28 Yanvar 2016 13:22
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tural Abbaslı: "Məqsədimiz səmimi birliyə nail olmaqdır"

Müxalifət düşərgəsində təmsil olunan bir qrup siyasi partiyanın fevralın 14-də növbəti dəfə konfrans keçirəcəyi gözlənilir. Xatırladaq ki, yanvarın 24-də keçirilən ilk tədbiri Müsavat və Milli Şura boykot etsə də, toplantı baş tutmuş, İşçi Qrupu da yaradılmışdı.

Hazırda İşçi Qrupunda Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə, Elşad Musayev, Şakir Ulusoy, Ağasif Şakiroğlu, eləcə də, bir sıra ictimai hərəkat və təşkilatların rəhbərləri təmsil olunur.

"Ağ Blokun" rəhbəri Tural Abbaslı bildirib ki, dünən işçi qrupun ilk toplantısı keçirilib, müzakirələr aparılıb. Onun sözlərinə görə, toplantıda 24 yanvarda keçirilən tədbir qiymətləndirilib: "Bundan başqa, gələcəkdə atılacaq addımlarla bağlı müəyyən təkliflər səsləndirildi. Həmçinin İşçi Qrupu və birliyin formatı haqqında diskussiya oldu. Ümumi yanaşma belə oldu ki, fevralın ortasında daha geniş tədbir keçirilsin. Bu tədbirin ADP qərargahında və ya başqa bir məkanda olacağı hələlik açıq qalır. Eləcə də, qərara gəlindi ki, müraciət edən təşkilatlarla bağlı problem olmasın. İşçi Qrupunda müzakirələr konsensus şəraitində bitdi, ciddi fikir ayrılıqları olmadı. Növbəti həftənin üçüncü günü VİP qərargahında İşçi Qrupunun toplantısı keçiriləcək, burada müraciət edən yeni təşkilatlarla bağlı qərar veriləcək".

T.Abbaslı deyib ki, 24 yanvar tədbiri bir çox təşkilatlarda maraq yaradıb və hazırda müəyyən müraciətlər edilir: "Biz belə qərara gəlmişik ki, burada açıq qapı siyasəti yürüdək. Yəni heç kimin üzünə qapı bağlayıb deməyək ki, ilk təşəbbüskar biz olmuşuq, ona görə də İşçi Qrupunda kimsə təmsil oluna bilməz. Kim müraciət edəcəksə, onların məsələsinə ədalətli baxılacaq. Məsələn, keçən tədbirdə iştirak edən, müxalifətin bir araya gəlib-gəlməməsi məsələsində ortaya konkret mövqe qoymayan partiyalar oldu. Biz bu məsələni də müzakirə etdik. Hazırda müraciət edənlərin adını çəkmək istəmirik. Bu halda mövzu başqa səmtə yönəlir. İndi birlik hamıya lazımdır. Biz bəzi partiyalar kimi oturub xalqın bizə kreslo verəcəyi ağlında deyilik. Fəaliyyət göstəririk, çalışırıq ki, bu ağır qlobal iqtisadi mühitdə millətimizə və dövlətimizə əlimizdən gələni verək".

T.Abbaslı əlavə edib ki, müxalifətin müəyyən hissəsi bir araya gəlsə də, yeni birliyin konkret adı, strukturunun formalaşdırılması gündəmdədir: "Ancaq qərara gəldik ki, bir həftə də gözləyək. Çünki yeni şəxslər də bura daxil ola bilər. Biz də xətlər çəkib yeni şəxsləri buna tabe etdirmək niyyətindən uzağıq. İstəyir ki, hər kəs burada rahatlıqla təmsil olunsun, ad və strukturlar, idarəçilik forması ilə bağlı təkliflər irəli sürə bilsin. Odur ki, bu məsələ açıqdır. Məqsəd daha böyük və səmimi birliyə nail olmaqdır".

Sonda "Ağ Blokun" nümayəndəsi deyib ki, onlar REAL Hərəkatında təmsil olunan bir çox şəxsləri də bu prosesə dəvət ediblər: "Mən bilən onlar razılıq vermişdilər. Yəqin ki, bu həftə ərzində REAL-la bağlı da yenilik olacaq".

CAVİDAN


Müəllif: