24 Dekabr 2015 19:22
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Times of Israel” onlayn qəzeti jurnalist-blogger İsrael Barukun “Bulanıq görüntü: Amerika ən etibarlı tərəfdaşlarını necə itirir?” sərlövhəli məqaləsini dərc edib. AZƏRTAC məqalənin xülasəsini təqdim edir.

***

İsrael Baruk yazır ki, XX əsrdə yaşamış feminist yazıçı Vircinia Vulf haqlı olaraq deyirdi ki, “yasamın qarşısını almaqla sülh əldə etmək mümkün deyil”. Çoxları deyir ki, İŞİD-ə qoşulanların sayının artması və yayıldığı ərazinin genişlənməsi, Rusiya və Qərb arasında qlobal gərginliyi kəskinləşdirən düşmənçilik nəticəsində yaxın gələcəkdə dünya müharibəsi ilə qarşılaşacağıq. Ötən həftə öz daxilimizdə baş verən San Bernardinodakı ekstremist hadisədən sonra ABŞ-ın tərəfdaşlarını, dostlarını və mənbələrini yenidən götür-qoy etməsi həmişəkindən daha labüd olub. Hələdə böyük imkanlardan lazımınca istifadə olunmur. Daha betəri isə siyasi səbəblərlə daşıya bilməyəcəyimiz risklər hesabına etibarlı və uzunmüddətli dostların kənarlaşdırılmasıdır.

Coğrafi və diplomatik baxımdan bu cür gərginliklər arasında daha təhlükəsiz və tolerant bir dünya qurmağa çalışan Azərbaycan kimi ölkələr yerləşir. Müharibələr və münaqişələrin hökm sürdüyü regionda Azərbaycan bir çox mədəniyyətləri birləşdirən təhlükəsiz və sabit cəmiyyət qurmağı bacarıb.

Müsəlman dünyasında real sülh mühitini təklif etməsinə baxmayaraq, Azərbaycan bəzən möhkəm beynəlxalq tərəfdaş kimi özünü göstərən, bəzən isə onu gözlənilmədən Amerika ictimaiyyətinin və siyasi danışıqların tənqidinə məruz qoyan ABŞ ilə qəribə münasibətlərə malikdir. Azərbaycan ABŞ-ın təsəvvür belə edə bilmədiyi gündəlik təhlükəsizlik riskləri ilə qarşılaşır. Eyni zamanda, ABŞ-ın öz qəribə yanaşmaları ilə bu risklərin həllinə girişməsi isə Azərbaycanı çox çətin vəziyyətdə qoyur. Bu yanaşmanı ifadə etmək üçün “qərəz” sözü kifayət deyil.

Məqalədə deyilir ki, Azərbaycan həm keçmişdə, həm də indi regional və qlobal cəhətdən hamı üçün əlverişli olub. Bu dünyəvi demokratik ölkə ABŞ-dan bir il öncə qadınlara seçib-seçilmək hüququ verib və bütün dinlər üçün multikultural mühitin formalaşmasına şərait yaradan dövlət proqramları hazırlayıb. Azərbaycan xristian və yəhudilərin əsrlər boyu müsəlmanlarla birgə yaşadığı bir yerdir. Bu ölkə dinlərarası tolerantlığın və multikulturalizmin həyat tərzi olduğu bir məkandır.

2014-cü ildə konqresmen Mayk Turner deyib ki, “Azərbaycan terrorizmə qarşı mübarizədə və strateji tərəfdaşlarla birgə enerji təhlükəsizliyi təşəbbüslərində ABŞ-ın mühüm tərəfdaşı olaraq qalır. Təbii neft və qaz ehtiyatları ilə Azərbaycan bizim NATO-dakı və digər Avropa ölkələri arasındakı strateji tərəfdaşlarımıza dəstək olan əsas komponentdir...” ABŞ Dövlət Departamenti və NATO bu kiçik Şərqi Qafqaz ölkəsinin terrorizmə qarşı qlobal mübarizədə əsas tərəfdaş dövlət olduğunu bildiriblər.

Amma həmin Dövlət Departamenti Azərbaycanın dostluğuna nadir hallarda adekvat cavab verir. ABŞ hələ də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf ərazilərini işğal altında saxlayan Ermənistan ilə münaqişədə Azərbaycanı tam dəstəkləmir. ABŞ Dövlət Departamenti və qanunverici orqanları Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən və erməni ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın etnik təmizləmə aparması ilə bağlı qərarına indiyədək məhəl qoymur. Bu, ABŞ-ın siyasətində ikili standartların təzahürüdür. Ukrayna məsələsində ABŞ sərt bəyanatlar verdi. Amma Dağlıq Qarabağ məsələsində ABŞ sükutu qoruyur. ABŞ tərəfindən bu cür çaşdırıcı siyasi davranış bütün dünyada nifrət doğurur və ilhaqçılıq duyğularını gücləndirir. Mövcud qeyri-müəyyən vəziyyətdə bir dostdan belə hərəkətlər məyusedicidir, birgə dəyərlər və baxışlar üzərində qurulmuş münasibətləri korlayır.

Yazıda bildirilir ki, dünyanın digər ölkələrinə nisbətən adambaşına düşən qaçqın və məcburi köçkünlərinin sayının çox olmasına baxmayaraq, Azərbaycan qlobal böhranı idarə etmək üçün məxsusi yanaşma təklif edir. Azərbaycan qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün milyardlarla dollar xərcləyir, ərazisinin bir hissəsinin uzun illərdir ki, işğal altında qalmasına rəğmən daim inkişaf etməyə çalışır.

Ölkənin qarşılaşdığı təhlükələri nəzərə alsaq, Azərbaycanın diplomatiyaya və ticarətə praqmatik və açıq yanaşması hər şeydən üstündür. Azərbaycan ekstremizm və qeyri-sabitliklə əhatə olunmasına baxmayaraq, təhlükəsizliyi qorumağa və hətta inkişaf etməyə çalışır.

Müəllif sonda qeyd edir ki, dünyada böyük ayrılıqlar mövcuddur, qlobal dialoq yaxşı vəziyyətdə deyil, halbuki bu dialoq zəruridir və bizi sabit gələcəyə aparan yeganə seçim ola bilər. ABŞ hadisələrdən kənarda qala bilmir və ikili standartlar səbəbindən tərəfdaşlarını uzaqlaşdırır. Əgər ABŞ Azərbaycan kimi sürətlə inkişaf edən ölkələri görmək və sülhə doğru yolda onların əlindən tutmaq istəmirsə, deməli dünyaya kor olmasa da, bulanıq şəkildə baxır.

* Fotoları təqdim edirik

Müəllif: