16 Yanvar 2016 21:44
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat heç nədir”

Politoloq, xalq hərəkatının simalarından Zərdüşt Əlizadə ilə Müsavat Partiyası arasında növbəti dəfə qarşıdurma yaranıb. Buna səbəb Zərdüşt Əlizadənin Müsavat Partiyası, onun gücü və elektoratı ilə bağlı işlətdiyi bəzi fikirlər olub. Politoloq bu partiyanın gücü və elektoratının heç də deyildiyi qədər olmadığını ifadə edib: “Müsavat kimdir ki, onun gücü, kadrları, əlaqələri haradadır ki, aksiyalar keçirir?! Müsavat Bakıda 500 nəfərlik mitinq təşkil edə bilər. Rayonlarda aksiya təşkil etmək isə bu partiyanın işi deyil. Axı Müsavat kimdir? Heç kəsdir, heç nədir”.

Müsavat Partiyasının Zərdüşt Əlizadəyə cavabı isə gecikməyib. Partiya başqanının müavini Elman Fəttah bəyan edib ki, Z.Əlizadə Müsavat Partiyasını əsas hədəfinə çevirib. Onun sözlərinə görə, Müsavat Zərdüşt Əlizadənin gözlərinə “xoxan” kimi görünür: “Nə vaxt ona sual verilsə, mütləq Müsavat Partiyasına qarşı içindəki nifrətini püskürməlidir. 40 ildir bu işlə məşğuldur”.

Məlumat üçün qeyd edək ki, Müsavat Partiyası ilə Zərdüşt Əlizadə arasında problemin kökü illər əvvələ gedib çıxır, 1988-ci ildə başlanan xalq hərəkatı dövründə Zərdüşt Əlizadə də Xalq Cəbhəsinin yaradıcılarından biri hesab olunurdu. Lakin AXC-nin ilk təsis qurultayında baş verən qarşıdurmadan sonra Zərdüşt Əlizadə ilə İsa Qəmbər arasında münasibətlərin pisləşməsinə start verilib. Həmin dövrdə Z.Əlizadə AXC sədri postunda Yusif Səmədoğlunu görüb.

Lakin seçkilərdə mərhum Prezident Əbülfəz Elçibəy qalib gəlib. Bundan az sonra Zərdüşt Əlizadə bir qrup adamla birlikdə AXC sıralarını tərk edib. Sonralar politoloq yazdığı “Üçüncü Respublikanın süqutu” kitabında bir çox siyasətçilərlə yanaşı, AXC-Müsavat iqtidarında olan şəxsləri, o cümlədən İsa Qəmbəri kəskin tənqid edib.

CAVİDAN


Müəllif: