8 Yanvar 2016 11:49
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yanvarın 25-29-da Avropa Şurasının Strasburqda keçiriləcək qış sessiyasına ciddi hazırlaşır. Bu barədə AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zoqrabyan deyib.

Qeyd edək ki, sessiyada Britaniyadan olan deputat Robert Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər”
hesabatları müzakirə ediləcək. Hər iki hesabat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti ifşa edir. Gözləntilərə görə, Ermənistan nümayəndə heyəti səsvermə hüququnu belə itirə bilər. Qətnamə layihəsində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması əsas tələb olaraq irəli sürülür. Qətnamə layihəsinin müzakirəsindən sonra AŞPA-dakı Ermənistan nümayəndə heyətinə sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulur.

Məhz bu qətnamələrdən sonra İrəvanda ciddi təşviş yaşanmışdı. Hətta nümayəndə heyətinin tərkibini dəyişmək haqda da təkliflər irəli sürülmüşdü.

“Bu qətnamələr bizi narahat edir”

Nümayəndə heyətinin üzvü N.Zoqrabyanın açıqlaması isə Ermənistanda “AŞPA təşvişi”nin hələ də keçmədiyini göstərir.

“Bu qətnamələr bizi narahat edir. Lakin bütün məsuliyyətimlə deyə bilərəm ki, bayram günlərindən başlayaraq bizim nümayəndə heyətimiz, həmçinin, Avropa Şurasına daxil olan ölkələrdəki nümayəndələrimiz qətnamələrə qarşı ciddi iş aparıb. Hamımız bu istiqamətdə işləyirik. Yanvarın 25-nə qədər bu şəkildə işimizi davam etdirəcəyik”, - deyə o bildirib.

Lakin erməni deputat etiraf edib ki, qətnamələri gündəlikdən çıxarmaq asan məsələ deyil: “Düzünü desək, bu qətnamələri gündəlikdən çıxara biləcəyimiz haqda optimist fikrə sahib deyilik. AŞPA-dakı hazırkı vəziyyətimiz və mövcud atmosfer bizə optimist olmağa imkan vermir. Hesab edirəm ki, biz taktikamızı dəyişməliyik”.

Erməni mediasının yazdığına görə, yanvarın 8-dən başlayaraq, erməni nümayəndələr AŞPA-ya daxil olan ölkələrə ezam olunacaq və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar.

Lakin N.Zoqrabyan bu haqda danışmaq istəmədiyini bildirib.

“Bu haqda hələlik danışmaq istəmirəm. Lakin bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir”, - deyə o bildirib.

Yada salaq ki, Böyük Britaniyadan olan deputat Robert Uolter Azərbaycana səfəri zamanı Azərbaycan nümayəndə heyəti ilə söhbətində bildirmişdi ki, AŞPA-da Dağlıq Qarabağ məsələsi üzrə məruzənin hazırlanması və bu işin ona tapşırılması Ermənistan nümayəndə heyəti tərəfindən böyük etirazla qarşılanıb.

O, ciddi-cəhdlərdən sonra buna nail ola bildiyini və məruzənin hazırlanmasında ədalətin, humanizmin əsas fəaliyyət prinsipləri olacağını bəyan edib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan R.Uolter bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.

Ermənistan tərəfi bu məruzənin ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmasını istəyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun fikrincə, sözügedən qətnamə ermənilərin beynəlxalq qərarlara riayət etməkdən imtinasını ifşa edəcək: “Məhz bu səbəbdən ermənilər bu məruzə ilə bağlı belə tərəddüd içərisindədir. Onlar yaxşı bilir ki, işğal Qorbaçovun rəhbərliyi altında baş verib və o zaman bu işğal bütün qlobal qüvvələr tərəfindən qeyd-şərtsiz təsdiqlənib. Onlar son 20 ildə təcavüzkar adlandırılmamağa nail olublar və indi belə bir məruzədən sonra bunun dəyişəcəyindən açıq-aşkar qorxurlar. Onlar bu andan etibarən beynəlxalq hüquqi sənəddə təcavüzkar adlandırılmaqdan dəhşətə gəlirlər”.

Onun sözlərinə görə, təxminən on illik sükutdan sonra işğal edilmiş ərazilərlə bağlı davam etməkdə olan ədalətsizliyə yenidən beynəlxalq siyasi diqqətin yönəldilməsinə nail olmaq həqiqi tarixi qələbədir: “Bu o demək deyildir ki, işğal olunmuş ərazilər indi və ya yaxın gələcəkdə azad ediləcək, biz realist olmalıyıq. Lakin bu, əlbəttə, Avropada və dünyanın istənilən hissəsində məlumatlılığı artıracaq ki, ermənilər qonşu dövlət Azərbaycanın beşdə-bir hissəsini qanunsuz işğal altında saxlayır və onların etnik təmizləmə siyasəti bir milyon insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Məruzə Qərb dünyasının gözünü açacaq və onlar ermənilərin hər zaman irəli sürdüyü dini arqumentlərin rəğbət və dəstək qazanmaq və qonşusunun ərazisini qanunsuz işğal etdiyini ört-basdır etmək üçün saxta bəhanə olduğunu görəcəklər. Din hər bir fərdin şəxsi fəaliyyət qabiliyyətidir və cinayət əməlini ört-basdır etmək üçün sui-istifadə edilə bilməz”.

Nümayəndə heyətimizin digər üzvü Rafael Hüseynov xatırladıb ki, ermənilər qətnamə ilə bağlı britaniyalı deputata ciddi təzyiq edib: “Qətnaməyə qarşı Ermənistan və ona havadar olan qüvvələr tərəfindən təzyiqlərə baxmayaraq o təzyiqlərin heç biri keçmədi. Uolter məruzəsinin ən vacib məqamlarını qoruyub saxlaya bildi. Təzyiqlər həddindən artıq güclü idi, Ermənistan tərəfi və onu dəstəkləyən qüvvələr çalışırdılar ki, məruzəni yumşaltsınlar, Ermənistanın işğalçı olması ilə bağlı maddələr oradan çıxarılsın və nəticə etibarilə ”dişsiz" bir qətnamə layihəsi ortada olsun. Lakin Uolter çox mətin siyasətçi olaraq sonadək dayandı və mübarizələrə sinə gərdi. Düşünürəm ki, həmin qətnamə Ermənistanın bütövlükdə bir ölkə və siyasət içərisində olan amil kimi gələcək taleyi, eləcə də Avropa Şurasındakı fəaliyyəti ilə bağlı çox ciddi rol oynayacaq".

Azərbaycan nümayəndə heyətinin üzvünün fikrincə, Ermənistanın Avropa Şurasında bu qurumun nizamnaməsini yerinə yetirməyən, intizamsız dövlət olması ilə bağlı qənaət artıq çoxdan formalaşıb: “Bu, təbii ki, bizim apardığımız sistemli işin nəticəsidir. Lakin hazırda bu qətnamə indiyə qədər görülmüş işlərin müəyyən mənada yekunudur və birbaşa olaraq bir daha Ermənistanın işğalçı olduğunu bəyan edir, Ermənistandan işğal etdiyi əraziləri tərk etməyi tələb edir. Güman edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvləri də məruzənin müzakirələrində çıxış edəcəklər. Biz maraqlıyıq ki, digər ölkələrdən olan deputatlar həmin müzakirələrə qatılsın və fikirlərini bölüşsünlər. Aldığımız ilkin informasiyaya görə məruzə ətrafında müzakirələrə qatılmaq üçün xeyli deputat müraciət edib”.

NƏRGİZ


Müəllif: