4 Fevral 2016 12:11
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, yanvarın 24-də bir qrup müxalif siyasi partiya ADP qərargahında yeni birliyin yaradılması məqsədilə tədbir keçirib. İddialara görə, fevralın ortalarında daha bir toplantı təşkil olunacaq. Belə ki, hazırda Xalq Partiyasının sədri Pənah Hüseyn, "Ağ Blok"un təmsilçisi Tural Abbaslı, habelə İsa Qəmbərdən narazı olan müsavatçılar daima Atatürk prospektində yerləşən çayxanalardan birinə toplaşaraq müzakirələr aparır, görüşlər keçirirlər.

Amma müxalifətin bu hissəsi toparlanmaq məqsədilə görüşlərə başladığı bir zamanda, digər hissəsi bu tədbiri faktiki olaraq boykot edir. Bu sırada ilk olaraq AXCP-nin Əli Kərimli qanadını, Müsavat Partiyasını, AMİP və Azad Demokratlar Partiyasını qeyd etmək olar. Bu təşkilatlar indiki halda müxalifətin birliyinin başqa formatları barədə düşünür və nisbətən kiçik partiyaların birləşdiricilik funksiyasını rədd edirlər.

İsa Qəmbərdən birliyə qarşı həmlə

Qeyd edək ki, müxalifətin birlik toplantısına Müsavat Partiyası da çağırılmışdı. ADP sədri Sərdar Cəlaloğlu Arif Hacılını, Xalq Partiyasının sədri Pənah Hüseyn isə şəxsən İsa Qəmbəri tədbirə dəvət etmişdi. Lakin bu dəvətlər rədd edildi. İndi isə bəlli olur ki, İsa Qəmbərin rəhbəri olduğu Milli Strateji Düşüncə Mərkəzi fevralın 6-da tədbir keçirəcək. Tədbirdə əsasən iqtisadi məsələlər müzakirə olunacaq, habelə müəyyən təkliflər səsləndiriləcək. Bununla da, İsa Qəmbərin tərəfdarları və başqanı olduğu keçmiş partiyası fevralın ortasında keçiriləcək ümummüxalifət adına olan tədbiri indidən tanımadığını nümayiş etdirir.

AMİP iştirak etməyəcək

Azərbaycan Milli İstiqlal Partiyası da müxalifətdən gələn birlik təşəbbüslərini rədd edir. Bu partiya yanvar tədbirinə qatılmayıb, üstəlik elan edib ki, hansı tədbirə qatılıb-qatılmadığını özü müəyyən edir. Hazırda AMİP rəhbərliyi Türkiyədə səfərdədir və müxalifətin bu konfiqurasiyada bir araya gəlməsini, müzakirələr aparmasını məqbul hesab etmir. Görünür, bu partiya sədr seçməyənə qədər müxalifətdaxili oyunlarda iştirak etməyəcək.

Əli Kərimli cəbhəsindən yalan açıqlama

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Əli Kərimli qanadı da bu təşəbbüsləri rədd edir. Eyni zamanda partiya yetkililəri bildiriblər ki, onlar müxalifət adına keçirilən tədbirə dəvət edilməyiblər. Tədbirin təşkilatçılarından olan Tural Abbaslı isə qeyd edib ki, AXCP-yə dəvət göndərilib və deyilib. Sadəcə olaraq bu partiya ictimai qınaqdan yayınmaq məqsədilə səmimiyyətə uyğun olmayan yanaşma ortaya qoyub.

Sülhəddin Əkbər: "Öz tərəfdarlarının neçə faizi gəlir?"

Azad Demokratlar Partiyası da müxalifətin son birlik təşəbbüslərində çıxış etmir. Partiyanın sədri Sülhəddin Əkbər qeyd edib ki, artıq müxalifət siyasi proseslərə təsir imkanlarını itirib: "Bunda bir sıra müxalifətçinin də müəyyən dönəmlərdə gizli sövdələşmələr aparması öz rolunu oynayıb. İkincisi, son 20 illik mübarizə nəticəsində uğurun əldə olunmaması da öz mənfi təsirini göstərib. Bu da cəmiyyətdə müxalifətə və onun fəaliyyətinə olan inamı sarsıdıb. Üçüncü, cəmiyyət siyasi proseslərdən uzaqlaşıb. Müxalifət gərək ilk növbədə, özü-özünə inamı bərpa etsin. Müxalifətin tədbirlərinə öz tərəfdarlarının neçə faizi gəlir?"

REAL: "Bizə belə müttəfiqlik lazım deyil"

Milli Şura da bu birliyə meyl etmir. Bu qurumun Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı öncədən bəyan etmişdi ki, şəxsən onun özü Pənah Hüseynin olduğu oyunlarda iştirak etmək niyyətindən uzaqdır. Onun sözlərinə görə, bu partiyaların indiki şəraitdə bir araya gəlməsi, nələrisə müzakirə etməsinin perspektivi yoxdur.

Respublikaçı Alternativ Hərəkatı da, yeni birlik təşəbbüslərini rədd edir. Bu qurumda hesab edirlər ki, ənənəvi müxalifətin yaratdığı birliklərin indiyə qədər effekti və uğuru olmayıb. Əksinə, hər dəfə birlik modeli dağılandan sonra tərəflər arasında qarşılıqlı ittihamlar hökm sürür ki, onlara da belə müttəfiqlik lazım deyil.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər