Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 7-də “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxış keçirib.
Teleqraf.com xəbər verir ki, Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verilib. Bildirilib ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Bu tədbirlər Azərbaycanın hərbi qüdrətinin artmasını başlıca məqsəd kimi qarşıya qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ölkənin müdafiəsinə göstərdiyi diqqət və qayğı ilə bağlıdır.
Dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən Prezident İlham Əliyev Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsini üstələməsini bir vəzifə kimi qarşıya qoyub. Tezliklə bu strateji hədəfə nail olunub. Ötən ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan xərclər 3 milyard 730 milyon dollara çatdırılıb. Həmin il Ermənistanın dövlət büdcəsinin gəlir hissəsi isə cəmi 2,5 milyard dollar təşkil edib.
Azərbaycan ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərimizin peşəkarlığının və döyüş ruhunun artırılması bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etməyə istənilən an hazırdır. Bütün sahələrdə regionun lider dövləti olan Azərbaycan hərbi sahədə də liderlik zirvəsindədir. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadirdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə Naxçıvanda təqdim olunan yeni, ən müasir standartlara uyğun hərbi texnika və silah-sursat bu danılmaz həqiqətin növbəti əyani nümunəsidir.