8 Yanvar 2016 14:55
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Qarabağ” Blokunun fəaliyyətinə son verdikdən sonra atacağı addımlar barədə danışıb.

Partiya sədri deyib ki, hazırda dünyada iqtisadi böhran müşahidə olunur və onun Azərbaycana da təsirləri istər-istəməz hiss edilir. Onun sözlərinə görə, böhran proqnozlaşdırılan bir proses deyil: “Ona görə də siyasi partiyalardan kimsə desə ki, biz plan qurmuşuq, bu istiqamətdə fəaliyyətimiz olacaq, müttəfiqlik edəcəyik, buna inanmayın. Odur ki, ADP olaraq biz daha çox gündəmə uyğun siyasət aparmağa üstünlük verəcəyik, uzağa gedən siyasi fəaliyyət haqqında düşüncəmiz yoxdur”.

S.Cəlaloğlu qeyd edib ki, siyasi mövqeyindən asılı olmayaraq indi Azərbaycanda bütün siyasi partiyaların birgə olması lazımdır: “Ancaq hələlik belə meyillər olmadığı üçün göstərilən təşəbbüslər də uğursuz olur. Biz hər hansı təşəbbüslə çıxış etsək, bu bir o qədər də uğurlu alınmayacaq. Son aylar bizim xüsusi təşəbbüsümüz olmayıb, konkret təkliflə çıxış edib partiyaları bir araya gətirmək haqqında düşüncəmiz yaranmayıb. Lakin bir müddət əvvəl gənclər müxalifət qüvvələrinin bir araya gəlməsi, hərəkat yaratması təşəbbüsünü irəli sürmüşdülər. Eləcə də, Xalq Partiyasının sədri Pənah Hüseyn də bir müddət əvvəl təşəbbüslə çıxış etmişdi. Mən özüm o proseslərə meyil edirəm ki, onlar ağlabatan olsun. Bu təşəbbüslər ağlıma batmadığı üçün ona meyl etmədik. Hərəkat yaratmaq ideyası əslində ciddi deyil. Çünki hərəkatı yuxarıdan aşağıya doğru yaratmırlar. Həm də bu nizamlı bir proses deyil və indiki situasiya üçün də, adekvat deyil”.

“Pənah Hüseynin təklifi niyə ağlabatan olmadı” sualına gəldikdə ADP sədri deyib ki, ideyalar cəmiyyətdə o zaman tərəfdar toplaya bilər ki, tələb və təklif bir-birinə adekvat olsun: “Bazara o zaman malı çıxarıb sata bilərsiniz ki, bu malı almaq istəyənlər olsun. Yəni tələblə təklif arasında uyğunluq yaransın. Bir halda ki, malı alan yoxdursa, siz onu necə sata bilərsiniz? İdeyalar da bu cürdür. Əgər bir ideyanı alan yoxdursa, ona müsbət yanaşılmırsa, bu ideya nə qədər pozitiv olsa belə, heç kəs qəbul etməyəcək. İnsanlar niyə bu ideyanı almırlar? Hər kəsin ağlı var və baxıb görürlər ki, bu ideya reallıqlara cavab vermir. Odur ki, bu və ya digər şəkildə bundan imtina edirlər. Beləcə, ideya özünə dəstək qazanmır. Odur ki, ideyanı irəli sürən zaman cəmiyyətin daxil olduğu mərhələni nəzərə almaq lazımdır. Əks halda uğursuzluq qaçılmazdır”.

Sərdar Cəlaloğlu siyasi qüvvələrin iştirakı ilə Qafqaz Evinin yaradılması təşəbbüsünün də artıq dəstək qazanmadığını dilə gətirib: “Təxminən bir il əvvəl Gürcüstanda fəaliyyət göstərən siyasi partiyalardan biri təşəbbüslə çıxış etdi, təklif olundu ki, Azərbaycan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərən demokrat partiyalarının iştirakı ilə Qafqaz Evi yaradılsın. Biz ADP olaraq bu təklifə müsbət cavab verdik. Lakin sonradan bunun davamı gəlmədi, ideya olaraq qaldı. Təbii ki, hər şey təşəbbüskarlıqdan asılıdır. Bundan sonra təşəbbüskarların neyləyəcəyini gələcək göstərəcək. Burada söhbət Qafqazda fəaliyyət göstərən siyasi qüvvələrin birliyindən gedirdi. Hələlik bu məsələ baş tutmadı, ortada bir şey yoxdur”.

Cavidan


Müəllif: