25 Yanvar 2016 19:25
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzuxan Əlizadə: “Etibar Məmmədov indiyədək heç bir namizədi dəstəkləməyib”

Azərbaycan Milli İstiqlal Partiyası ölkədə fəaliyyətdə olan siyasi partiyalarla danışıqlara başlayacaq.
Bu barədə partiyanın sədr əvəzi, baş katib Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, digər partiyalarla müxtəlif məsələlər üzrə əməkdaşlıq mümkündür: “İnanırıq ki, əməkdaşlıqla bağlı təklifimizə müsbət cavab alacağıq”.

O qeyd edib ki, partiya böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayır: “Azərbaycanın büdcəsinin formalaşması, dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda ölkədəki iqtisadi böhranın aradan qaldırılması üçün bir araya gəlməliyik”.

Ötən həftə “Azadlıq-2015” blokunun üzvü olmuş partiya rəhbərlərinin iclasına qatılan A.Əlizadə orada təkliflə çıxış etdiyini deyib. Onun fikrincə, siyasi partiyaların təmsilçiləri və iqtisadi sahə üzrə mütəxəssislərin cəlb olunması ilə işçi qrupun formalaşdırılmasına ehtiyac var: “Bütün siyasi partiyaların iştirakı mütləq deyil. Kim işçi qrupda iştirak etmək istəyəcəksə, onlara təşəkkür edəcəyik. Hesab edirik ki, bütün siyasi təşkilatların bir araya gəlib birgə təklifləri realizə etməsinə ehtiyac var. Vəziyyətdən çıxış yolu birlikdə aranmalıdır”.

Partiyanın daxili işlərinə gəlincə, A.Əlizadə vurğulayıb ki, qarşıda duran məsələlərlə bağlı müzakirələrə başlanılıb: “Görüləcək işlərlə bağlı Siyasi Şuraya təqdimatlar verilib, o işlər öz axarı ilə gedir. Beynəlxalq əlaqələr çərçivəsində əməkdaşlıq genişlənməkdədir. İsveçin Moderat Partiyası və Avropa Sabitlik Təşəbbüsü təşkilatı ilə birlikdə İstanbulda fevralın 3-4-də beynəlxalq tədbir keçiriləcək. Mərasimdə Şərq Tərəfdaşlığı və Regional təhlükəsizliklə bağlı müzakirələr aparılacaq. Tədbirdə partiya rəhbərliyinin iştirakı gözlənilir”.

AMİP qurultayının vaxtına toxunan baş katib mart ayınadək qurultay keçirilməyəcəyini söyləyib.

Qeyd edək ki, ötən ilin oktyabrında istefa verən AMİP-in sabiq sədri Yusif Bağırzadəni hələlik A.Əlizadə əvəz edir. Onun sözlərinə görə, qurultayın vaxtı barədə martda dəqiq qərar veriləcək: “Qurultay günü ilə bağlı müzakirələr hələ də davam edir. Təşkilati və logistik məsələlər var ki, onlar həll edilməlidir. AMİP-də yazılmamış qanun var, qurultayın günü barədə qərar veriləndən sonra namizədliklərin irəli sürülməsi ilə bağlı mesajlar verilir. Mərkəzi Şuranın qurultayın keçirilməsi ilə bağlı qərarı olana qədər heç kəs öz namizədliyini irəli sürmür və mətbuat vasitəsilə də bunu demir. Biz bunu ona görə razılaşmışıq ki, namizədliyini vermək istəyən şəxslər bərabər imkanlara malik olsun, kampaniyaya eyni gündə başlasınlar. Namizəd sıravi üzv də, partiya rəhbərliyində təmsil olunan şəxs də ola bilər. Ola bilsin sıravi üzvün mətbuata çıxış üçün bir o qədər imkanı olmasın, bununla da qurultay günü bəlli olandan sonra hər kəs seçkilərə bərabər hüquqlarla qatılır və təbliğat aparır”.

“Etibar Məmmədovla AMİP sədrliyinə namizəd haqda müzakirələr aparılıbmı” sualını sədr əvəzi belə cavablandırıb: “Etibar Məmmədovla konkret olaraq partiya sədrliyinə namizədlərlə bağlı söhbət aparılmayıb. Yalnız ümumi məsələlərlə əlaqədar məsləhətləşmələrimiz olur. Qurultay günü haqda qərar veriləndən sonra Etibar bəyin özünün də məsələ ilə bağlı özəl təklifi, yaxud hansısa namizədə isti münasibəti ola bilər. Özü sədrlikdən gedəndən sonra partiyamızda bir neçə dəfə sədr seçkisi olub, heç vaxt Etibar bəy hansısa bir namizədi dəstəkləməyib və ya kiminsə üzərində dayanmaqla bağlı fikir ifadə etməyib. Yalnız tövsiyəsi bundan ibarət olub ki, bütün namizədlərə bərabər şərait yaratmaq lazımdır. AMİP lideri hesab edir ki, daha şanslı və partiya daxilində qəbul olunan şəxsin namizəd kimi irəli sürülməsi üçün bütün imkanlar yaradılmalı, kənar müdaxilə olmamalıdır”.

Nərgiz


Müəllif: