Rafiq Manaflı: “Bizə zərbə vuran şəxslərin tədbirində iştirak etməyi doğru saymıram”
Bu gün İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzi (MSDM) dəyirmi masa keçirəcək. MSDM-dən verilən xəbərə görə, tədbirdə qurumun cəmiyyətə təqdim etdiyi yol xəritəsi layihəsi müzakirə ediləcək.
İ.Qəmbərin təşkil etdiyi tədbirə hansı siyasi qüvvələri dəvət edəcəyi maraq doğurur. Çünki son iki ildə müxalifət düşərgəsində vəziyyət heç də ürəkaçan deyil. İddiaları fəaliyyətlərindən yüz dəfə çox olan partiyalar bir-birini qəbul etmir, biri digərinə qarşı ittihamlar irəli sürür. Belə bir vəziyyətdə İ.Qəmbərin hansı partiyaları tədbirinə dəvət edəcəyi maraq doğurmaya bilməz.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, İsa Qəmbər onları tədbirinə dəvət etməyib. Onun fikrincə, bu normaldır: “Biz dəvət olunmamışıq. Yəqin ki, fikirlərimizi eşitmək istəmirlər. Onsuz da, fikirlərimizi qəzetlərdə deyirik. Gedib orada mühazirə oxumağa ehtiyac da duymuruq. İsa Qəmbər borclu deyil ki, mütləq bizi tədbirinə dəvət etsin. Çoxdandır onunla münasibətimiz də mövcud deyil”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, Müsavatda təşkil olunan tədbirdən xəbəri yoxdur, bu barədə ona heç bir məlumat verilməyib: “Əgər məlumatımız yoxdursa, deməli, tədbirə dəvətli deyilik”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı bildirib ki, onların Müsavatın tədbirinə dəvət edilməsi haqda informasiyaya malik deyil: “İsa Qəmbərin toplantısında Milli Şuranın iştirakını düzgün hesab etmirəm. İsa Qəmbər və digərləri vaxtilə Milli Şurada təmsil olunublar, bu qurumun rəhbərliyində oturublar. Prezident seçkilərindən sonra qərar qəbul edilib ki, Milli Şura saxlanılır və fəaliyyətini davam etdirir. Bunların hamısı Milli Şuradan bir-bir uzaqlaşıblar. Bunun da səbəbləri olub. Bizim götürdüyümüz yolla bunların maraqları uyğunluq təşkil etməyib. İndi biz birgə hansı məsələləri müzakirə edə bilərik? Hazırda Milli Şura fəaliyyət göstərir, kimlər istəyirsə, geri qayıda bilərlər. Ancaq Milli Şuradan gedən, bu quruma zərbə vuran şəxslərin tədbirində iştirak etməyi doğru saymıram”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, sözügedən tədbirə dəvət alıb, lakin obyektiv səbəblərdən toplantıya qatıla bilməyəcək: “Bu gün Türkiyəyə səfər edəcəyəm. Bu səbəbdən tədbirlərə qatılmaq imkanım olmayacaq”.
Vətəndaş və İnkişaf Partiyasından bildirilib ki, bu tədbir barədə onlarda informasiya yoxdur.
Respublikaçi Alternativ Hərəkatının tədbirə dəvət alıb-almadığı bəlli deyil. Düzdür, son zamanlar Müsavat REAL Hərəkatı ilə bir araya gəlmək, müttəfiqlik etməkdə maraqlıdır və bunu dəfələrlə nümayiş etdirib. Lakin hazırda REAL-ın icraçı katibi Natiq Cəfərli xaricdə səfərdədir. İdarə Heyətinin üzvü Erkin Qədirli isə bu cür tədbirlərə qatılmır.
Müsavata yaxın mənbə isə qeyd edir ki, İsa Qəmbər siyasi partiyalardan heç kimi tədbirə dəvət etməyib. Yalnız ona yaxın olan partiyalardan Əhrar, Demokratik Birlik partiyalarını dəvət edib.
Cavidan