13 Yanvar 2016 16:31
544

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı rəhbəri olduğu partiyanın 2016-cı il fəaliyyət istiqamətlərini açıqlayıb. Onun sözlərinə görə, hazırda AVP-də təşkilati işlərə ciddi önəm verilir: “Hədəfimiz ondan ibarətdir ki, 2016-cı ildə partiya strukturlarının təfsilatına baxaq. Partiyamız gərgin siyasi mübarizədən çıxıb. Bildiyiniz kimi ötən ilin sonlarında parlament seçkiləri oldu. Belə situasiyalarda partiyalar bir qayda olaraq nəfəs dərirlər. Biz də seçkidən çıxan partiya olaraq hələlik bir neçə ay fəaliyyətimizin aktivliyini azaltmışıq. Ancaq buna baxmayaraq, işlərimizə davam edirik. Ötən ilin dekabrında partiyanın təşkilat şöbəsinin rəhbəri regionlara səfər edib, 12 rayon təşkilatı ilə görüşlər keçirilib. Həmin rayon təşkilatlarında güclənməyə ehtiyac var. Zəif təşkilat rəhbərlərini güclülərlə əvəz etməyə çalışırıq”.

AVP sədri deyib ki, həmçinin ölkəmizə qarşı xaricdən gələn hücumların qarşısında dayanmaq, onların mahiyyətini açmaq və Azərbaycan cəmiyyətinə yaxşı olanı və qərəzi çatdırmaq, ictimai rəyin formalaşmasında fəal iştirak etmək niyyətindədirlər.

F.Ağamalı qeyd edib ki, partiya fəaliyyətinin başlıca istiqaməti Azərbaycanın xarici və daxili siyasətində aktiv rol oynamaqdır: “Bu baxımdan heç bir fasiləyə yer yoxdur. Ölkə başçısı İlham Əliyevin ciddi xarakter daşıyan çağırışlarına dərhal reaksiya verir, Prezidentimizin yanında olduğumuzu nümayiş etdiririk. Fasilə vermədən və tərəddüd etmədən Prezidentin açıqlamalarının ictimai rəydə daha da genişlənməsi və izahı üçün imkanlarımızı davam etdiririk. Bundan sonra da bu istiqamətdə fəallığımızı artıracağıq. Azərbaycana qarşı xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrinin iftira və qərəzli münasibətinə qarşı mövqeyimizi ifadə edirik. Daxili siyasətdə də bu və ya digər məsələlərlə bağlı fikirlərimizi açıq şəkildə cəmiyyətə çatdırırıq. Azərbaycan Prezidentinin devalvasiya ilə bağlı ciddi çağırışları var. Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı fikirlərini bildirdi, bunun qarşısını almaq üçün tapşırıqlar verdi. Doğrudan da, işbazlar Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edib varlanmağa cəhd edirlər. Hesab edirəm ki, həmin şəxslər ilk növbədə öz vicdanlarını tərəziyə qoymalıdırlar”

F.Ağamalının fikrincə, çox yaxşı ki, ölkə başçısı zamanında lazımi tapşırıqları verdi: “Prezidentimizə bir daha minnətdar olmalıyıq ki, o, yaranmış situasiyaya dərhal öz sərt reaksiyasını verdi və bir daha Azərbaycan xalqının maraqlarının hər şeydən üstün olduğunu önə çəkdi. Ümidvaram ki, ölkə Prezidentinin tapşırıqlarından sonra artıq ölkədə bu cür yaramazlara, işbazlara qarşı ciddi tədbirlər görüləcək”.

Deputat əlavə edib ki, bu gün Azərbaycan xalqının cibinə girərək, oğurluq edərək, insanları daha çətin vəziyyətə salıb varlanmağa çalışanlar Azərbaycan qanunları çərçivəsində çox ciddi şəkildə cəzalandırılmalıdırlar: “Bu təkcə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cəzalarla məhdudlaşmalı deyil, bu cür adamlar Azərbaycan Cinayət Məcəlləsinin bütün maddələri ilə qanun qarşısında cavab verməlidirlər. Əgər bunun qarşısı alınmasa, bu cür insanlar Azərbaycanda sosial gərginliyi artırmağa xidmət edərək birbaşa anti-Azərbaycan qüvvələrinin yanında olmuş olacaqlar. Bunun ayrı adı yoxdur. Çünki mağazalarda, marketlərdə, ticarət mərkəzlərində satış ilə məşğul olan Azərbaycan vətəndaşlarının 80 faizi bu gün Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib süni qiymət artımı ilə məşğuldurlar. Bunun üçün çox ciddi tədbirlər görülməlidir və bununla bağlı hüquq-mühafizə orqanları qarşısında son dərəcə mühüm vəzifələr durur və süni qiymət artımının qarşısı təcili qaydada alınmalıdır”.

Nərgiz


Müəllif: