"Yaxşı olardı ki, onlar bu iddialara cavab versinlər"
"Müxalifətin yaratmaq istədiyi böhran koalisiyası hələ yaradılmayıb. Müzakirələr gedir. Hələ birliyin forması bəlli deyil. Əgər böhran koalsisiyası yaradılsa, müxalifət təkliflərlə çıxış edəcək. Müxalifətin sonuncu toplantısında iştirak etmədiyim üçün detallara bələd deyiləm".
Bunu Teleqraf.com-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Ə.Orucun sözlərinə görə, 25 ilə yaxındır ki, müxalifət yeni birliklər yaradır, amma ömrü qısa olur: "Görünür, nəyisə düz etmirik. Qurduğumuz birliklərin ömrü uzun olmur. İndi yeni iqtisadi durumla bağlı olaraq koalisiya yaratmaq istəyirik. Bununla bağlı niyyət ortaya qoyulub, qalıb taktiki addımların atılması. Hazırda müxalifətin birliyinə heç nə mane olmur. Birliyin forması ilə bağlı fikir ayrılığı var, yəqin ki, bu məsələ yaxın vaxtlarda yoluna qoyulacaq".
Partiya sədrinə görə, AXCP və Müsavat Partiyası müxalifətin yeni birliyinə qoşulmayıb: "Təəssüf ki, onlar müzakirələrdə iştirak etmirlər. Yaxşı olardı ki, qeyd olunan partiyaların da nümayəndələri müzakirələrdə iştirak etsinlər, öz təkliflərini irəli sürsünlər. İndiki iqtisadi durumdan çıxmaqla bağlı müxalifət partiyaları arasında ciddi fikir ayrılığı yoxdur. Təxminən hər kəs eyni təkliflə çıxış edir. Yəqin ki, AXCP və Müsavat Partiyasının rəhbərləri də bizimlə eyni fikirdədirlər. Amma bizim toplantılara qatılmırlar. Onlar elə düşünürlər ki, başqa partiyalardan güclüdürlər və yalnız onlar real müxlifətdədirlər. Təəssüflər ki, onların bu cür mövqelərinə görə əməkdaşlıq alınmır. Hər halda uzun müddət parlamentdə əyləşənlər onlar olub, biz yox. YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzov mətbuata açıqlamasında onların vaxtilə hakimiyyətlə əməkdaşlığına dair faktlar açıqlayıb. Yaxşı olar ki, onlar bu ittihamlara cavab versinlər".
Ayxan