Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun son sessiyasında böyük britaniyalı deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı müzakirəyə çıxarılan məruzənin qəbul edilməməsinin detallarını açıqlayıb.
Qeyd edək ki, sessiyada həmçinin Bosniya-Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzə də müzakirəyə çıxarılmışdı. İkinci qətnamə layihəsi keçsə də, R.Volterin müəllifi olduğu məruzə qəbul olunmadı.
Azərbaycanla bağlı qaldırılan qətnamə layihələri ilə bağlı sual doğuran məqamlar var. Belə suallar səslənir ki, 2005-ci ildə Dağlıq Qarabağla bağlı qəbul edilmiş AŞPA qətnaməsi vardısa, ikinci qətnaməyə ehtiyac var idimi, yaxud Azərbaycanla bağlı iki layihənin müzakirəsi niyə eyni vaxta salınmışdı.
Nümayəndə heyətinin üzvü sözügedən məqamlara aydınlıq gətirib, layihənin keçməməsinin əsas səbəblərini izah edib.
“Ermənilərin cəhdlərinə rəğmən çoxluq bizim tərəfimizdə idi”
R.Hüseynov qeyd edib ki, hələ Strasburqa getməzdən öncə ilkin hesablamalara görə, Azərbaycanın sessiyada tərəfdarlarının 140-150 nəfər olacağı gözlənilirdi: “Ermənilərin də səsverməyə təsir göstərmək üçün dünya boyu erməni lobbisinin bütün imkanlarından istifadə etməsindən agah idik. Strasburqda olanda isə hələ sessiya başlamazdan əvvəl yaxın, tərəfdaş saydığımız, dəstəyinə ümid bəslədiyimiz bir sıra AŞPA üzvü dostlarımızdan aldığımız bilgilər anlatdı ki, vəziyyət xeyli mürəkkəbdir. Bütün deputatlara qarşı R.Volterin məruzəsi ilə bağlı ciddi basqı göstərilir və bundan ötrü ağla gələn və gəlməyən bütün qüvvələri səfərbər ediblər. Siyasətçilər, dövlət adamları, xristian birliyindən dəm vuran din xadimlərindən tutmuş pornoulduz Kim Kardaşyana və nağd pul təklifinəcən erməni lobbisi dünya boyunca hər söz, nüfuz, təsir sahibini AŞPA deputatlarını yola gətirməyə yönəldib. Hətta bunca miqyaslı canfəşanlıqlar və cəlbetmələr belə nəticə etibarilə erməniləri istəyinə çatdırmayacaqdı. Çünki R.Volterin məruzəsinin lehinə səs verəcəyini nəzərdə tutduqlarımızdan nə qədərini neytrallaşdırmağı bacarsalar da, yenə çoxluq bizim tərəfimizdə idi. Sessiyalarda, adətən, məruzəni müəllif təqdim edir. M.Markoviç məruzəsini tutarlı əsaslandırmalarla özü təqdim etsə də, R.Volter artıq AŞPA üzvü olmadığından, həmin məruzənin təqdimi deputat Mogens Yensenə tapşırılmışdı və o da əks-cəbhənin adamlarından idi. Aydın məsələdir ki, o, məruzəni necə təqdim edəcəkdi. Söz yox, meydanda güclü siyasətçi R.Volter özü olsaydı, ssenari tamam başqa tərzdə cərəyan edəcəkdi və o, əleyhdarlarını yerində oturda biləcəkdi. Təəssüf ki, sessiyaya qonaq kimi gəlib dəhlizlərdə gəzsə də, R.Volter artıq məruzəçi kürsüsündə deyildi və bu da nəticəyə təsir baxımından çox mənfi rolunu oynadı. İki məruzə ətrafında müzakirələr başlandı və bizim nümayəndə heyətində 5 nəfər çıxışa yazılsa da, təkcə mənə söz demək növbəsi çatdı. Mənim o qısa vaxt içərisində hər 2 məruzə ilə bağlı, sadəcə bəzi vacib nöqtələrə diqqət yönəltmək macalım oldu”.
R.Hüseynovun sözlərinə görə, çıxışı zamanı iradə, qətiyyət və cəsarətindən dolayı Robert Volter və xanım Milisa Markoviçə təşəkkür bildirib: “Çıxışımda dedim ki, bu iki şəxsə Assambleya üzvlərinin üç təşəkkürü düşür. Çünki münaqişə edən tərəflər arasında münsif missiyasını üzərinə götürmək, balanslaşdırılmış, obyektiv, ədalətli məruzə hazırlamaq yolunda çalışmaq hər iki məruzəçinin, sözsüz ki, mərd, cəsur, ötkəm şəxsiyyətlər olmasına dəlalət edir. Lakin üçqat təşəkkürün səbəbi odur ki, indiki halda həmin münaqişə tərəflərindən biri işğalçı Ermənistandır. Ermənistanın isə necə ipə-sapa yatmayan, dövlətçilik iradəsi öz əlində olmayan, inadla ”ağ"a “qara” deyən, ona sərf etməyən məruzəçilərə müxtəlif kanallar və vasitələrlə aramsız həmlələr təşkil edən, onları ədalətli, obyektiv mövqelərindən yayındırmaq üçün hər hiylədən istifadə edən bir tərəf olması bizə uzaq və yaxın tarixdən yaxşı bəllidir. Forpost olduğunu ölkə prezidenti səviyyəsində çoxdan rəsmən etiraf etmiş Ermənistan, əlbəttə ki, öz gücü ilə deyil, onu kənardan yönəldən və dəstəkləyən qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt edib. Ermənistan hərbi birləşmələri işğal ərazilərini genişləndirməkdən ötrü sərhəd boyu Azərbaycanın dinc əhalisini atəşə tutmaqdadır. İşğal altındakı hər cür beynəlxalq nəzarətdən kənar ərazilərdə Ermənistan terrorçu düşərgələri yerləşdirir, narkotiklərin əkib-becərilməsi və tranziti ilə məşğul olur. Hər il məhsulu yığdıqdan sonra isə həmin ərazilərdə izi itirmək üçün yanğınlar törədir. Bu, hətta aerokosmik çəkilişlər vasitəsilə də isbat edilib, bütün bunlar ABŞ-da hazırlanmış xüsusi hesabatda da əksini tapıb".
Deputat vurğulayıb ki, çıxışı zamanı Ermənistanın özünə xas olan riyakarlıqla bütün bunları dandığını bildirib. O, qeyd edib ki, Sərsəng Su Anbarının qarşısını nağıllardakı əjdahalar kimi kəsərək, yay-qış yüz minlərlə insanın həyatını fəlakət həddinə çatdırır: “Dedim ki, bunlarla əlaqədar inkaredilməz dəlillər, sübutlar ortaya qoyulur, Ermənistan deyir ”xəbərim yoxdur", müzakirə etdiyimiz hər iki məruzədə bu cür dəhşətli faktların yalnız kiçik bir hissəsi əhatə edilib".
“Məsələni tələm-tələsik həll etmək ssenarisi işə düşmüşdü”
R.Hüseynov iclasda saxtakarlığa yol verildiyini söyləyib: “İclası AŞPA-nın yeni seçilmiş prezidenti, Azərbaycan üzrə keçmiş həmməruzəçi Pedro Aqramunt aparırdı. Mən sözümü bitirəndə sədr kürsüsündə onu Makedoniya nümayəndə heyətinin rəhbəri olaraq vitse-prezident vəzifəsini icra edən Aleksandr Nikolski əvəzlədi və o, müzakirələri dayandırdı. Halbuki, siyasi qruplar adından çıxışçılar da daxil olmaqla, vur-tut 9 nəfərə söz verilmişdi. Məsələni tələm-tələsik həll etmək ssenarisi işə düşmüşdü. Ermənilər və onlarla bir olan bəziləri əvvəlcə R.Volterin məruzəsini yenidən işlənmək üçün komitəyə qaytarmaq təklifini irəli sürdülər. Səsə qoyuldu və bu təklif rədd edildi. 175 nəfər səsvermədə iştirak etdi. 74 nəfər məruzənin komitəyə qaytarılmasının lehinə, 83 nəfər əleyhinə, 18 nəfər bitərəf. Ardınca məruzənin qəbulu məsələsi səsə qoyuldu. Səsvermə bitdi. Zaldakı monitorlar işıqlanmadı. Və iclası aparan qarşısındakı kompüterdə ilkin nəticələri, yəqin ki, görürdü və bu göstəricilərin onların məqsədinə müvafiq olmadığını bilincə əcaib bir elan etdi: ”24 nəfər səs verməyib, xahiş edirəm onlar da səs versin. Avropa Şurası saytında stenoqramları açsanız, bunlar öz əksini olduğu kimi tapıb. Nəticə elan edildi: 66 nəfər məruzənin qəbul edilməsinin lehinə, 70 nəfər əleyhinə, 45 nəfər bitərəf. Möcüzə: səs verənlərin bir neçə saniyə qabaq 175 olan sayı “artıb” oldu 181 nəfər və bizə tərəfdar olan 83 nəfərin də miqdarı “azalıb” oldu 66. Ən qaba tərzdə biabırçı saxtalaşdırmaya getdilər, ancaq bu, heç də Avropa Şurasında indiyəcən rastlaşdığımız ilk hal deyildi. Belə səsvermə fokusları başqalarına və bizə münasibətdə ötən illərdə də müşahidə edilmişdi".
R.Hüseynov türkiyəli deputatların bitərəf qalması məsələsi barədə də danışıb: “Türkiyə nümayəndə heyətinin üzvlərindən biri rəsmən AŞPA katibliyinə müraciət etdi və məruzənin lehinə səs versə də, onun bitərəf kimi qeydə alındığını bildirdi. Kimdir buna baxan? Məqsəd bu qərarı qəbul etmək idi, sistem öz əllərində, nəzarət öz ixtiyarlarındadır. Guya, real 5-10 səsin az, ya çox olması nəyisə həll edir? İstənilən halda maşınları ”hesablama"nı elə aparacaqdı ki, nəticə onlara sərf edən olsun".
“2 məruzənin AŞPA-da qaldırılması xarici siyasətimizin ciddi nailiyyətidir”
O, “2005-ci ildə Dağlıq Qarabağla bağlı qəbul edilmiş AŞPA qətnaməsi vardısa, ikinci qətnaməyə nə ehtiyac var” sualını da cavablandırıb: “İşğal davam etdikcə yeni-yeni məruzələr və icraya yönəldilən qətnamələr, hətta bu zəbt bitəndən bir qədər sonra da mütləq olmalıdır. İşğalçı dövlət daim hədəfdə, siyasi nişangahda saxlanmalıdır. Ona görə də 2 yeni məruzənin bu qədər çətin mərhələləri adlayaraq, AŞPA sessiyasına çıxarılması Azərbaycan dövlətinin, ölkə rəhbərinin apardığı ağıllı xarici siyasətin son dərəcə ciddi nailiyyəti sayılmalıdır. Ermənistanı işğalçı deyə təqdim edən 2 məruzənin AŞPA sessiyasının gündəliyində yer almasının özü artıq Ermənistana bir zərbə idi”.
NƏRGİZ