6 Yanvar 2016 13:26
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü yanvarın 23-də keçiriləcək. Görüşün Tiflis şəhərində keçirilməsi planlaşdırılır. Xatırladaq ki, görüş dekabrın 23-nə təyin edilsə də, sonradan təxirə salınıb. Gürcüstanın Xarici İşlər naziri Georgi Kvirikaşvili Baş nazir postuna təyin edildiyindən görüşdə ölkəni yeni Xarici İşlər naziri Mixail Canalidze təmsil edəcək.

Nəzərdə tutulan görüşlə bağlı fikirlərini bizimlə bölüşən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, regionda geosiyasi vəziyyət indiki durumda tamamilə dəyişmiş vəziyyətdədir. Onun sözlərinə görə, bu baxımdan həm Azərbaycan və Gürcüstanın, həm də qardaş Türkiyənin bir-birinə bağlılığı və ehtiyacı yaranıb: “Gürcüstan bu gün həm Rusiyadan, həm də İrandan mavi qaz alaraq həm tranzit ölkəyə çevrilmək, həm də daha artıq qaz və vəsait qazanmaq istəyir. Bu yöndə sözügedən ölkələrlə danışıqlar aparılır. Onu da nəzərə almaq lazımdır ki, ”Qazprom"la aparılan danışıqlar daha çox Gürcüstanın siyasi manevri üçün ortalığa atılmış bir ideyadır. Əsas hədəf İrandan qazın alınmasıdır. Yəni, İrandan Ermənistan vasitəsilə Gürcüstana qaz ötürülsün. Bu məsələ əslində Gürcüstan Avropa İttifaqı ilə imzaladığı assosiativ müqavilədə nəzərdə tutulmuşdu. Həmin sənəddə qeyd olunurdu ki, Gürcüstan İran və Ermənistan vasitəsilə Avropanın bəzi ölkələrinə qaz tranzit etməlidir. Nədənsə, bu müddəa əksər araşdırmaçıların, politoloqların diqqətindən qaçır. Halbuki, sənəddə belə bir maddə var. Bu gün Gürcüstan və İran həmin maddənin yerinə yetirilməsinə çox yaxındırlar. Çünki İran da özünün mavi yanacağının Avropaya satılmağında maraqlıdır. Təbii ki, Gürcüstan ola bilsin gələcəkdə məhz Azərbaycan vasitəsilə, yəni TANAP-dan bəhrələnərək Avropaya qaz satacaq. Ancaq indiki şəraitdə həm Avropa, həm də İran Ermənistan vasitəsilə Gürcüstana qaz satmaq fikrindədir ki, ən azından Ermənistanı iqtisadi cəhətdən ayaqda tuta bilsinlər. Ümumiyyətlə, Avropanın özündən də Ermənistana müəyyən tövsiyələr var ki, daha çox Rusiyaya deyil, Avropaya meyilli olsun. Avropadan Ermənistana verilən mesaj bundan ibarətdir ki, bu baxımdan İranla öz arasında yeni kommunikasiya xətlərinin çəkilməsinə cəhd etməli və bu yöndə Tehranı maraqlandırmalıdır. Həyata keçirilən projelər də təxminən bu yöndədir".

N.Miri qeyd edib ki, bundan başqa TANAP layihəsinin inşasının tezləşdirilməsi məsələsi Türkiyə və Azərbaycan arasında razılaşdırılıb: “Bundan əlavə, Yeni İpək Yolu layihəsinin həyata keçirilməsi üçün ortada çox ciddi siyasi qərarlar var. Azərbaycan Prezidentinin Çinə son səfərini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmiryolunun yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa nəzərə almaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında olan münaqişədən sonra bu gərginlik hələ də davam edərkən rəsmi Ankara enerjidaşıyıcalar nöqteyi-nəzərindən alternativlər axtarmağa başlayıb və Gürcüstandan da ucuz elektrik enerjisi almaq üçün Tiflislə müəyyən razılığa gəliblər. Bütün bu məsələlər kontekstində düşünürəm ki, Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü iqtisadi baxımdan çox əhəmiyyətli bir görüş olacaq”.

N.Miri qeyd edib ki, heç şübhəsiz, görüş zamanı indiki gərgin vəziyyətdə təhlükəsizlik məsələsi çox ciddi müzakirə predmeti olacaq: “Bu, bütün görüşlərdə müzakirə olunur. Düşünürəm ki, indiki zamanda da çox ciddi müzakirə obyektinə çevriləcək. Çünki Rusiyanın indiki ürəkaçan olmayan iqtisadi vəziyyətində şimal qonşumuzun bundan sonra ata biləcəyi addımları heç kim proqnozlaşdıra bilmir. Ona görə də Cənubi Qafqazda yerləşən Azərbaycan və Gürcüstan kimi ölkələrin Türkiyə kimi güclü ölkə ilə hərbi yöndə əməkdaşlığı zərurəti var. Buna görə də düşünürəm ki, bu məsələlər də ciddi müzakirə obyektinə çevriləcək”.

Müsahibimiz Azərbaycan, Gürcüstan, Türkiyə Xarici İşlər nazirləri formatına da münasibət bildirib. O qeyd edib ki, bu format regionda ən əhəmiyyətli əməkdaşlıq formatıdır: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın Qərbə yeganə pəncərəsi məhz Gürcüstandır. Azərbaycanın əsas enerjidaşıyıcılarının 80-90 faizi Türkiyəyə və Avropaya daşınır. Eyni zamanda, Türkiyənin Azərbaycanla birbaşa əlaqələri də, yəni həm quru, həm də dəniz vasitəsilə əlaqələri də bilavasitə Gürcüstan vasitəsilədir. Ona görə Gürcüstan elə bir dəhlizdir ki, belə bir formatın olması mənə elə gəlir ki, çox vacibdir. Çünki indiki şəraitdə coğrafi nöqteyi-nəzərdən Gürcüstan bir strateji ölkə anlamındadır. Bu üçlük formatı həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan çox əhəmiyyətli bir formatdır. Formata daxil olan ölkələrin xarici işlər nazirləri mütəmadi olaraq görüşür və strateji məsələləri müzakirə edirlər”.

Səxavət HƏMİD


Müəllif: