16 Yanvar 2016 19:18
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Oruc: “Bu, onların faciəsidir”

Dünən “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşkilatçılğı ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında tədbir keçirilib. Tədbirdə Aydınlar, KXCP, Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası və Azadlıq Partiyasının nümayəndələri iştirak edib. Toplantı son aylar dünyada müşahidə olunan qlobal iqtisadi böhran və onun ölkəmizə təsiri mövzusunda olub. Konfransı KXCP sədri Mirmahmud Mirəlioğlu açaraq, ictimai-siyasi durum barəsində danışıb, müşahidə olunan maliyyə-iqtisadi böhranla bağlı fikirlərini açıqlayıb. Daha sonra partiya sədrləri növbə ilə çıxış edərək durumla bağlı fikir və təkliflərini dilə gətiriblər.

Müşahidə edilən məqam isə o olub ki, əksər siyasi partiyalar “Azadlığ”ın tədbirində iştirak etməyib. Kənar partiyalardan Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə qatılıb. Pənah Hüseyn də toplantıya gəlməyib, onu müavini əvəz edib.

Toplantıda siyasi və iqtisadi ekspertlər gözə dəyməyib. Müsavat, AXCP, ADP, ALP, Ümid, AzDP kimi təşkilatlar isə toplantını boykot edib.

Yaranan acınacaqlı duruma Azadlıq Partiyasının sədri Əhməd Oruc münasibət bildirib. O, deyib ki, həm mətbuat, həm də telefon vasitəsi ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların sədrləri toplantıya dəvət edilib. Onun sözlərinə görə, AXCP və Müsavat istisna olmaqla digər təşkilatlar tədbirdə bu və ya digər formatda təmsil olunublar: “Əslində, bu, faciədir. Bu partiyaları daima tədbirlərə dəvət edirik. Ancaq gəlmirlər. Özləri də keçirdikləri tədbirlərə bizi dəvət etmirlər. Təsəvvür edin ki, bunlar az qala gedib Yaponiyada hansısa beynəlxalq təsisatların təşkil etdiyi toplantıda iştirak etməyə hazırdırlar, lakin 20-30 il müddətində bunlarla birgə mübarizə aparan partiyaların tədbirlərinə qatılmırlar. Bu, sağalmaz bir xəstəlikdir. Onlar uzaqdan-uzağa özlərini yaxşı formada xalqa təmsil edirlər. Lakin hamı bir araya gələndə kimin kim olduğu bəlli olur”.

CAVİDAN


Müəllif: