29 Yanvar 2016 11:11
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyni gündə, eyni saatda, eyni məkanda tədbir keçiriləcək

2013-cü il prezident seçkilərindən sonra bir-birinə “satqın”, “dönük” ittihamları yağdıran müxalifət partiyaları arasında artıq üçüncü ildir ki, birlik əldə edilmir. Bu partiyaların əksəri özlərini Rəsulzadə-Elçibəy platformasında olduğunu iddia etsələr də, həmin şəxsiyyətlərin doğum və ölüm günləri də onları birləşdirə bilmir.

Belə ki, yanvarın 31-də Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Əli Kərimli qanadı bəyan edib ki, Rəsulzadənin doğum gününü qeyd edəcək. Bu məqsədlə Milli Şura üzvləri və AXCP nümayəndələri yanvarın 31-i, saat 12:00-da Rəsulzadənin Novxanı kəndində yerləşən məzarının başına toplaşacaq. Burada çıxışlar olacaq, Rəsulzadənin yaxın qohumlarının məzarı ziyarət ediləcək.

KXCP, VİP, ALDP, Azadlıq, Aydınlar və Böyük Azərbaycan partiyalarının toplaşdığı “Azadlıq” siyasi partiyaların məşvərət məclisi də ötən iclasında 31 yanvar tarixində Novxanıya gedərək Rəsulzadənin abidəsini ziyarət etmək barədə qərar çıxarıb. Müxalifətin bu hissəsi də Novxanı ziyarətini saat 12:00-a salıb. Lakin “Azadlıq” siyasi partiyaların məşvərət məclisinin tədbiri ilə Milli Şuranın tədbiri ayrı-ayrılıqda olacaq. Başqa sözlə, bu təşkilatlardan kim tez toparlanacaqsa, o da birinci olaraq ziyarətini reallaşdıracaq. Ancaq müxalifətin xarakterini nəzərə alaraq “birinci biz ziyarət etməliyik” düşüncəsinin ola biləcəyini və bunun narazılığa səbəb olacağını da inkar etmək olmaz.

Qəribəsi odur ki, Müsavat Partiyası da özünün ilk başqanı Rəsulzadəni yanvarın 31-də, saat 12:00-da ziyarət etmək qərarını verib. Bu barədə Müsavat Partiyası başqanının müavini Səxavət Soltan sosial şəbəkələrdə məlumat yayıb.

Bəllidir ki, hazırda AXCP ilə Müsavat Partiyası arasında ciddi qarşıdurma var. Bu yaxınlarda Müsavat Divanın üzvü Osman Kazımov AXCP rəhbərliyini ciddi tənqid etmişdi. Eləcə də, KXCP ilə AXCP arasında problemin kökü daha dərindir. AXCP fəalları daima sosial şəbəkələrdə KXCP rəhbərliyini ittiham edirlər.

Görünən budur ki, Novxanıda 31 yanvarda keçiriləcək tədbir zamanı çıxışlarda bu qüvvələr bir-birinə atmacalar da atacaqlar. Bu qüvvələrin birlikdə ziyarəti gerçəkləşdirməsi isə real olmayacaq.

CAVİDAN


Müəllif: