin lehinə beynəlxalq təşkilatlarda səs veririk, amma bu cür işlərə qoşulmağımız ağlasığan deyil. Bu, bizə ziyandan başqa heç nə gətirməz”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Səudiyyə Ərəbistanının terrora qarşı formalaşdırdığı koalisiyada Azərbaycanın strateji müttəfiqləri olan Türkiyə və Pakistan da yer alıb. Onun sözlərinə görə, Ermənistanla diplomatik münasibəti olmayan və işğal altındakı torpaqlarımızın azad olunmasını tələb edən Səudiyyə Ərəbistanı da bizə müttəfiq sayıla bilər: “Belə olan halda ölkəmiz Səudiyyə Ərəbistanına ”yox" deyəcəkmi? Hələlik Azərbaycan Xarici İşlər Nazirliyindən belə bir açıqlama səsləndirilib ki, Ər-Riyadın təklifi dəyərləndirilir".
Politoloq qeyd edib ki, “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulmayan digər müsəlman ölkələri İran və İraqdır: “Azərbaycan İslam koalisiyasına qoşulmasa, belə çıxacaq ki, biz sözügedən ölkələrlə bir ittifaqda yer almırıq və şimal qonşumuzun Suriyadakı maraqlarını nəzərə alırıq. Çünki Kreml İslam koalisiyasına şübhəylə yanaşır. Səudiyyə Ərəbistanının isə İslam koalisiyasında Azərbaycanın da iştirakına marağı var. Ən azı İslam koalisiyası ”sünni bloku" adlandırılmasın deyə Ər-Riyad Azərbaycanı yanında görmək istəyir. Bu baxımdan ölkəmizi mürəkkəb seçim gözləyir".
Səxavət HƏMİD