1 Fevral 2016 15:09
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

Görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıldı. Dövlətimizin başçısı məlumat verdi ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd etdi.

Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edildi, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət etdi.


Müəllif:

Oxşar xəbərlər