8 Yanvar 2016 18:25
564

Mirhəsən Seyidov: “Türkiyə hökuməti ciddi və israrlı addımlar atmalıdır”

Roma Papası I Fransisk bu il aprelin 24-də qondarma “erməni soyqırımı”nın 101-ci ili münasibətilə Ermənistana səfər edəcək. Bu barədə Vatikan və Ermənistan rəsmiləri yekun razılıq əldə ediblər. Roma papasının Eçmiədzini ziyarət edəcəyi və dini ayin icra etməsi də səfər planına daxildir.

Xatırladaq ki, 2015-ci ilin 24 aprelində Roma Papası Vatikanın Müqəddəs Pyotr kilsəsində “erməni soyqımı”nın yüz illiyi ilə bağlı dini ayin icra etmişdi. Həmin ayində Ermənistan prezidenti Serj Sərksiyan və dünyanın əsas katolik ruhaniləri də iştirak etmişdi.

Məsələyə münasibət bildirən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib ki, Roma Papası I Fransisk beynəlxalq siyasi arenada, ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələrə görə aktivlik dərəcəsi ilə seçilir: “Yaxın keçmişdə Belarusdakı hadisələrdə müsbət rol oynaması, Belarusla Qərb arasındakı gərginliyin azaldılması istiqamətində fəaliyyətə başlaması, eyni zamanda Yaxın Şərqdə xristianların vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Türkiyə səfərində atdığı addımlar hər kəsə bəllidir.

Yaxşı bir təcrübə idi ki, Roma Papası Ermənistan hökumətinin Türkiyəyə getməmək təkliflərini nəzərə almamışdı. Eyni zamanda “erməni soyqırımı”nın yüz illiyində Ermənistanda keçirilən tədbirdə iştirakdan imtina etmişdi. Amma bununla yanaşı, Ermənistan – Türkiyə sərhədlərinin açılmasında da Roma Papası I Fransiskinin xüsusi istəyi var idi”.

M.Seyidovun sözlərinə görə, 2015-ci ilin 24 aprelində Roma Papasının Müqəddəs Pyotr kilsəsində xüsusi dini ayini icra etməsi onun Yaxın Şərqdə xüsusi maraqlarının olduğuna dəlalət edə bilər: “Roma Papasının dua mərasimində etdiyi çıxışında “erməni soyqırımı”nı unutmamağa səsləməsi bu qondarma soyqırımın olub-olmamasını sual altında saxlamadan təsdiqləməsi idi.

İndi isə Roma Papası xüsusi aktivlik nümayiş etdirərək “erməni soyqırımı” günü İrəvanda olarsa, bu, Türkiyədə yaşayan ermənilər üçün də ciddi fəsadlar törədəcək. “Erməni soyqırımı”nın tanınması istiqamətində arxivlərin açılmasını dəfələrlə tələb edən Türkiyə hökuməti ciddi və israrlı addımlar atmağa nail olmalıdır”. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, qondarma “erməni soyqırımı” məsələsinin istər Roma Papası, istərsə də bir sıra Avropa dövlətlərin tərəfindən hər il bir az da qabardılması Türkiyəyə qarşı tarixi düşmənçilikdən irəli gəlir: “Çünki onlar özləri də yaxşı bilirlər ki, Türkiyə heç zaman ermənilərə qarşı soyqırımı törətməyib. Sadəcə, bir sıra Avropa ölkələri uduzduqları Çanaqqala savaşının qisasını bu cür almaq istəyirlər.

ABŞ və Avropa ölkələri Roma Papasına çox hörmətlə yanaşırlar və Papa çox zaman özünü dürüst bir din xadimi kimi təqdim edir. Amma biz öz faciələrimiz nöqteyi-nəzərindən baxdıqda görərik ki, həm indiki və həm də ondan əvvəlki Roma Papalarının ədalətli yanaşması yoxdur. Əvvəla, ona görə ki, tarixdə heç bir zaman olmayan soyqırıma görə Türkiyəyə təzyiq göstərirlər. Digər tərəfdən informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda və dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımı ilə bağlı Roma Papasının doğru-dürüst bir çıxışını eşitməmişik. Əgər ədalətli insandırsa, Azərbaycan həqiqətləri ilə bağlı fikrini bildirsin və ölkəmizə səfər edib baş verənləri öz gözləri ilə görsün.

Türkiyə dövləti dəfələrlə bəyan edib ki, bu qondarma soyqırımı məsələsində həqiqətin ortaya çıxması üçün arxivləri açmağa hazırdır. Lakin Ermənistan heç zaman öz arxivlərini açmaqda maraqlı deyil və bu, heç vaxt da olmayacaq. Çünki ermənilər bilir ki, o arxivlər açılarsa, tarixdə belə bir soyqırımın olmadığı üzə çıxacaq. Əslində, heç Avropa ölkələri də razı deyil ki, bu arxivlər açılsın. Ona görə ki, həqiqət bəlli olduqdan sonra onların Türkiyəyə qarşı təzyiq vasitələri olmayacaq. Bir daha qeyd edim ki, qondarma erməni soyqırımı bir siyasi alətdir ki, bundan Türkiyəyə qarşı istifadə edirlər. Bu vəziyyət Ermənistana da sərf edir”.

V.Qədirov Roma Papasının “soyqırımı” günü Ermənistana gələrək dini ayin icra etməsini Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına bəraət verilməsi kimi qəbul etdiyini deyib: “Bu, Roma Papası tərəfindən heç bir ədalətə, beynəlxalq qanunlara sığmayan bir hərəkətdir. Çox təəssüf ki, papanın bu addımında bir xristian təəssübkeşliyi var. Roma Papasının I Fransiskin Ermənistana edəcək səfərini Türkiyəyə, o cümlədən Azərbaycana qarşı bir addım hesab edirik”.

BƏXTİYAR


Müəllif: