30 Dekabr 2015 11:35
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə “Tövbə” Cəmiyyətinin sədri, sabiq deputat Hacı Əbdül arasında münasibətlər pozulub, tərəflər bir-birinə qarşı ciddi ittihamlar irəli sürüb. Buna səbəb onların dinlə bağlı fərqli fikirlə çıxış etmələri olub.

Hacı Əbdül mətbuatda verdiyi müsahibədə Sərdar Cəlaloğlunun vəhhabi təriqətinə məxsus olduğunu elan edib, bildirib ki, ADP sədri əslində vəhhabilərin dediyini deyir: “Sərdar Cəlaloğlu çox gözəl şəkildə maskalanmış vəhhabidir. Onun bütün ideyaları, danışıqları bunu deməyə əsas verir. Amma o, hərdənbir İslam barəsində xoşməramlı ifadələr səsləndirir ki, vəhhabiliyini gizlətsin. Halbuki, Sərdar Cəlaloğlu sırf vəhhabidir. Məni bu qənaətə gətirən səbəb budur ki, onun dedikləri, fikri, ideyaları vəhhabi ideyalarıdır. Vəhhabilər də deyir ki, nə peyğəmbər, o da bir insan olub, ölüb gedib. Sərdar Cəlaloğlu deyir ki, müqəddəs bir şey yoxdur. O bildirir ki, bir dənə müqəddəs var, o da Allahdır. Qalanların isə hamısı günahkar bəndələrdir. Sərdar Cəlaloğlu bunu peyğəmbərlərə, imamlara da aid edir. O vurğulayır ki, müqəddəs yoxdur. Sərdar Cəlaloğlu qeyd edir ki, bəndələr hamısı günahkardır. Hətta misal da çəkir ki, Adəm peyğəmbər günah işlətdiyinə görə cənnətdən qovulub. O, bu ştrixlərlə göstərir ki, vəhhabidir. Ancaq özünü gizlətmək cəhdləri də çoxdur. Bu adam vəhhabilərdən də təhlükəlidir. Vəhhabilər heç olmasa, açıq şəkildə öz əqidələrini bildirirlər. Bu isə özünü maskalayıb. Görün nə deyir. Deyir ki, mənim qabağımda filan alimin cildlərlə kitabları var və kitablarda nə qədər nöqsanlar var. Bu özünü elə aparır ki, guya din alimlərinin hamısından üstündür. Demək istəyir ki, islam alimlərinin dünyada heç bir rolu yoxdur”.

ADP sədri isə öz növbəsində Hacı Əbdülə cavab verib. Bildirib ki, Hacı Əbdül nə din xadimi, nə siyasi xadim, nə də ictimai xadimdir: “Ona görə də bu adamın hansısa fikrini ciddiyə almağa ehtiyac yoxdur. Hacı Əbdülün elmi, dini savadı mənim müsahibələrimdə, yazılarımdakı fikirləri qavramağa yetmədiyindən nə gəldi danışır. O, deyəsən, heç başa düşməyib ki, mən həmin fikirlərlə nəyi izah etmişəm. Mən demişəm ki, şiəlik səhvdir, sünnilik düzdür?! Desəydim ki, şiəlik səhvdir, sünnilik düzdür, o zaman məni vəhhabi adlandırmağı doğru olardı. Hərə bir təriqət yaradıb yapışıb Quranın bir ayəsindən, özünə sərf edən şəkildə məna çıxarır, deyir, mən düz yoldayam. Bunların hamısı yanlışdır. Qurandan başqa yol yoxdur. Allahdan başqa alim yoxdur. Mən demişəm ki, şiəlik, sünnilik, vəhhabilik bir sözlə, bütün təriqətlər Allahın düz yolunun əyilməsidir. Hacı Əbdülün vəhhabilik təriqəti haqqında cəsarət edib demədiklərini demişəm. Vəhhabiliyin nə qədər yanlış olduğunu söyləmişəm”.

S.Cəlaloğlu əlavə edib ki, dinlə bağlı dediyi fikirlər dünya alimləri tərəfindən təsdiqini tapıb: “Hacı Əbdül kimi yarımçıq dindar bunları çətin ki, dərk edə bilsin. Hacı Əbdülün insanları şallaqlaması Allahın buyurduğuna qarşı çıxmaqdır. Cism Allahın insana əmanətidir və Allah buyurur ki, insanın cismini incitmək, zədələmək olmaz. Hacı Əbdül isə insanları yerə uzadıb şallaqla döyür.

İki gün öncə bütün İslam dövlətlərinin liderləri İran Prezidenti Həsən Ruhaninin başçılığı altında bir yerə toplaşaraq, məqaləmdə dediyim “Peyğəmbər aramızda olan kimi bütün məzhəblərdən imtina edək, İslamı birləşdirək” fikirlərini müzakirə ediblər.

Ruhani də başda olmaqla, ora toplaşan bütün dünyanın din xadimləri Hacı Əbdülün dediyi adamlardır. Dediyim fikirlər bir aydan sonra İranda işə başlayan İslam ölkələrinin dini rəhbərlərinin konfransında müzakirə olunub. Hacı Əbdül həddindən artıq dünyanın inkişafından geridə qalıb".

CAVİDAN


Müəllif: