14 Yanvar 2016 11:25
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: "Ölkəmizin iki dövlət arasında barışdırıcı mövqedən çıxış etməsi mümkündür"

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər aktuallığını itirmir. Qeyd edək ki, Prezident iclasda həm giriş, həm də yekun nitqində ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı bütün məsələlərə münasibətini açıqlayıb. Habelə, regionda baş verən hadisələrə münasibət bildirib.

Prezidentin toxunduğu məsələlərdən biri də gərginləşən Türkiyə-Rusiya və İran-Səudiyyə Ərəbistanı münasibətləri barədə olub. Prezident deyib: "Təbiidir ki, bu, bizi çox narahat edir. Çünki hər iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət deyil". İlham Əliyev bildirib ki, bununla bərabər, bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı münasibətləri həddindən artıq gərginləşdi və diplomatik əlaqələr kəsildi: "İran və Səudiyyə Ərəbistanı bizim üçün yaxın və dost ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət birləşdirir, bir çox layihələr birgə icra edilir. Səudiyyə Ərəbistanı bizim üçün çox önəmli tərəfdaşdır. Yaxşı bilirsiniz ki, keçən il mənim Səudiyyə Ərəbistanına rəsmi səfərim yüksək səviyyədə keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox böyük qonaqpərvərlik göstərilmişdir. Müqəddəs Kəbənin qapıları üzümüzə açılmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, nəinki dəstəkləyir, hətta bu münaqişəyə və işğala görə Ermənistan ilə heç bir əlaqə saxlamır, diplomatik əlaqələr saxlamır. Yəni, İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik əlbəttə ki, bizi narahat edir. Çünki hər iki ölkə ilə bizim yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir. Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin. Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın".

"Bu, çox doğru yanaşma idi"

Qeyd edək ki, Azərbaycanın İslam dünyasına yanaşması həmişə öz xüsusiyyəti ilə seçilib. Ölkəmiz daim İslam dünyasında sülhün və əmin-amanlığın tərəfdarı olub, eyni zamanda İsraillə yaxşı münasibətlərə rəğmən Fələstinin azadlığını, müstəqilliyini müdafiə edib. İndi də iki İslam ölkəsində baş verən qarşıdurmadan narahatlıq duyur. Bu, ölkəmizin sülhsevər siyasətinin mahiyyətini bir daha təsdiqləyir.
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, Nimr əl-Nimrin edam olunmasından öncə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə İslam koalisiyası yaradılıb. Onun sözlərinə görə, bu birliyə bir çox müsəlman dövlətləri kimi Azərbaycan da dəvət olunub: "Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələ nəzərdən keçirilib və nə qədər Azərbaycan dövlətinin geosiyasi maraqlarına uyğun olub-olmaması ilə bağlı bir aydınlıq ortalığa qoyulub. Hesab edirəm ki, bu, çox doğru yanaşma idi. Çünki bu məsələdə tələsmək qətiyyən ölkəmizin geosiyasi maraqlarına uyğun deyildi. Bu hadisənin ardınca Nimrin edam olunması baş verdi ki, bu da iki dövlət - İran və Səudiyyə Ərəbistanı arasında böyük bir gərginliyə gətirib çıxardı. Bu hadisə fonunda Azərbaycanın dərhal qərar verməməsi göstərdi ki, ölkəmiz doğru addım atıb. İndiki şəraitdə müsəlman dövlətləri arasında gərginləşmə və ya münaqişə kontekstində tərəf tutmaq doğru olmazdı. Bu mənada hətta, Türkiyənin belə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaranan Terrora qarşı İslam Koalisiyasında olması, Azərbaycanın orada olması zərurətini yaratmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşir. Eyni zamanda, Azərbaycanın türk dünyasına və Avropaya, Qərbə inteqrasiyası üçün Gürcüstan dəhlizindən istifadə etmək məcburiyyəti var. Bu baxımdan rəsmi Bakının qonşu müsəlman İranın, yoxsa Səudiyyə Ərəbistanının yanında yer alması Azərbaycan dövlətinin və cəmiyyətinin maraqları nöqteyi-nəzərindən doğru addım olmazdı. Bu müsəlman ölkələri arasındakı gərginliyi azaltmağa yönəlik davranışlar sərgiləmək, bu münaqişənin üzərinə körükləyici hərəkətlərlə getmək deyil, əksinə barışdırıcı vasitələrlə getmək doğru bir addım sayılardı. Bu mənada Azərbaycanın atdığı addım ən doğru addım hesab oluna bilər".

"Azərbaycan barmaqla sayılacaq ölkələrdən biridir"

N.Miri qeyd edib ki, Azərbaycan "qızıl orta prinsipi"ni seçməklə hər iki münaqişə tərəfi ilə bərabər məsafədə qalmaqla ən azı münasibətləri gələcəkdə də davam etdirmək haqqını qazanmış oldu: "Azərbaycanın indiki davranışını bütün tərəflər anlamaq məcburiyyətindədirlər. İndiki məqamda Azərbaycanın seçimi strateji və ən doğru addımdır".

Müsahibimiz qeyd edib ki, Azərbaycan bir müsəlman ölkəsi olmaqla, multikulturalizmin hökm sürdüyü, dini dözümlülük sahəsində barmaqla sayıla biləcək ölkələrdən biridir: "Bu baxımdan Azərbaycanın sünni blokunun lideri Səudiyyə Ərəbistanı, həm də şiə ölkəsi olan İran arasında barışdırıcı mövqedən çıxış etməsi təbii ki, mümkündür. Ölkəmizin bu imkanlarını qətiyyən gözardı etmək olmaz. Azərbaycan heç bir vəchlə tərəf tutmayan bir ölkədir. Eyni zamanda, barışdırıcı mövqedən çıxış etdiyi üçün bəlkə də ölkəmiz iki dövlət arasında ən gözəl vasitəçilərdən biri olmaq imkanına sahibdir. Azərbaycan həm İranla yüksək səviyyədə əməkdaşlıq edir, həm də Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında münasibətlər yüksək səviyədədir. Ona görə də lazım gələrsə və belə bir ehtiyac yaranarsa, təbii ki, Azərbaycan bir müsəlman ölkəsi olaraq vasitəçiliyi üzərinə götürməyə hazır ölkə kimi mövcuddur".

Səxavət HƏMİD


Müəllif: