22 Dekabr 2015 15:15
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri İsmail Kahramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Sədr qonaqları səmimi salamlayaraq, İsmail Kahramanın 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin Sədri seçilməsi münasibəti ilə təbrik etdi. Ona bu məsuliyyətli vəzifədə uğurlar arzuladı. Spiker belə bir inamı ifadə etdi ki, qarşıdakı illərdə də Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasındakı münasibətlər yüksələn xətlə inkişaf edəcəkdir.

Sədr noyabrın 1-də həm Azərbaycanda, həm də Türkiyədə keçirilən seçkilərdən sonra formalaşmış parlamentlərin sədrlərinin qısa zaman kəsiyində görüşlərini önəmli hesab etdi. Ümidvar olduğunu bildirdi ki, bu cür görüşlər mütəmadi xarakter daşıyacaqdır. Qeyd edildi ki, Türkiyədəki seçkilərdən sonra bu ölkənin rəsmiləri ilk səfərlərini məhz Azərbaycana edirlər. Əlbəttə ki, bu, qürurvericidir! Bu, bizim sarsılmaz dostluğumuzdan xəbər verir. Ümidvaram ki, başqa dövlətlər üçün nümunə olacaq bu münasibətlər və bu ənənə gələcəkdə də qorunub saxlanacaq, daha da inkişaf etdiriləcəkdir.

Spiker əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşlərini və aparılan danışıqların əhəmiyyətini xüsusi vurğuladı. Bildirildi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Hal-hazırda Azərbaycanda 2660-dan çox Türkiyə şirkətləri, qardaş ölkədə isə 1360-dan çox Azərbaycan şirkətləri fəaliyyət göstərirlər. Biz 2020-ci ilədək Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoymaq niyyətindəyik.

Parlamentlər səviyyəsində əlaqələrimiz də təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.

Sədr regionda yaranmış son vəziyyətlə əlaqədar fikirlərini açıqlayaraq, yaxın qonşumuz Rusiya ilə dostluq münasibətlərində olduğumuz Türkiyə arasında münasibətlərin tezliklə normallaşacağına inamını ifadə etdi. Bunun üçün Azərbaycan tərəfinin hər cür köməklik etməyə hazır olduğunu söylədi.

Sədr Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu prinsipial mövqeyə görə bir daha minnətdarlığını bildirdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri İsmail Kahraman spiker kimi ölkəmizə ilk səfərindən və buradakı görüşlərdən məmnun qaldığını söylədi. O, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışaraq, nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda da strateji tərəfdaş kimi ortaq mövqedən çıxış etmələrini yüksək dəyərləndirdi.

Bildirildi ki, bu günədək Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində investisiya qoymuş, Azərbaycan isə öz növbəsində 9 milyard ABŞ dolları həcmində Türkiyə iqtisadiyyatına yatırımlar etmişdir. Hər iki ölkə regionda qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə işə düşməsi isə dünyanın bu bölgəyə marağını və diqqətini daha da artıracaqdır.

Qonaq Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, problemin sülh yolu ilə tezliklə həllinə inamını ifadə etdi.

İsmail Kahraman son dövrdə regionda yaranmış mürəkkəb bir dönəmdə Azərbaycanın tutduğu mövqeyə və hadisələrə həssaslıqla yanaşmasına görə minnətdarlığını bildirdi.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Əhliman Əmiraslanov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və digər rəsmi şəxslər iştirak edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər