28 Yanvar 2016 17:36
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbulda DİDK sədri Nazim İbrahimov da iştirak edib

İtaliya prezidenti Sergio Mattarella Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan “Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab” mövzusunda Yüksək Səviyyəli Hazırlıq Görüşü çərçivəsində keçirilib. Qəbulda Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti Giorge İvanov, ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri yer alıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qəbulda iştirak edib.

Müasir dünyada anti-tolerantlıq, zorakılıq, fərqlilərə qarşı nifrətə yer olmadığını söyləyən İtaliya prezidenti daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasını zəruri sayıb. O, Orta Şərqdə, Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb. Dinlərarası dialoq və hörmətin birgə yaşayışın mühüm elementi olduğunu qeyd edən S.Mattarella terrorizmin həm də sivilizasiyalar alyansına zidd olduğunu vurğulayıb. İtaliya prezident çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.

Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində münaqişələrin qarşısının alınması və dinlərarası dialoqların təşkilinə böyük önəm verildiyini bildirib. Dini fanatizmin tarixən səbəb olduğu münaqişələrdən, müxtəlif dini cərəyanların nümayəndələrinin dindən müharibə vasitəsi kim istifadə etməsindən danışan Vayra Vike-Frayberqa ekstremist baxışlı siyasi və dini fanatiklərin sivil cəmiyyətlərin düşmənləri olduğunu qeyd edib.

NGBM-in həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin dünyada mövcud aktual məsələlərin müzakirəsi üçün bu görüşün yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. İ.Səragəldin Avropanı bürüyən qaçqın böhranı məsələsinə toxunub və bu sahədə kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. O, bu sahədə müxtəlif konfessiyaların humanizm prinsiplərindən çıxış edərək qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduqlarını diqqətə çatdırıb.

İtaliyanın sabiq xarici İşlər naziri Franko Frattini isə nifrət və zorakılığa qarşı “İnsanlıq Paktı”nın mümkün qədər tez imzalanmasının labüd olduğunu bildirib. “Mədəniyyətlərarası dialoq və tolerantlıq düşmənçiliyin qarşısını ala biləcək yeganə qayadır”, – deyə sabiq xarici işlər naziri qeyd edib.

Səxavət


Müəllif: