7 Yanvar 2016 14:19
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 2-də Səudiyyə Ərəbistanında şiələrin lideri şeyx Nimr ən-Nimrin edam edilməsi bölgədə yeni münaqişə ocağının yaranmasına təkan verdi. İran və Səudiyyə Ərəbistanı arasında getdikcə dərinləşən qarşıdurmanın miqyası hər gün genişlənir. Qarşıdurmanın əsas tərəfləri İran və Səudiyyə Ərəbistanı qarşılıqlı addımlar atmaqda davam edirlər.

Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun yandırılmasından sonra Səudiyyə İran diplomatlarını ölkədən çıxardı, iqtisadi və siyasi əlaqələrin kəsilməsi barədə qərar verdi, aviareyslərin dayandırıldığı bəyan edildi. BMT Təhlükəsizlik Şurası hər iki tərəfi regionda gərginliyi azaltmaq üçün addımlar atmağa və dialoqu dəstəkləməyə çağırıb. ABŞ da öz növbəsində məsələ ilə bağlı narahatlığını bildirib. Almaniya və Rusiya iki ölkə arasında yaranan gərginliyin aradan qalxması üçün vasitəçi olmağa razılıqlarını ifadə ediblər.

Yaxın Şərqdəki yeni gərgin siyasi stiuasiyanı şərh edən politoloq Fikrət Sadıxov Teleqraf.com-a bildirib ki, Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər kifayət qədər gərgindir və gərginliyin yaxın vaxtlarda aradan qalxacağını söyləmək çətindir: "İki ölkə arasında uçurumun dərinləşməsi, əslində Yaxın Şərqdəki geosiyasi proseslərin məntiqi nəticəsidir. Səudiyyə Ərəbistanı Qərb koalisiyasının üzvüdür, İran isə Rusiya ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparır. Ölkələrdən biri İslamın sünni, digəri şiə məzhəbinə xidmət edir. Uçurumun dərinləşməsində məzhəb fərqliliyi xüsusi önəm daşıyır. Siyasi anlaşılmazılığın dini münaqişəyə çevrilməsi daha təhlükəlidir. Hesab edirəm ki, Ərəb Dövlətləri Liqası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu İslam təşkilatları, ölkələri, siyasi və dini xadimləri məsələyə müdaxilə edib, tərəfləri sülhə dəvət etməlidir. Aydın məsələdir ki, yaxın perspektivdə sülh əldə olunmayacaq, amma münaqişənin dərinləşməsinin qarşısını almaq olar".

F.Sadıxov müsəlman dünyasında İranla münasibətləri dayandıran, rəsmi Tehranın addımlarını pisləyənlərin sayının getdikcə artmasına da münasibət bildirdi: "Səudiyyə Ərəbistanı ilə yanaşı, Küveyt, Qətər, Sudan, Bəhreyn, Cibuti, İordan kimi ərəb ölkələri İrana qarşı çıxıblar. Türkiyə də bu məsələdə Səudiyyə Ərəbistanının yanında olduğunu bəyan etdi. Çünki Türkiyə Səudiyyə Ərəbistanı kimi Qərbyönümlü ölkədir və iki ölkə arasında yaxşı münasibətlər var. Səudiyyə Ərəbistanı-İran münaqişəsində, əlbəttə ki, Türkiyə birincini dəstəkləyəcək. Çünki İran Rusiyanın müttəfiqidir. Rusiya-Türkiyə münasibətləri göz qabağındadır. Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı və İran arasında münaqişəni pisləyib və tərəfləri barışığa çağırıb. Hətta vasitəçilik təşəbbüsünü irəli sürüb. Bütün hallarda Ankaranın Ər-Riyadın yanında olması məntiqli və düzgündür".

Politoloq Səudiyyə Ərəbistanı-İran münasibətləri fonunda Azərbaycanın mövqeyinə də toxundu: "Mənə elə gəlir ki, Rəsmi Bakı iki ölkə arasındakı münaqişədə tərəf tutmamalıdır. Biz bu cür münaqişələrdən uzaq olmalıyıq. Azərbaycanda şiələrin sayı çox olsa da, unutmamalıyıq ki, biz Səudiyyə Ərəbistanı, İran kimi dini dövlət deyilik. Biz regionda yeni münaqişələrin olmasında maraqlı deyilik, eyni zamanda mövcud münaqişələrdə də tərəf tutmuruq. Özümüzün kifayət qədər problemimiz var və onların həllilə məşğul olmalıyıq".

Ruslan


Müəllif: