12 Yanvar 2016 19:52
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası və iclas zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkə gündəminin əsas mövzularından biri olaraq qalmaqdadır. Prezident İlham Əliyevin iclasda həm giriş, həm də yekun nitqində ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı bütün məsələlərə münasibətini açıqlayıb. Habelə, regionda baş verən hadisələrə münasibət bildirib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin nitqi ölkə vətəndaşları üçün yol xəritəsi oldu.

Azərbaycan iqtisadiyyatı 2015-ci ildə də uğurlu inkişafını davam etdirib

Prezident giriş nitqində qeyd edib ki, 2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb: “Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.

Dövlət başçısı bildirib ki, keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: “Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.

Qeyri-neft sektorunun inkişafı prioritet olacaq

Ölkə Prezidenti yekun nitqində də iqtisadi məsələlərə toxunub. Bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Prezident qeyd edib ki, ümumi daxili məhsulun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır, neftdən asılılıq azalır. Bu asılılıq minimum səviyyəsinə endirilməlidir: “Çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusi ilə qeyri-neft sektoruna – o sahələrə ki, onların inkişafı ixrac Azərbaycanın potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq”.

İstehlak qiymətlərinə ciddi nəzarət olmalıdır

Prezident istehlak qiymətlərinə də dair fikirlərini də bölüşüb. Bildirib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir: “İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər”. Dövlət başçısı bildirib ki, Azərbaycan ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıdır: “Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

2016-cı il – Azərbaycanda “Multikulturalizm ili”

Çıxışının sonunda dövlət başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini vurğulayıb: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bu bizim böyük sərvətimizdir. Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Azərbaycan bundan sonra da çalışacaq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində həll olunsun, regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır”. Bütün bunları nəzərə alaraq Prezident 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.

“Manatın devalvasiyası qaçılmaz idi”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov müşavirəni və müşavirədə dövlət başçısının səsləndirdiyi fikirləri müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Prezidentin səsləndirdiyi fikirlər, qaldırdığı məsələlərin hamısı aktualdır. Onun sözlərinə görə, 2015-ci il dünyada iqtisadi baxımdan hər nə qədər ağır il olsa da, Azərbaycanda ümumi daxili məhsulda 1, kənd təsərrüfatında 6, qeyri-neft sənayesində 8,4 faizlik artım qeydə alınıb: “Bütün bunlar müsbət hallardır. Amma 2015-ci ildə problemlər oldu. Çünki neftin qiyməti dünya bazarında kəskin şəkildə aşağı düşdü. Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın milli valyutasına da öz təsirini göstərdi. Manat iki dəfə – bir dəfə 34, ikinci dəfə 48 faiz devalvasiyaya uğradı. Manatın devalvasiyası da maliyyə nazirinin qeyd etdiyi kimi qaçılmaz idi. Bunun səbəbi də Azərbaycandan kənarda yaranıb. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalvasiyaya uğrayıb. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi sırf iqtisadi amillərlə bağlı deyil, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb. Bütün bunlar hamısı Azərbaycan əhalisinə öz mənfi təsirini göstərdi. Cənab Prezident İlham Əliyev bütün bu məsələlərin hamısına müşavirədə münasibət bildirdi. Prezident üzləşdiyimiz çətinlikləri sadaladı, hökumətin görəcəyi işləri açıqladı. Xüsusi olaraq qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı üçün təkliflər hazırlanır. Prezidentin də qeyd etdiyi kimi yerli icra hakimiyyəti orqanları başçıları daha fəal olmalı, daha çox iş yerləri açılmalı, xüsusi sənaye zonalarının yaradılması barədə göstərişlər verdi”.

V.Əhmədov qeyd edib ki, büdcənin xərc hissəsi, ümumiyyətlə xərcləmədə müəyyən qənaət rejiminə əməl edilməsi ilə dövlət başçısı tapşırıqlar verib: “Ümumiyyətlə, qaldırılan məsələlər çox idi. Ən ciddi məsələlərdən biri kimi Prezident bank sistemində təmərküzləşmə prosesini, yəni bankların birləşməsi məsələsini ortaya qoydu ki, bu da həyata keçiriləcək iqtisadi islahatlardan biridir. Bank islahatları aparılmalıdır. Dövlət başçısı demək olar, bütün məsələlərə münasibət bildirdi. O cümlədən qeyd etdi ki, 2016-cı ildə pensiya və əmək haqlarının, sosial müavinətlərin qaldırılması nəzərdə tutulmalıdır. Dövlət büdcəsinə düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Prezident bildirdi ki, orada sosial təminat və investisiya məsələləri öz həllini tapmalıdır.

