16 Yanvar 2016 11:14
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikası bu ildən etibarən ATƏT-ə sədrlik etməyə başlayıb. Rəsmi Berlinin il ərzində izləyəcəyi siyasətin prioritetlərini açıqlayan ATƏT-in fəaliyyətdə olan sədri, ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in sədrliyin təkcə Ukrayna münaqişəsi ilə məhdudlaşmayacağını bildirib.

Vyanada mətbuat konfransı keçirən nazir qeyd edib ki, ATƏT məkanında uzun illər davam edən Dnestryanı və Dağlıq Qarabağ kimi münaqişələr var. “Biz münaqişə tərəfləri ilə intensiv şəkildə dialoqları davam etdirəcəyik”, – deyə ATƏT sədri qeyd edib. Ştaynmayer əlavə edib ki, Almaniya ATƏT sədri olaraq məsuliyyəti dərk edir, ATƏT-in dialoq və etimad quruculuğu üçün yaxşı forum olduğuna inanır.

Nümayəndəlik: “ATƏT-in Qarabağ nizamlanmasındakı rolu həmsədrlərə formal dəstək verməklə məhdudlaşır”

“Mövcud böhranların aradan qaldırılması üçün daha çox dialoq, qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya ehtiyac var. Bu baxımdan ATƏT unikal platformadır. Azərbaycan Almaniyanın ATƏT-ə sədrliyi dövründə ATƏT məkanında dialoq, etimad quruculuğu və təhlükəsizliyin bərpası istiqamətindəki istəklərini alqışlayır və əməkdaşlığa hazır olduğunu bildirir”.

Bu barədə isə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Azərbaycan Almaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun fəaliyyətini canlandırmağa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT gündəliyində ön pillədə olan məsələ kimi tutmağa çağırır. Qeyd edilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması danışıqlar prosesində nailiyyət əldə edilməsinin qarşısını alır.

“Bunun əsas səbəbi odur ki, Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi qoşunlarını tamamilə və qeyd-şərtsiz çıxarması ilə bağlı heç bir təzyiq yoxdur. Ermənistan qoşunlarının qeyri-qanuni mövcudluğu ilə bağlı təmkinli mövqe Minsk qrupu həmsədrlərinin sülh prosesini monopoliyaya alması ilə müşahidə olunur və münaqişənin siyasi yolla həllinə yönələn xarici yardımların qarşısını alır. Nəticədə ATƏT və Minsk qrupunun münaqişənin həllindəki rolu həmsədrlərə formal dəstək verməklə məhdudlaşır. Azərbaycan ərazilərinin işğalına laqeyd yanaşma Ermənistanı arxayın salır, lakin bu, birgə dəyərlərimiz və razılaşdırılmış prinsiplərimiz üçün zərərlidir”, – deyə bəyanatda vurğulanır.

Bəs, Almaniyanın ATƏT-ə sədrliyindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə gözləməyə dəyər?

“Həlledici məsələlərdə Almaniyadan nəsə gözləmək düzgün olmazdı”

Politoloq Rasim Ağayev bildirib ki, ATƏT elə bir səlahiyyətə malik qurum deyil. Onun sözlərinə görə, ATƏT əsasən siyasi qərarlar qəbul edir: “Həlledici qərarların qəbul edilməsi onun səlahiyyətinə daxil deyil. Ona görə də mənə elə gəlir ki, Almaniyanın ATƏT-ə sədrlik etməsinə ciddi ümidlər bəsləmək düzgün olmaz. Doğrudur, Almaniya ümumiyyətlə, çox məntiqli və məqsədyönlü siyasət yürüdür. Angela Merkellə danışıqlar aparmaq daha yaxşıdır, nəinki digər böyük dövlət başçıları ilə. Amma biz bilməliyik ki, Qarabağ məsələsinin “açarı” böyük güclərin əllərindədir. Böyük güclər deyərkən mən ABŞ-ı, Rusiyanı və müəyyən qədər də Avropa İttifaqını nəzərdə tuturam. Söhbət ondan gedir ki, ermənilərə əsas gücü-qüvvəti Yerevanda deyil, Vaşinqtonda, Moskvada və Parisdədir. Təbii ki, bu ölkələr ümumiyyətlə, hər zaman ermənilərin tərəfində olublar. İndi də heç biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yumşaltmağa meyl göstərmir. Azərbaycan nə qədər kompromisə getsə də, bu ölkələrin mövqeyini dəyişdirmək üçün nə qədər cəhd göstərsə də, bir nəticə hasil olmur. Mən xatırlayıram ki, 1991-92-ci ildən etibarən Azərbaycan bu istiqamətdə işləməyə başlayıb. ABŞ-la, Rusiya ilə bir çox məsələdə anlaşmağa çalışıb. Onlar isə vədlər verdilər, ancaq məsələ həll edilməmiş qaldı. Onu da deyim ki, Azərbaycanla bu ölkələrin münasibətlərinin vaxtaşırı pisləşməsində Dağlıq Qarabağ münaqişəsinin həllində həmin ölkələrin nümayiş etdirdikləri mövqe ilə bağlıdır. Azərbaycan illərlə bu ölkələrdən ədalətli mövqe gözləyib. Halbuki, həmin ölkələr hələ də buna hazır deyillər. Onların, daha doğrusu Amerikanın və Avropa İttifaqının proyektləri Azərbaycanı tamamilə nəzərə almır. Amerika hazırda kürd məsələsi, Gürcüstan və Ukrayna məsələsi ilə məşğul olur. Amerikanın mövqeyi müsəlman massivində yeni bir dəhliz yaratmaqdan ibarətdir. Bu dəhliz də xristian dəhlizidir. Azərbaycan da tələb edir ki, Dağlıq Qarabağ məsələsini həll edin. Amerika isə 1990-92-ci illərdəki mövqeyindən əl çəkməyib. Konqresdə həmin vaxt çıxarılan qətnamədə bildirilirdi ki, Azərbaycan Dağlıq Qarabağdan birmənalı şəkildə əl çəksin. Hansısa debat keçirilərkən, hansıa qərar qəbul edilərkən Almaniya bizə müsbət münasibət bəsləyə bilər. Amma həlledici məsələlərdə Almaniyadan nəsə gözləmək düzgün olmazdı”.

“Merkellə danışıqlar aparmaq mümkündür”

Müsahibimiz qeyd edib ki, Almaniyanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətlidir: “Ümumiyyətlə, Angela Merkelin bir siyasətçi kimi mövqeyi məni qane edir. Çünki onunla danışıqlar aparmaq mümkündür. Ancaq məsələn, Sarkisyanla danışıqlar aparmaq qeyri-mümkündür. Yaxud, fransızları götürək. Fransızlar dəhşətdirlər. Onlarla oturub danışmaq olmur ki… Fransızların özlərinin Korsika adası problem var, bilmirlər ondan canlarını necə qurtarsınlar, amma buna baxmayaraq Azərbaycan ərazisində qurulmuş separatçı rejimi pisləmirlər. Vaxtilə, fransız rəsmilər Bakıda olanda demişdilər ki, ermənilərlə 200 ildir dostluq edirik, sizi yeni yeni tanımışıq”.

Səxavət HƏMİD


Müəllif: