7 Yanvar 2016 13:59
926

Hüseyn Paşayev: “İdarə Heyəti məsələyə münasibət bildirməlidir”

Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi namizədlərinə qarşı alternativ olan partiya üzvləri ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Onun sözlərinə görə, yekun qərar YAP İdarə Heyətinin münasibət bildirməsindən sonra olacaq.

YAP sözçüsü bildirib ki, hələ ki partiyanın İdarə Heyəti bu məsələni müzakirə etməyib: “Həmin üzvlər haqqında son qərar qeydiyyatda olduqları rayon təşkilatları tərəfindən veriləcək, ancaq rayon təşkilatlarından əvvəl partiyanın İdarə Heyəti məsələyə münasibət bildirməlidir. Həmin şəxslərin partiya sıralarında qalıb-qalmaması yerli təşkilatların səlahiyyətində olan məsələdir”.

50 nəfər namizədliyini geri götürmüşdü

Qeyd edək ki, bir müddət öncə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirmişdi ki, seçkilərdə partiya qərarından kənar iştirak edən üzvlərin sayı 53 nəfər olub: “Lakin onların 50-si öz namizədliyini geri götürmüşdü, 3 nəfərlə bağlı isə müvafiq rayon təşkilatlarına tapşırıq veriləcək. Bu şəxslər YAP-ın rəsmi namizədlərinə alternativ idilər. Onlarla aparılan söhbətlər nəticəsində, partiya nizamnaməsinin tələbi xatırlanandan və gördüyü işlər danışılandan sonra onların böyük əksəriyyəti - 50 nəfər namizədliyini geri götürdü. Təbii ki, hər kəsin namizədliyini irəli sürmək hüququ konstitusion hüquqdur, lakin başa düşdülər ki, atdıqları addım düzgün deyil və partiyadan heç bir dəstək ala bilməyəcəklər. 50 nəfər namizədliyini geri götürsə də, 3 nəfər axıradək bu proseslərdə iştirak elədi. Onlarla bağlı seçkinin yekunu ilə əlaqədar YAP İdarə Heyətinin toplantısı keçiriləcək və bu məsələlər orada müzakirə olunacaq. İdarə Heyəti hansı qərarı qəbul edəcəksə, o qərar da təsdiq ediləcək”.

Kimlər sonadək mübarizə apardı?

YAP-ın sözçüsü Hüseyn Paşayev sonadək seçki marafonunda iştirak edən 3 YAP-çının kimliyini qəzetimizə açıqlayıb. Onun sözlərinə görə, bu şəxslər Elza Qasımova (Seyidcahan), digəri şairə, vaxtilə deputat olmuş, Minayə Əliyeva və “Azərsutəchizat tikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilovdur.

H.Paşayev xatırladıb ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP-ın rəsmi olaraq irəli sürdüyü namizəd Leyla Abdullayeva sonra namizədliyini geri götürdü: “Partiya üzvü Mirzəcan Xəlilovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsə də o, sonadək həmin dairədə seçki marafonunda qaldı və qalib gəldi”.

Sonadək seçki marafonunda mübarizə aparan daha bir YAP-çı Azərbaycan Yazıçılar Birliyinin üzvü Minayə Əliyeva olub. O, 62 saylı Saatlı seçki dairəsindən namizədliyini verib və hakim partiyanın rəsmi namizədi Nazim Rəşidova alternativlik edib. Bu dairədə isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deputat seçilib.

YAP mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Əməkdar artist Elza Qasımova isə 54 saylı Şabran-Siyəzən seçki dairəsində YAP-ın rəsmi namizədi Tahir Süleymanova alternativ olub. E.Qasımova namizədliyini geri götürməyib və sonadək seçkidə iştirak edib. Bu dairədə T.Süleymanov qalib gəlib.

Hüseyn Paşayev həmçinin hakim partiyanın 2016-cı il üçün hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 2016-cı ildə ilk iclası keçiriləcək: “İclasda yeni ildə partiyanın həyata keçirəcəyi tədbirlər, qarşıda duran tədbirlər, konkret hədəflər müəyyənləşdiriləcək, vəzifələr və qərarlar qəbul ediləcək. Müəyyənləşdirilən qərarlar istiqamətində də fəaliyyətimizi həyata keçirəcəyik”.

O qeyd edib ki, İdarə Heyətinin iclası yanvarın 3-cü ongünlüyündə keçiriləcək: “Ənənəvi olaraq iclasda yola saldığımız ilin yekunlarına qiymət veriləcək, partiyanın maliyyə xərcləri, gəlirləri ilə bağlı cəmiyyətə hesabat təqdim olunacaq, cari ilin tədbirlər planı təsdiq ediləcək. 2016-cı il seçki ili olmadığına görə, YAP sırf daxili həyatı ilə yaşayacaq, ölkənin ictimai-siyasi həyatına uyğun, təqvimdə mühüm hadisələrlə bağlı tədbirlər keçirəcək. Ən başlıca istiqamət isə seçki ili olmamasına baxmayaraq bu il 2018-ci il prezident seçkilərinə hazırlıq işlərinə başlamış olacağıq”.

H.Paşayev YAP üzvlərinin sayının artacağı ehtimalına da toxunub: “Üzvlərin sayının azaldılması və rəqəmlərin maksimuma çatması ilə bağlı bu günə qədər heç bir hədəfimiz olmayıb. Arzulayırıq ki, YAP-ın sıraları gündən-günə genişlənsin, partiya üzvlərinin sayı daha da çoxalsın. Bunu, əlbəttə, Azərbaycan vətəndaşlarının YAP-a, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətinin göstəricisi kimi də qəbul etmək olar. Biz bir tərəfdən bunu qarşımıza məqsəd qoymamışıq. Ancaq ölkə vətəndaşlarının Azərbaycan reallıqlarını görərək dövlət başçısının rəhbərliyi altında həyata keçirilən böyük islahatları dəstəkləməsi və partiya sıralarına qoşulma tempi daha da genişlənir”.

NƏRGİZ


Müəllif: