10 Fevral 2016 11:23
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-nın qış sessiyasında qəbul olunmamasının yeni detalları məlum olub.

Amerikalı ermənipərəst konqresmen Adam Şiff Ermənistanın "Asbarez" qəzetinin baş redaktoru Ara Xaçatryanın "Horizon live" verilişinə müsahibəsində qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib: "Mən qətnamə müzakirə edilməmişdən əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər".

Adam Şiff bu kimi səylər nəticəsində qətnamənin keçmədiyini qeyd edib: "Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi".

Qeyd edək ki, Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.

Yanvarın 26-da həmçinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib" adlı qətnamə qəbul edilib.

AŞPA-da müzakirə olunan "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ətraf rayonlarında zorakılıq hallarının artması" adlı qətnamə öncəsi ATƏT-in Minsk qrupu həmsədrləri etiraz bəyanatı ilə çıxış ediblər.

"Azərbaycanla ABŞ arasında gərginlik yaratmağa çalışırlar"

Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev deyib ki, Adam Şiff müsahibəsində məhz ABŞ dövlət katibi Con Kerrinin Avropa və Asiya üzrə köməkçisi Viktoriya Nulanda müraciət etdiyini bildirir və Nuland da bu məsələni ancaq və ancaq Ceyms Uorlik ilə müzakirə edə bilər: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin də məlum müraciəti məhz bundan sonra baş verə bilərdi. Yəni baxmayaraq ki, ATƏT-in Minsk Qrupu BMT-nin mandatı ilə fəaliyyət göstərir, öz dövlətlərinin də mövqelərindən çıxış edə bilərlər. Belə bir açıqlamanın verilməsində əsas məqsədlərdən biri erməni lobbisinin işinin ətrafında müsbət rəy yaratmaqdır. Yəni lobbi və onun təmsilçiləri öz işlərinin öhdəsindən guya layiqincə gəlirlər və hətta ABŞ-ın ən yüksək dövlət məmurları da onların fikirlərini bölüşür, eyni zamanda razılaşırlar. İkinci incə məqam isə odur ki, bununla Azərbaycanla ABŞ arasında müəyyən gərginlik yaratmağa çalışırlar və guya ABŞ-ın ermənilərə daha böyük dəstək verdiyini göstərmək istəyirlər. Bu isə göründüyü kimi çox primitiv bir formada edilir. Məlumdur ki, konqresmen münaqişənin həlli istiqamətində hər hansı bir müsbət rəy formalaşdırmaq iqtidarında belə deyil".

A.Nağıyev əlavə edib ki, Amerikalı konqresmen Adam Şiff və onun təmsil etdiyi erməni lobbisinin ən qorxduğu və çəkindiyi məqam məhz Ermənistanın işğalçılıq siyasəti yeritməsinin sənədləşdirilməsidir: "Məlumdur ki, Volterin məruzəsində əsas məqam Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ərazi bütövlüyünü pozması göstərilir. Bu isə bütün danışıqlarda əsas məsələ kimi keçir və hətta Praqa və Madrid prinsiplərinin də əsasını təşkil edir. Sərsəng su anbarı ilə bağlı sənədin qəbulu da işğal faktının təsdiqidir. Buna görə də lobbi tərəfdarları bu qərarın müsbət qəbulundan danışmırlar".

"Bu, tarixə mənfur bir hərəkət kimi düşəcək"

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, əgər Viktoriya Nuland qeyd edildiyi kimi məruzənin təsdiqlənməsinə maneçilik törədibsə, bu həm də ABŞ administrasiyasının mövqeyi kimi qəbul edilməlidir: "Həqiqətən də, qeyd olunan məsələyə ciddi surətdə təəccüb edirəm. Təəccübümün səbəbi həm həmsədrlərin mövqeyi, həm Amerika administrasiyasının yüksək ranqlı bir şəxsinin bu prosesdə tutduğu rolla bağlıdır. Ən azından göz qabağında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, burada Ermənistanın Azərbaycana qarşı təcavüzü birmənalı qaydada sübuta yetirilir. Digər tərəfdən həmsədrlər dəfələrlə təcavüzkar və təcavüzə məruz qalmış ölkələrdən danışsalar da, təcavüzkarın adını çəkməyiblər. Yəni, azacıq bu məsələ ilə tanış olan adam təcavüzkarın və təcavüzə məruz qalanın kim olduğunu çox asanlıqla müəyyənləşdirə bilər.

Son dövrlərdə Amerikanın özü Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qəsb edilməsi haqqında bəyanat verib. Dövlətin adından verilən bu bəyanatla Amerika Ermənistanın təcavüzkar dövlət olmasını vurğulamışdı. Biz də bunu Amerikanın mövqeyində irəliyə doğru ciddi bir addım hesab etmişik.
Almaniya bundestaqı da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə bəyanatının üstündən heç iki ay keçməyib".

Q.Hüseynli deyib ki, ən azından son iki ildə Dağlıq Qarabağ və onun ətrafında Ermənistanın oynadığı mənfur rolla bağlı Qərb dövlətlərinin bir çoxu özünün münasibətini bildirib: "Həmsədrlərə və eyni zamanda Amerika administrasiyasının nümayəndəsi Nulanda birdən-birə komandanın kim tərəfindən və nəyə görə verilməsi məsələsi bir qədər çaşqınlıq doğurur. Əvvəla ona görə ki, tarixi həqiqətlər ciddi surətdə təhrif edilir və xoşagəlməz presedent yaradılır. Yəni işğalçı bir dövlət Avropanın ciddi bir qurumunun himayəsi ilə pərdələnir və tarixi məsuliyyətdən yayındırılmağa çalışılır. Həmsədrlər də çox bəsit şəkildə əsaslandırmağa çalışırlar ki, Volterin məruzəsi guya qarşıdurmanın hərbi müstəviyə keçməsinə səbəb ola bilər. Bu, çox yanlış bir addımdır. Əksinə, baş vermiş hadisələrə siyasi qiymətin verilməsi danışıqlar prosesinə təkan verə bilər və tərəflərdən birinin, bu şəraitdə Ermənistanın danışıqlar masasında ambisiyalı davranmasına verməz. Çox təəssüflər olsun ki, Nuland və ya həmsədrlər nə izah etmələrindən asılı olmayaraq, bu münaqişənin həlli prosesini xeyli uzatdılar. Bütövlükdə proseslərə misilsiz zərbə vurdular. Hesab edirəm ki, bu tarixə mənfur bir hərəkət kimi düşəcək".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər