Əfv komissiyasının üzvü Elmira Axundova Helsinki Komissiyasının Azərbaycanla bağlı mövqeyini kəskin tənqid edib.
Teleqraf.com-un xəbərinə görə, deputat bildirib ki, bütün bunlar Azərbaycana qarşı qərəzli yanaşmanın nəticəsidir. Deputat həmçinin çıxışı zamanı əfv siyahısının hazırlandığını bildirib: “İndi siz görəcəksiniz. Onların siyasi məhbus adlandırdığı adamları biz azad etsək, yenə də bizə qarşı çıxışlarından əl çəkməyəcəklər”.
Elmira Axundova Bakı Dövlət Sirkinin təmiri məsələsini də gündəmə gətirib. O, deyib ki, son illər Bakıda teatr və digər mədəniyyət məkanları təmir edilərək müasir görkəmə gətirilib. Amma millət vəkili Bakı Dövlət Sirkinin vəziyyətinin elə də ürəkaçan olmadığını, acınacaqlı durumda olduğunu qeyd edib.
Millət vəkili deyib ki, hətta sirkin tavanından, buraya üz tutan uşaqların başına yağış damır: “Bilirsiniz ki, Bakı Dövlət Sirki uşaqların ən sevdiyi məkanlardandır. Buna baxmayaraq, sirkin ayaqyolusu, vəziyyəti çox pis durumdadır. Sirkin ciddi təmirə ehtiyacı var. Mən bu yaxınlarda nəvəmlə sirkə getmişdim. Gördüm ki, sirkin tavanından üzərimizə su damır. Hesab edirəm ki, Bakı Dövlət Sirki ilə bağlı tədbirlər görülməli, təmirinə başlanılmalıdır”.
Nemət