6 İyun 2014 15:47

Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov nazirin səfərinin Azərbaycan-Malayziya əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziyaya minnətdarlığını ifadə edib.
Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edildiyi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin törədildiyini deyən E.Məmmədyarov 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. O, BMT TŞ-nın qətnamələrində Ermənistanın silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunduğunu xatırladıb.

Görüşdə Azərbaycanla Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm-təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səxavət


Müəllif:
Загрузка...