Milli Məclis qanunvericilik bazası üzərində müzakirələrə start verib.
Teleqraf.com-un xəbərinə görə, Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadə xatırladıb ki, Milli Məclis ötən çağırışda Dəniz limanları haqqında qanun qəbul edib: “Bu, vacib və əhəmiyyətli qanun idi. Dəniz limanları iqtisadiyyatda mühüm rol oynayır. Bununla bağlı bir sıra qanunlarda dəyişikliklərin edilməsi nəzərdə tutulub. Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklərin bir qismi texniki xarakterlidir, bəzi maddələrdə anlayışlar eyniləşdiriləcək. Burada prinsipial bir məsələ yoxdur”.
Deputat Elmira Axundova deyib ki, hava və quru ilə yanaşı ticarət əlaqələri dəniz vasitəsilə də həyata keçirilir: “20 il əvvəl Heydər Əliyev Çinə səfər etmişdi. Sonradan Bakıda İpək Yolu ilə bağlı bəyannamə oldu, hamı buna təəccüblə baxdı. Bu yaxınlarda prezident İlham Əliyev də Çinə səfər etdi. Fkrimcə, gələcəkdə dənizlərdə yükdaşınmanın payı daha da güclənəcək. Odur ki, təklif edilən dəyişiklikləri dəstəkləyirəm. Dəniz Limanları haqqında qanunun müzakirəsi zamanı biz çoxlu sayda təkiflər irəli sürmüşdük”.
Müzakirələrdən sonra Gəmiçilik Məcəlləsinə dəyişiklik edilib.
Nemət