7 Yanvar 2016 11:34
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Qurultayımızı bu il keçirəcəyik”

Respublikaçı Alternativ Hərəkatı (ReAl) son iki ildə qurultayını keçirə bilməyib. Hərəkat rəhbərliyi öncə elan edirdi ki, qurultayı 2015-ci ilin mayında keçirəcək. Daha sonra bəyan olundu ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi səbəbindən qurultay avqustda baş tutacaq.

Lakin reallıq odur ki, bu hərəkat indiyə qədər öz ali tədbirini gerçəkləşdirə bilmir. Digər tərəfdən, müşahidələr göstərir ki, REAL-ın əsas simalarından olan Erkin Qədirli son zamanlar passiv fəaliyyət göstərir, bəziləri hətta onun siyasi fəaliyyətinə fasilə verdiyini bəyan edir. Bütün bu məsələlərə REAL-ın icraçı katibi Natiq Cəfərli aydınlıq gətirib.

N.Cəfərli deyib ki, REAL-ın təşkilatlanma işi davam edir. Onun sözlərinə görə, təşkilatlanma ilə bağlı müəyyən çətinliklərlə qarşılaşıblar: “İndi verdiyimiz qərar belədir ki, işimizi hədəflərə uyğun olaraq gündəlik qaydada aparaq və təşkilatlanma istiqamətində gedək. Bunun media və piar tərəfi işin ikinci hissəsidir. Bizim hədəfimiz 18 El Məclisinin formalaşmasıdır. Çalışırıq ki, qurultaya qədər bunu formalaşdıraq. İndiyə qədər 12 El Məclisini formalaşdıra bilmişik. Yaxın aylarda bu proses yekunlaşacaq və beləliklə də, qurultayın son hazırlıq işləri rəvanla davam edəcək. Bizdə uyğun zamanda və uyğun yerdə qurultayımızı keçirəcəyik. Hazırda tanıtım, yeni üzvlərin cəlb edilməsi istiqamətində işlərimiz davam edir. Bu, hər bir siyasi qüvvənin görəcəyi işdir. İşlərimiz başa çatanda ictimaiyyət üçün informasiyamız olacaq. Əslində, biz 2015-ci ildə qurultayla bağlı hazırlıq işlərini başa çatdırmışdıq. Yer problemi oldu. Qurultayımızı bu il keçirəcəyik”.

Natiq Cəfərli REAL İdarə Heyətinin üzvü Erkin Qədirlinin siyasi fəaliyyətinə fasilə verməsi, ümumiyyətlə, onun görünməməsi, REAL-dan getməsi barədə yayılan fikirlərə də aydınlıq gətirib: “Erkin Qədirli köhnə qrafikə uyğun olaraq ofisdə bizimlə bir yerdə olub. Sadəcə olaraq onun son zamanlar iki məsələsi var idi. Birincisi, bildiyim qədər, kitab yazırdı və onun tamamlanması üzərində çalışırdı. Bu, onun vaxtını alırdı. İkincisi, dekabrın 24-dən Erkin Qədirli Azərbaycanda deyil. Yeni il tətili ilə əlaqədar Bakıda olmayıb və hazırda da yoxdur. Yəqin ki, yaxın bir həftəyə şəhərə qayıdacaq. Bundan sonra adəti üzrə ofisdə çalışmalarımız davam edəcək. Yəni onun siyasi fəaliyyətini dayandırması haqda fikirlər yanlışdır. Əslində, onun son statusunu ideoloji xəttin davamı hesab etmək olar. İndi bir qədər dincəlib, yorğunluğunu çıxarıb. Onun son yazılarında hiss edilir ki, dincəlib. Birgə fəaliyyətimizə davam edəcəyik”.

REAL nümayəndəsi Müsavat Partiyası ilə müttəfiqlik məsələsinə də aydınlıq gətirib. Deyib ki, görüş və diskussiya təklifləri olduqda bunu məmnuniyyətlə qəbul edirlər: “Bu zaman biz fərq qoymuruq ki, təklifi müxalifət partiyası və ya hakimiyyətin siyasətini dəstəkləyən partiya edir. Belə təkliflər olanda qəbul edib müzakirələr aparırıq. Amma hər hansı bir təşkilatla birgə fəaliyyət göstərmək, hansısa platformada birləşmək niyyətimiz yoxdur. Çünki son illər ölkədə siyasi partiyaların birgə fəaliyyət göstərməsi effekt verməyib. Əksinə, sonradan dağılan birliklər zamanı ittihamlar irəli çıxıb. Konkret olaraq bizim Müsavatla müttəfiqliyimiz olmayıb. Sadəcə seçki zamanı REAL, NİDA və Müsavat birgə bəyanat imzalayıb. Niyyət elan edilib ki, seçkilər zamanı bir-birimizə maneə olmayacağıq. Həmçinin seçkilər günü birgə müşahidə sisteminin qurulması məsələsi var idi. Biz yalnız bu istiqamətlərdə müəyyən niyyət ifadə etmişdik. Lakin müqavilə imzalanmamışdı. İndi seçki bitdiyi üçün bu niyyət də bitmiş hesab olunmalıdır. Çünki nəzərdə tutulanlar seçki dönəminə aid idi. İndi hər hansı bir müttəfiqlikdən danışmaq doğru olmazdı”.

Cavidan


Müəllif: