15 Yanvar 2016 13:01
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Əliyev: “Ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, dövlət başçısının diqqət mərkəzindədir”

Tahir Rzayev: “Hər birimiz bu prosesin təbliğatçısı və iştirakçısı olmalıyıq”

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası cəmiyyətdə geniş müzakirə olunur. Məsələ ondadır ki, Prezidentin iclasda söylədiyi həm giriş, həm də yekun nitqində dünyada neftin qiymətinin azalmasından sonra ölkə iqtisadiyyatında yaranmış çətinliklərin aradan qaldırılması yolları göstərilib.

Dövlət başçısı iclasda ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı bütün məsələlərə münasibətini açıqlayıb. Məhz Prezidentin çıxışından sonra insanlarda qarşıdakı dövr üçün aydın təsəvvür yaranıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib ki, artıq bir neçə ildir dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Onun sözlərinə görə, bu illər ərzində Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu böhrandan maksimum dərəcədə qoruna bilib: “Əlbəttə, dunya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. Neftin qiyməti son vaxtlar 3-4 dəfə aşağı düşüb, manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu olan ölkələrdə bir neçə il öncə baş verib və indi də davam edir”.

R.Əliyev Azərbaycan hökumətinin əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirdiyini və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçiriləcəyini vurğulayıb: “Cənab Prezident yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib. 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın, o cümlədən kənd təsərüfatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub. Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib. Əmək haqqının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Göründüyü kimi, ölkədəki ictimai-siyasi və iqtisadi proseslər, xalqın maraqları dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq öz uğurlu inkişaf yolunu davam etdirəcək”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev isə bildirib ki, Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir. Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır. Deputat qeyd edib ki, biz nəinki əhalinin tələbatını ödəməli, müəyyən məhsulları xarici ölkələrə ixrac da etməliyik.

T.Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bu məsələni diqqətdə saxlayıb və Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu istiqamətdə ciddi tapşırıqlar verib. Deputat qeyd edib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək tədbirlərin əsasında duran məsələlərdən biri kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir.

T.Rzayev bildirib ki, bir sıra regionlarda bu istiqamətdə mühüm işlər görülüb: “Məsələn, Ağcabədi rayonunda süd kombinatları yaradılıb və həm heyvandarlığın inkişafı, həm də süd məhsullarının istehsalı üçün böyük işlər görülüb. Rayonda taxılçılıqla əlaqədar böyük bir təsərrüfat, o cümlədən, böyük ət kombinatı yaradılıb”.

Deputat qeyd edib ki, sahibkarlar üçün Azərbaycanda yaradılan şərait ildən-ilə inkişaf etdirilir: “Amma bəzi süni maneələr də var, sənədləşmə işlərində müəyyən ləngimələr olur. Prezident İlham Əliyev bildirdi ki, elə çevik idarəetmə strukturu yaradılmalıdır ki, bütün məsələlər tez həll edilsin. Dövlət başçısı bütün nazirlərə, əlaqədar təşkilatlara göstəriş verdi ki, bu işə məsuliyyətlə yanaşılmalıdır. Hər bir vətəndaşın səyi, təşəbbüskarlığı lazımdır. Hər birimiz bu prosesin təbliğatçısı və iştirakçısı olmalıyıq”.

Səxavət HƏMİD


Müəllif: