27 Yanvar 2016 11:28
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar fondun sədri Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka etiraz bəyanatı ünvanlayıb.

BAMF-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adlarının Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə erməni dilində təqdim edilməsi, qəbul edilmiş beynəlxalq hüquqi normalar və bəşəri dəyərlər baxımından doğru hesab etmirik: “Qədim Azərbaycan torpağı olan və hətta sovet dönəmindən Dağlıq Qarabağın inzibati vahidliyinə daxil olmayan işğal altındakı Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonunun Kovsakan, eləcə də Dağlıq Qarabağın Xocalı, Əskəran rayonlarının, müxtəlif kəndlərin və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsi işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırır”.

BAMF, BMT-nin dünyada davamlı inkişaf və sülhün qorunması sahəsində qəbul etdiyi strategiyanı, müxtəlif qətnamələri və prinsipləri prioritet hesab edir: “BMT Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan azad olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, qaçqınların öz doğma yurd yuvalarına dönməsi ilə bağlı 4 qətnamənin (822, 853, 874 və 884 saylı) qəbul edilməsi ilə münaqişəyə doğru hüquqi qiymət verib. Lakin azərbaycanlıların tarixən yaşadığı və bu gün işğal altında olan yaşayış məskənlərinin ermənicə təqdim edilməsinə göz yummağımız, bir milyona yaxın məcburi köçkünün hüquqlarının pozulmasına haqq qazandırmış olur. Bu gün işğal altındakı Dağlıq Qarabağ və ətraf yeddi Azərbaycan rayonu bütün infrastrukturun dağıdılması, qeyri- qanuni dəstələrin cəm edildiyi, mədəni-tarixi irsin vandalcasına yox edilməsi ilə yanaşı, yaşayış məskənlərinin və tarixi abidələrin erməniləşdirilməsi kimi saxtakarlıqla üz-üzə qalıb. Bu baxımdan, bir xalqın əsrlər boyu yaşadığı tarixi coğrafi ərazilərdə saxtalaşdırma əməllərinin törədilməsinin qarşısının alınması faktı kimi rəhbərlik etdiyiniz nüfuzlu BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılmasını sizdən xahiş edirik”.

BƏXTİYAR


Müəllif: