18 Yanvar 2016 19:20
446

"Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı keçirilən müşavirədə kifayət qədər ciddi islahat anonsları verilib. Bu olduqca təqdirəlayiqdir və bütün hallarda əhalimizin düşdüyü acınacaqlı vəziyyətdən çıxması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa prezident İlham Əliyevin bu gün keçirdiyi müşavirəyə münasibət bildirərkən qeyd edib.

F.Mustafanın sözlərinə görə, bütün faydalı islahat xarakterlı addımların dəstəklənməsi hər bir məsuliyyətli siyasətçilərimizin, məmurlarımızın, iqtisadçılarımızın, sahibkarların, digər kateqoriyadan olan insanlarımızın vətəndaşlıq borcu kimi qəbul olunmalıdır: "Bununla belə bəzi tələsik və risqli iqtisadi qərarların alınmaması üçün, yanlış yanaşmaların dərhal dayandırılması üçün qanunverici orqanın da bu müzakirə mühitinin içində yer alması ümumi işimizin faydasına olardı. Çünki bir çox hallarda hökumətin səhv addımlarının hədəf taxtasına əsaslı-əsassız qanunverici orqanın təmsilçiləri də çevrilir. Söyləyirlər ki, niyə insanların qarşısına çıxmırsınız, niyə problemlərlə maraqlanmırsınız və s. Hansısa bank özbaşınalığına, MTN özbaşınılığına, vergi özbaşınalığına, hüquq-mühafizə orqanlarının bir sıra nöqsanlarına hansısa formada müdaxilə etmək imkanımız olmadığı halda, siyasi və iqtisadi xarakterli islahatlarla bağlı təkliflərimiz dəyərləndirilmədiyi halda ölkəmizin gələcəyi ilə bağlı təhlükələrin qarşısını almaqda hansısa kömək imkanına sahib olmuruq. Ona görə də prezidentin keçirdiyi bu müşavirədən sonra Milli Məclisin ayrıca iclasında da mövcud iqtisadi vəziyyət açıq şəkildə müzakirə olunmalı və canlı yayımla insanlarımıza çatdırılmalıdır ki, insanların problemlərlə bağlı təşəbbüskarlığı artsın və ümidsizlik azalsın. Həm də görsünlər ki, həqiqətən də deputatların içində də onların vəziyyətinə laqeyd olmayan və ağıllı çözüm yolları göstərən xeyli insanlar var".


Müəllif: