6 Yanvar 2016 15:41
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 2016-cı il üçün hədəfləri, planlaşdırdıqları iş və layihələr haqda sorğu keçirdik. Ana Vətən Partiyası (AVP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Aydınlar Partiyasından yeni ildəki fəaliyyət istiqamətləri, məqsədləri barədə soruşduq.

"Ölkəmizə qarşı xaricdən gələn hücumların qarşısında dayanacağıq"

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, rəhbəri olduğu partiyanın 2016-cı ildə başlıca məqsədi Milli Məclis səviyyəsində fəaliyyətini ciddi şəkildə qurmaq, siyasi proseslərdə fəal iştirak etməkdən ibarətdir. Onun sözlərinə görə, həmçinin ölkəmizə qarşı xaricdən gələn hücumların qarşısında dayanmaq, onların mahiyyətini açmaq və Azərbaycan cəmiyyətinə yaxşı olanı və qərəzi çatdırmaq, ictimai rəyin formalaşmasında fəal iştirak etmək niyyətindədirlər: " Təşkilatımızı gücləndirmək üçün rayon və şəhər təşkilatlarımızın fəaliyyətini aktivləşdirəcəyik, şəbəkəmizin bütün Azərbaycan miqyasında daha da genişləndirilməsinə nail olmaq istəyirik".

"Qurultayımızı keçirəcəyik"

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi, hazırda sədr funksiyasını yerinə yetirən Arzuxan Əlizadənin sözlərinə görə, partiyanın növbəti fəaliyyət istiqaməti ilə bağlı proqram layihəsi üzərində işlənilib: "Müzakirə zamanı Siyasi Şura üzvləri də öz təklifləri ilə çıxış edəcəklər. Partiya strukturlarının daha da güclənməsi, qəbul olunmuş yeni partiya üzvlərinin əlaqələrinin daha əhatəli formada genişlənməsi, ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı partiyanın mütəmadi iştirakı və siyasi proseslərə təsir imkanlarının artırılması üçün çalışacağıq".

O qeyd edib ki, AMİP-in beynəlxalq əlaqələrinin inkişafını da hədəfləyiblər: "Bunun üçü xüsusi proqramımız var. Beynəlxalq siyasi partiyalarla daim təmaslarımız olub, birgə səfərlər nəzərdə tutulub. Partiya rəhbərlərinin xaricə səfərləri gözlənilir. AMİP Avropa Xalq Partiyası ilə sıx əməkdaşlıq edir və prinsipial olaraq Avropa Parlamentində böyük fraksiya olan AXP-nin müşahidəçi üzvlüyünə qəbulla ilə bağlı məsələ razılaşdırılıb. Şübhəsiz ki, cari fəaliyyətimizə davam edəcəyik. Ölkədə baş verən hadisələrlə bağlı AMİP bu və ya digər münasibətini açıqlayacaq. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlıq edəcəyik, ola bilsin sazişlər imzalayacağıq".

A.Əlizadə bu il partiyanın qurultay keçiriləcəyini də istisna etməyib: "Partiyanın qarşısında növbəti qurultayın keçirilməsi ilə bağlı məsələ də dayanır. Hazırlıq işləri demək olar ki, yekunlaşıb. Bəzi təşkilati və logistik məsələlər var ki, onları yekunlaşdıracağıq. Partiya qurultayı sıradan olan tədbir deyil. Qurultayda partiyanın cari və gələcək fəaliyyət istiqaməti ilə bağlı məsələlər müzakirə ediləcək, ictimaiyyətə mesajlar veriləcək. Bir sıra həlli gözlənilən məsələlər nəzərdə tutulub ki, onlar üzərində işlənilir. Yaxın vaxtlarda qurultayın keçirilməsi ilə bağlı qərar olacaq".

"Cari fəaliyyətimiz əvvəlki templə davam edir"

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli rəhbəri olduğu partiyanın cari fəaliyyətini əvvəlki templə davam etdirəcəyini deyib: "Əsasən təşkilati məsələlərə üstünlük verəcəyik. Rayon təşkilatlarında hesabat yığıncaqlarını keçirəcəyik. Siyasi partiyaların funksiyalarından biri hökumətin fəaliyyətini izləmək və vaxtaşırı müəyyən məsələlərə münasibət bildirməkdir. Biz də bu işlə məşğul olacağıq. Keçmiş "Azadlıq-2015" blokunda təmsil olunan partiyalarla əməkdaşlıq mərkəzində fəaliyyətimizi davam etdirəcəyik. Həftədə bir dəfə yığışıb cari məsələləri müzakirə edirik, müəyyən məsələlərə münasibətimizi bildiririk".

O, başqa partiyalarla əməkdaşlıq barədə müzakirə aparılmayacağını əlavə edib: "Yəqin bizim partiyamız başqa birliklərdə təmsil olunmayacaq".

"Partiyamızı cavanlaşdıracağıq"

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, partiyanın əsas vəzifəsi təşkilatlanma və cavanlaşmadır: "Gəncləri partiyamıza cəlb etmək niyyətindəyik. Bu niyyətimizi başa vurduqdan sonra qurultayımızı keçirəcəyik".

Hazırda ASDP-də 3 mindən çox üzv olduğunu deyən A.Əlizadə öz postunu gənclərə verməyə hazır olduğunu söyləyib: "Mənim post itirmək problemim yoxdur. Elə niyyətimiz də partiyanı cavanlaşdırmaqdır".

O, hər hansı birlikdə təmsil olunmayacaqlarını söyləyib: "2005-ci ildə keçirilən qurultayımızda qərar vermişik ki, hər hansı birlik və ya blokda iştirak etməyəcəyik".

Nərgiz


Müəllif: