15 Yanvar 2016 18:26
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “İslam dünyasında həmrəylik vacibdir”

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Cakarta şəhərində törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İndoneziya Prezidenti Joko Vidodoya, özünün isə İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırıb. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını dedi.

Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd edib.

E.Məmmədyarov İslam dünyasında həmrəyliyin vacibliyini xüsusilə vurğulayıb.

Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. E.Məmmədyarov Azərbaycan və İndoneziya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səxavət


Müəllif: