19 Yanvar 2016 13:07
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Babaoğlu: “Mətbuat və QHT-lər katalizator rolunu oynamalıdır”

Müşfiq Ələsgərli: “KİV-in üzərinə indi daha ciddi məsuliyyət düşür”

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin ictimai nəzarətin təşkili ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək.

Bu haqda ötən gün “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masada qərar verilib. Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, Prezident İlham Əliyev çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarətin vacibliyini vurğulaması QHT-lərə ünvanlanmış çağırışdır: “QHT-lər bu prosesdə yaxından iştirak etməli və ictimai nəzarətin tətbiqi ilə bağlı real təkliflərini açıqlamalıdır. Bildiyimiz kimi “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq dövlət orqanlarının yanında İctimai Şuralar yaradılmalıdır. Bəzi dövlət qurumlarında ictimai şuralar olsa da, onlar formal xarakter daşıyır. Lakin ölkədə yaranmış vəziyyət, devalvasiya ətrafındakı spekulyasiyalar, süni bahalaşmanın qarşısının alınması zərurəti məsələyə ciddi yanaşmanı tələb edir. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, möhtəkirliyə, süni bahalaşmaya qarşı mübarizədə QHT-lər fəal iştirak etməlidir. QHT-lər bu istiqamətdə öz töhfələrini verməlidir. Şura ictimai nəzarətin təşkili ilə bağlı QHT-lərin təkliflərini prezidentə təqdim edəcək”.

Şura sədri qeyd edib ki, manatın məzənnəsində baş verən dəyişikliklərdən sonra ictimaiyyəti narahat edən bir sıra məsələlər meydana çıxıb ki, onların mənfi nəticələrinin minimuma endirilməsi üçün vətəndaş cəmiyyəti institutları imkanlarını səfərbər etməlidir.

QHT-lərdən ibarət iqtisadi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qruplar aidiyyatı nazirliklərdə və Mərkəzi Bankda görüşlər keçirəcək, irəli sürülən təkliflərin müvafiq səlahiyyətli şəxslərlə birgə müzakirə olacaq.

İctimai nəzarətin təşkili üçün Mətbuat Şurası və QHT-lərin daxil olduğu Vətəndaş Cəmiyyəti Alyansı yaradılması təklif edilib.

Media ekspertlərinin bu təklifə reaksiyası necədir?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, mətbuatın təbii funskiyalarından biri ictimai nəzarətdir. Onun fikrincə, təəssüf ki, Azərbaycan mətbuatında bəzi hallarda xəbərçilik funksiyası ictimai nəzarət funksiyasını dəfələrlə üstələyir: “Bütün hallarda hər bir hüquqi dövlətdə, vətəndaş cəmiyyətində ictimai nəzarəti təmin edən resurslar olmalıdır. Birinci faktor media, QHT-lərdirsə, ikinci əsas faktor vətəndaş aktivliyidir. Vətəndaşların öz hüquqlarını mənimsəməsi, onun qorunmasını təmin etməsi Azərbaycanda vətəndaş cəmiyyətinin əsası olmalıdır. İctimai nəzarət funskiyası da öz-özünə yaranacaq. Bunun üçün uzun illərdir maarifləndirmə işi aparılır, insanların öz hüquqlarını bilməsi üçün çağırışlar edilir. Cənab Prezident bir neçə dəfə öz çıxışlarında ictimai nəzarət məsələsini aktuallaşdırıb və vətəndaşlardan onun verdiyi sərəncam və tapşırıqların icrasına nəzarəti tövsiyə edib”.

H.Babaoğlu qeyd edib ki, bununla belə hələlik vətəndaş fəallığı arzuolunan səviyyədə deyil: “Görünür, bu prosesdə mətbuat, QHT-lər bir növ katalizator rolunu oynamalıdır. Onlar Azərbaycan cəmiyyətinin fəal təbəqəsini bu prosesə qoşmaqla ictimai nəzarəti kütləviləşdirməlidirlər. Əminəm ki, proses gedir, media və QHT-nin yarada biləcəyi alyans da bu işə xidmət edəcək. Bu, çox yaxşı model kimi qəbul oluna bilər”.

Картинки по запросу müşfiq Ələsgərli

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, KİV-in missiyalarından biri dövlət, hakimiyyət strukturları üzərində ictimai nəzarəti həyata keçirməkdir: “KİV-in üzərinə indi daha ciddi məsuliyyət düşür. Cənab Prezident Nazirlər Kabinetindəki iclasda KİV-ə çağırış etdi ki, prokurorluq, məhkəmə orqanları ilə yanaşı nəzarət üçün media da öz dəstəyini verməlidir. Söhbət süni bahalaşma ilə dövlət, cəmiyyət və hakimiyyəti çətin duruma salmaq istəyənlərə qarşı mübarizədən gedir. Bu yöndə dəstək verilməsinə təşəbbüs göstərilməsi KİV-in üzərinə ikiqat məsuliyyət qoyur. Təəssüf ki, bəzi media orqanları vəziyyətdən çıxış yolları aramaqda dəstək əvəzinə, neqativ fəaliyyətlə məşğul olurlar. Süni şəkildə hadisələri şişirdir, cəmiyyətə yanlış məlumatlar yayırlar”.

O qeyd edib ki, Mətbuat Şurası baş verən hadisələr haqda yanlış məlumat yayan onlayn media qurumlarına xəbərdarlıq edib: “KİV-lər üzərində monitorinq davam etdirilir, yəqin, pozuculuq əməlləri ilə məşğul olan media orqanlarına gələcəkdə daha geniş çərçivədə xəbərdarlıq olunacaq və rəhbər şəxslərlə görüşlər keçiriləcək. Mətbuat Şurası prosesləri izləyir, ictimai nəzarət yönündə dəstəyini davam etdirir. Hansısa təşkilatlarla koalisiya çərçivəsində birgə əməkdaşlıq formasında işlərin görülməsi Mətbuat Şurasının İdarə Heyətinin ümumi qərarından, sədrin rəyindən asılıdır”.

Nərgiz Ehlamqızı


Müəllif: