21 Yanvar 2016 22:12
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni işğalı davam etdikcə, etimad və şəffaflıqdan söhbət gedə bilməz”

“Dondurulmuş münaqişələr bütün ATƏT məkanında hərbi şəffaflıq və sabitliyə ciddi problemlər yaratmaqda davam edir”.

Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin Təhlükəsizlik Əməkdaşlığı üzrə Forumun 808-ci iclasında yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlər, hərbi ləvazimatların toplanması, bu ərazilərə silah-sursat vasitələrinin qeyri-qanuni transferi və hərbi quruculuq işlərinin aparılması ATƏT-ə üzv dövlətlərin götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir: “ATƏT-ə üzv dövlətlərdən biri digərinin ərazisində qeyri-qanuni şəkildə mövcudluğunu davam etdirdikcə etimad və şəffaflıqdan söhbət gedə bilməz. Bu reallıq etimad quruculuğu tədbirlərinin yenilənməsi zamanı əsas olaraq götürülməlidir. Buna görə də biz silahlara nəzarət və etimad quruculuğu təbdirlərinin müasir dövrün təhlükəsizlik mühiti tələblərinə uyğunlaşdırılmasına çalışırıq”.

Sənəddə Azərbaycanın konstruktiv dialoq və etimad quruculuğu tədbirləri ilə bağlı nəticəyönümlü müzakirələr aparılmasına mühüm önəm verdiyi qeyd edilir.

Xatırladaq ki, Təhlükəsizlik Əməkdaşlığı Forumu ATƏT-in iki ən vacib qərarverici orqanlarından biridir. Təhlükəsizlik məsələləri və əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynayır. Forumun yanvarın 20-də keçirilən iclasında sədrliyi təhvil alan Niderland prioritetlərini açıqlayıb.

Səxavət


Müəllif: