3 Yanvar 2016 11:52
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahət İbrahimqızı: "Əminəm ki, biz indiki iqtisadi çətinlikləri arxada qoyacağıq"

Teleqraf.com 2015-ci ilin yekunlarına dair Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızının müsahibəsini təqdim edir.

- 2015-ci il Azərbaycan üçün nə qədər uğurlu oldu?
- Ötən ili Azərbaycan üçün uğurlu hesab edirəm. Uğurlardan biri ötən il keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qalib çıxması, parlamentdə əksər yerləri götürməsi idi. Əlbəttə, bu, ümummilli lider Heydər Əliyevin qoyduğu və prezident İlham Əliyevin uğurla apardığı siyasətin nəticəsi idi. Xalqımız məhz bu siyasəti dəstəklədi, partiyamızın namizədlərinə səs verdi. Uğurlu, şəffaf və demokratik seçki keçirildi. Eyni zamanda 2015-ci ildə ölkəmizdə böyük və uğurlu layihələrlə yadda qaldı. İlk Avropa Oyunları Bakıda keçirildi, Azərbaycan tarix yazdı. Uğurlu bir tədbir oldu. Həmçinin bu il də iqtisadi, siyasi sahədə uğurlar oldu. Bu mənada 2015-ci ili uğurlu il adlandırmaq mümkündür.


- Bəs, 2015-ci ildə Azərbaycan üçün mənfi hal kimi nəyi qeyd etmək olar?
- Ermənistan torpaqlarımızı işğal edib. Hazırda münaqişənin həlli üçün beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparılır. Biz hər il ümid edirik ki, bu il dövlətimizin və xalqımızın həyatında Qarabağın işğaldan azad edilməsi ili olacaq, ərazi bütövlüyümüz təmin ediləcək. 2015-ci ildə də biz bunu gözləyirdik. Çünki bir dövlət kimi imkanlarımız təcavüzkar Ermənistandan qat-qat güclüdür. Biz 2015-ci ildə Şuşada, Xankəndində üç rəngli bayrağımızın dalğalanacağını gözləyirdik. Lakin çox təəssüf ki, arzumuz gerçəkləşmədi. Ancaq inşallah, bu il Azərbaycan işğalda olan ərazilərini azad edəcək. Özünüz də, bilirsiniz ki, Azərbaycan ordusu son illər güclənib və lazım gələndə sözünü qətiyyətlə deyir. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ, ən böyük arzumuz da bu problemin həll edilməsidir.

Yeri gəlmişkən, 2015-ci ildə cəbhədə atəşkəs erməni silahlı qüvvələri tərəfindən aramsız pozuldu. Lakin bu hərəkətləri onlara elə-belə başa gəlmədi. Xarici mətbuat da qeyd edir ki, 2015-ci il erməni itkiləri əvvəlki illərdən qat-qat çoxdur. Bəllidir ki, Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi baxımdan güclü mövqeyi var. Ermənilərin cəbhə təxribatına Azərbaycan ordusu layiqli cavab verib və onları susdurub.

- Başa vurduğumuz il xarici siyasət baxımından nə qədər düşərli və effektiv olub?
- Qeyd edərdim ki, 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyev G-20 sammitində iştirak edib. Söhbət dünyada iqtisadiyyatına görə öndə gedən 20 dövlət başçısının Antalya sammitindən gedir. Bəllidir ki, belə bir nüfuzlu sammitdə iştirak etmək hər dövlət başçısına nəsib olmur. Möhtərəm prezident inkişaf etmiş güclü dövlətlərin sırasında Azərbaycan adına ölkədə gedən işlərin təqdimatını keçirib. Bundan başqa, Avropa Oyunlarının belə yüksək səviyyədə keçirilməsi diplomatik uğur deyilmi? Nəzərə almalıyıq ki, xalq diplomatiyası, mədəniyyət diplomatiyası, idman diplomatiyası var. Avropa ölkələrinə daxil olan 40-dan çox ölkənin dövlət rəsmiləri, idmançıları Azərbaycana gəldi, bu prosesdə iştirak etdi. Oyunlara hazırlıq zamanı çoxlu şəxslər ölkəmizə gəldi, burada gedən prosesləri müşahidə etdi. Bütün bunlar diplomatiya sahəsində uğurdur. Bu həm də, Azərbaycanın Avropa ailəsinə verdiyi töhvədir. Bir dövlətin gücü onun bəşəriyyət, beynəlxalq aləm, svilizasiya və dünya mədəniyyətinə verdiyi töhvə ilə ölçülür.

- İqtisadi baxımdan 2015-ci il Azərbaycan üçün nə ilə yadda qalacaq?
- Bildiyiniz kimi TAP, TANAP layihələri ortaya çıxdı, bu istiqamətlərdə addımlar atıldı. Sizə bir məqamı deyim. Yaponiya kimi dövlət yüksək texnologiyalara malikdir, dünyaya ideyalar ixrac edir. Ancaq Yaponiya sunami qarşısında aciz qaldı, atom stansiyalarına ciddi təhlükə yarandı, 100 minlərlə insan, şəhərlər və kəndlər suyun altında qaldı. Bu il dünyada siyasi sunami baş verir. Bu sunaminin qarşısında kim dayana bilər? Bir var dövlətin özündən qaynaqlanan proses olsun, bir də var qlobal proses. Dövlət özünü qoruyur, amma bir də görürsünüz ki, bir fəlakət gəldi və insanı tutdu. Azərbaycan dövləti şimaldan, cənubdan, şərq və qərbdən gələn küləklərə dözür. Amma elə təhlükələr var ki, qlobal xarakterlidir. Bu gün dünyada maliyyə-iqtisadi sahədə ciddi problemlər yaşanır. Hər kəs bilir ki, dünya bazarında neftin qiymətinin düşməsi iqtisadi deyil, siyasi məsələdir. Baxın, 2008-ci ildə böhran ABŞ-dan başladı, lakin bu bir çox ölkələrə, eləcə də Azərbaycana ciddi təsir etmədi. Lakin indi müşahidə etdiyimiz iqtisadi böhran siyasi və planlaşdırılan krizisdir. Hər kəs də bilir ki, neftin başında olan oyunlar dünyanın super gücləri arasında başlanan savaşın təzahürüdür. O cümlədən də Orta Doğuda, Ukraynada yaşananlar. Ukrayna kimi dövlətin taleyin sual altına düşdü. Bütün bunlar super güclər arasında baş verən mübarizənin nəticəsidir. Şübhəsiz ki, bu prosesin Azərbaycana da mənfi təsirləri var. İndiki krizis bizdən asılı məsələ deyil. 3-4 ay əvvəl Qazaxıstan daha dəhşətli devalvasiya yaşadı. Onların milli valyutası dollar qarşısında 3 dəfə ucuzlaşdı. Eləcə də Rusiya valyutası. Azərbaycan dövlət başçısı dünyada gedən siyasi, iqtisadi, maliyyə savaşından xalqımızı qorumağa çalışır, bunun üçün qətiyyətli addımlar atır. 3 il əvvəl əhalinin sayına görə Almaniyadan ən çox maşın alan Rusiya, Azərbaycan və Afrikanın son illər inkişaf etmiş dövlətləri idi. Bakıda son illər nə qədər yeraltı keçidlər, körpülər, yollar salınıb? Saysız-hesabsız. Hesab edirəm ki, indi insanlarımız bir qədər kəmərlərini sıxmalı, qənaətcil olmalıdır. Ailə büdcəmizin qorunması həm də dövlət büdcəmizin qorunmasıdır.

- 2016-cı ildən nə gözləyirsiniz?
- Ən böyük arzum və gözləntim Qarabağ problemimizin həllidir. Əminəm ki, biz qələbə çalacağıq. İqtisadi, siyasi, diplomatik sahədə qələbə çalmışıq. Bütün dünyaya sübut etmişik ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, erməni separatçıları Xocalıda soyqrım aktı törədiblər. Eləcə də beynəlxalq qurumlarda Ermənistanın işğalçılığı ilə bağlı kifayət qədər sənədlər qəbul etdirə bilmişik. Hərbi sahədə də uğur bizimlə olacaq. Arzum budur ki, 2016-cı ildə ərazilərimiz işğaldan azad edilsin, dövlətimizin ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda dünyada əmin-amanlıq olsun ki, Azərbaycanda da əmin-amanlıq olsun. Azərbaycan dünyanın ən sakit və təhlükəsiz yeridir. Bunu qısqanan insanlar var. Arzum budur ki, bu əmin-amanlıq və inkişaf davam etsin. Bu iqtisadi çətinliklər boş şeydir. Dünyanın hər bir yerində iqtisadi böhran, devalvasiya prosesi baş verməkdədir. II Dünya Müharibəsi zamanı belə Azərbaycanda acından ölən olmayıb. Tarix bunu deyir. Azərbaycanda ən çətin illər 1990-cı illər olub. Həmin illərdə 1 milyon insan qaçqın və məcburi köçkün olub. Amma nə acından, nə də xəstəlikdən ölən olub. Mən əminəm ki, biz indiki iqtisadi çətinlikləri arxada qoyacağıq. Əsas odur ki, bir-birimizə dəstək olaq, sevinc və kədərimizi paylaşaq, prezidentə dəstək olaq.

Biz supergüclərin apardığı savaşın qurbanı olmamalıyıq. Bunun üçün də prezident gecə-gündüz çalışır, diplomatik siyasət aparır, super güclərlə bərabər səviyyəli, etibarlı tərəfdaş olmaq üçün iş aparır. Biz də bu istiqamətdə əlimizdən gələn dəstəyi prezidentə göstərməliyik.

Nemət


Müəllif: