10 İyun 2014 13:55
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş deputat, ABU-nun rektoru Elşad Abdullayevin 2012-ci ildə yaydığı videolar üzündən mandatını itirən Gülər Əhmədovanın köməkçisi olmuş Əhməd Şahidov özünə yeni qeyri-hökumət təşkilatı yaradıb.

Teleqraf.com-un məlumatına görə, keçmiş köməkçinin yaratdığı yeni təşkilat Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu adlanır. Bununla bağlı yayılan açıqlamada bildirilir ki, təşkilatın əsas fəaliyyət istiqamətləri Azərbaycanda insan haqları, demokratiya və azadlıqların təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsi ilə bağlı olacaq. İndiyədək ölkədə demokratiyanın, insan haqlarının durumu ilə bağlı hər zaman müsbət fikirlər səsləndirən, beynəlxalq təşkilatların yaydığı hesabatları tənqid edən Ə.Şahidovun təşkilatın təsis edilməsi ilə bağlı yaydığı açıqlamada aşağıdakı fikirlər diqqət çəkir:

“Azərbaycanda insan haqları, demokratiya və azadlıqlar sahəsində kifayət qədər boşluqlar var. Bunu hər il beynəlxalq təşkilatların təqdim etdiyi hesabat və məruzələrdə də görmək mümkündür. Azərbaycanda xüsusən də seçki hüququnun pozulması, sərbəst toplaşmaq azadlığı, müstəqil mətbuat, ifadə azadlığı sahəsində görüləcək çoxlu işlər var. Yeni yaradılmış bu qurum əsasən fundamental azadlıqlar, insan haqları, seçki hüququ, eləcə də mülkiyyət hüququ üzrə fəaliyyət göstərəcək, bu sahədə vətəndaşların maarifləndirilməsi istiqamətində layihələr həyata keçirəcək, haqları tapdanmış vətəndaşlara hüquqi yardımlar göstərəcək və ölkədəki vəziyyətlə bağlı mütəmadi hesabatlar dərc edəcək”.

Təşkilatın saytında iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı yerləşdirilən hesabat da diqqət çəkir. Hesabatda Azərbaycanda hər iki saatdan bir 1 uşağın dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Ə.Şahidov bir neçə il G.Əhmədovanın deputat köməkçisi vəzifəsində çalışıb. Sabiq deputatın həbsindən öncə Ə.Şahidovla möhkəm dostluq münasibətlərinin mövcud olduğu bildirilirdi.

Lakin hazırda bunun belə olmadığını söyləyə bilərik. Belə ki, G.Əhmədova həbsdən azad edildikdən sonra Azvision.az saytı Ə.Şahidovdan sabiq deputatın azadlığa çıxması ilə bağlı təəssüratlarını öyrənmək istəyib. Ə.Şahidov isə Almaniyada olduğunu, başının qarışıq olduğunu deyərək danışmaq istəməyib: “Mən Almaniyadayam. Burda işgüzar görüşlər keçirirəm. Mənim heç nədən xəbərim yoxdur. Bu barədə sonra danışarıq”.

Teleqraf.com


Müəllif: