12 Yanvar 2016 15:31
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş və İnkişaf Partiyası 2016-cı ili təşkilatlanma ili elan edəcək”.

Bu fikirləri partiya sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, siyasi dövrün və şəraitin özəllikləri nəzərə alınaraq partiya bu ili təşkilatlanma ili elan etməlidir: “Bu, əlbəttə ki, mənim fikrimdir. Builki ilk iclasımızda məsələyə baxılacaq və müvafiq qərar qəbul olunacaq. Cari il siyasi baxımdan 10 ilin ən dinamik ili olmalıdır. Hadisələrin proqnozlaşdırılan miqyası, ehtimal olunan hadisələr partiyaları müsəlləh olmağa sövq edir. Bu səbəbdən bütün təşkilatlar strukturlaşmalı, cəmiyyətdən gələcək impulslara hazır olmalıdır. Qənaətimə görə, əksər hallarda, bizim struktur və imkanlarımız cəmiyyətdə baş verənlərə adekvat olmur. Düşünürəm ki, qərar qəbul edilsə, bütün potensial təşkilatlanmaya, əhali ilə kommunikasiyaya yönəlməlidir. Partiyaya üzv qəbulu intensivləşməli, rayon və şəhər təşkilatları gücləndirilməli, dairə təşkilatları, özəklər hərəkətə gətirilməlidir”.

O, VİP-in ölkə üzrə təqribən 3000-dən çox üzvü olduğunu dilə gətirib: “Hesab edirəm ki, bu, yetərli deyil”.

Yeni birlik və blokların yaranma ehtimalına toxunan VİP sədri deyib: “Birlik istiqamətində müəyyən planlarımız var. Siyasi Şuramızda bu məsələyə də baxılacaq. Əgər məqbul sayılsa, cəmiyyət addımlarımızın şahidi olacaq. Bizə görə, təmərküzləşmənin alternativi mövcud deyil”.


O, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Azərbaycan Naminə Həmrəylik” hərəkatı ideyasının aktual olmadığı barədə səslənən fikirlərə də şərh verib: “Pənah Hüseynin parlament seçkilərindən sonra elan etdiyi ideya hələ də aktualdır. Fikrimcə, situasiya siyasi reallıqları diktə edir. Siyasi və sosial reallıqlar müxalifətin daha düzgün qərarlar qəbul edəcəyi inamını artırır. Hamı daxil olduğumuz böhran dövrünün məsuliyyətini anlamalıdır. Ona görə də şəxsi hissləri kənara buraxıb, konsolidasiya yollarını aramaq lazımdır”.

Nərgiz


Müəllif: