Əhməd Oruc: “Özündənrazı partiyaların dəvət edilib-edilməyəcəyi bəlli deyil”
Dünən müxalifətin bir qismini birləşdirən İşçi Qrupun növbəti toplantısı keçirilib. İclas Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutub.
Toplantını KXCP sədri Mirmahmud Mirəlioğlu aparıb. Tədbirdə ölkədəki ictimai-siyasi durum, qlobal maliyyə böhranı, dünya bazarında neftin qiymətinin tendensiyası və bunun yaratdığı nəticələr geniş şəkildə müzakirə edilib. Qərara alınıb ki, bu istiqamətdə xüsusi proqram hazırlansın. Lakin proqramın kim tərəfindən hazırlanacağı barədə əlavə məlumat verilməyib.
İşçi Qrupun toplantısında ona edilən müraciətlər nəzərə alınaraq partiyaların özlərinin böhran masası yaratması müsbət hesab edilib və buna razılıq ifadə olunub.
İclasda irəli sürülən təşəbbüsə uyğun olaraq Rusiya-Türkiyə münasibətləri də müzakirə edilib. İşçi Qrupu Qars müqaviləsinin ləğv edilməsinin gündəmə gətirilməsini təqdirəlayiq hadisə hesab etməyib, bunun təxribat olduğunu ifadə edib və bu məsələdə qardaş Türkiyənin yanında olduqlarını bildiriblər.
Tədbirdə həmçinin müxalifətin yeni toplantısının keçirilməsi barədə məsələlər müzakirəyə çıxarılıb. Uzun müzakirələrdən və irəli sürülən təkliflərin uzlaşdırılmasından sonra razılığa gəlinib ki, müxalifət özünün növbəti toplantısını fevralın 21-də Azərbaycan Demokrat Partiyasının qərargahında keçirsin. Həmçinin ictimaiyyət nümayəndələrinin sözügedən tədbirdə iştirakının təmin olunmasının vacibliyi də vurğulanıb. Lakin toplantıda hansı formatın seçilməsi, tədbirə kimlərin dəvət olunması kimi məsələlər müzakirə edilməyib.
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, toplantı çox işgüzar keçirilib. Onun sözlərinə görə, tədbirə AXCP, Milli Şura və Müsavat Partiyasının dəvət olunacağı barədə konkret məlumatı yoxdur: “Toplantıya əsasən koalisiyaya üzv olan partiyalar, eləcə də, iştirak etmək niyyətində olanlar dəvət ediləcək. Bəzi özündənrazı partiyaların bura dəvət edilib-edilməyəcəyi hələlik bəlli deyil. Toplantı fevralın 21-nə planlaşdırılır, hələ 10 gün vaxtımız var. Gələn həftə ADP-nin qərargahında İşçi Qrupun toplantısı keçiriləcək və o zaman həmin partiyalarla bağlı da qərar veriləcək. Bu prosesə yeni qüvvələrin gəlmək istəməsi haqqında söz-söhbətlər olsa da, məndə dəqiq məlumat yoxdur. Bu birlik elədir ki, kim istəyirsə, başqa bir şəxsi bura dəvət edə bilir”.
Cavidan