“Prezidentin inamlı çıxışı xalqın rahat həyat şəraitinin davam etdirilməsinə ciddi təkan oldu”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev isə Prezident İlham Əliyevin sədrliyi ilə məlum müşavirənin keçirilməsini ölkənin sosial-iqtisadi həyatı üçün çox önəmli hesab etdiyini bildirib. M.Quliyev qeyd edib ki, burada təkcə 2015-ci ildə görülən işlərə yekun vurulmadı, həm də 2016-cı ildə qarşıda duran vəzifələr, xüsusilə dünya maliyyə-iqtisadi, hərbi-siyasi böhran, neftin qiymətinin aşağı düşməsi, dünyada iqtisadi-sosial gərginliyin olduğu dövrdə Azərbaycanın yeni hədəfləri müəyyənləşib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin iclasdakı inamlı çıxışı, hadisələrə soyuqqanlı qiymət verməsi, Azərbaycan hökumətinin görəcəyi işləri açıqlaması son günlər manatın devalvasiyası ilə bağlı yaranmaqda olan ajiotajın aradan qaldırılmasına, xalqın rahat həyat şəraitinin davam etdirilməsinə ciddi bir təkan oldu: “Manatın devalvasiyası ilə bağlı əsassız ajiotaj yaranmaqda idi. Bunu da ən çox KİV və səriştəsiz ekspertlər yaradırlar. Ölkə başçısının iclasdakı çıxışı bütün bu ajiotaja son qoydu. Manatın devalvasiyası birbaşa Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələ deyil. Bu, dünyadakı iqtisadi proseslərin, bu proseslərə təsir edəcək siyasi və hərbi vəziyyətin təsirindən doğan məsələdir. Amerikanın özündə dollar qalxırsa, başqa dövlətlərdə onun qalxması tamamilə təbiidir. Bu, əsas iqtisadiyyatı neft üzərində qurulan dövlətlərdə daha kəskin şəkildə öz təsirini göstərir. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxlu potensialı var. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan xarici investorlar üçün maraqlı və cəlbedici ölkədir. Ona görə biz istər daxili, istərsə də xaricdən cəlb olunacaq investisiyaların hesabına qeyri-neft sektorunu daha da inkişaf etdirəcəyik. Yəqin ki, bu gərginlik və çətinlik yaxın müddətdə aradan qalxacaq və Azərbaycan uğurlu inkişafını yenə də davam etdirəcək”.

“Dövlət başçısının göstərişləri olduqca aktualdır”

M.Quliyev bildirib ki, Prezident İlham Əliyevin öncədən uzaqgörənliklə müəyyən etdiyi qeyri-neft sektorunun inkişafının nə qədər önəmli olduğu bu gün göz önündədir: “Cənab Prezident 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramın qəbul olunması ilə əlaqədar sərəncam imzalayanda artıq qeyri-neft sektorunun inkişafının Azərbaycan üçün önəmi və dövlətin strateji xətti olduğu üzə çıxmışdı. Ötən illər ərzində qeyri-neft sektoru inkişaf etdi. Bu gün Azərbaycanda İKT, kənd təsərrüfatı, nəqliyyat, turizm, inşaat, tikinti və sair sektorlarda böyük inkişaf var. Cənab Prezidentin dediyi kimi, bunlar bizə əsas verir ki, gələcək illərdə Azərbaycan tam neftdən asılı olmayan bir ölkəyə çevrilsin”.
Milli Məclisin komitə sədrinin müavini Prezident İlham Əliyevin göstərişlərinin cari dövr üçün olduqca aktual olduğunu vurğulayıb: “Xüsusilə, cənab Prezidentin pensiya və əmək haqlarının artırılması ilə bağlı göstərişlərini qeyd etmək istəyirəm. Dövlət başçısı onların xaotik şəkildə deyil, bazarı, gələcək proqnozları öyrənməklə artırılmasının vacibliyini vurğuladı və hökumətə tapşırığını verdi. Cənab Prezidentin son aylarda imzaladığı sərəncam və fərmanlar da iclasın ruhuna uyğundur. Ölkə başçısı istəyir ki, kiçik və orta sahibkarlıq inkişaf etdirilsin, korrupsiya, monopoliya aradan qaldırılsın, iqtisadi sahədə islahatlar aparılsın, vətəndaş-məmur münasibətləri tam yüksək hüquqi müstəvidə qurulsun, “ASAN Xidmət”in təcrübəsi yayılsın və sair. Yanvarın 10-da keçirilən iclas bütün bunları bir daha sübut etdi”.

Səxavət HƏMİD


Müəllif: