Azərbaycanda milli mənəvi dəyərlərin, multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri geniş imkanlara malikdir və onların bu sahədə rolunu getdikcə artırmağa çalışırıq.
Bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib.
Əli Həsənov bildirib ki, son zamanlar ölkəmizdə kütləvi informasiya vasitələrinin əhatə dairəsi getdikcə genişlənir. Gün ərzində əhalinin 75 faizindən çoxu televiziyaları, internet resurslarını izləyir, qəzet oxuyur. Odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan məmurlar multikulturalist ideyaların yayılmasında, milli mənəvi dəyərlərin zənginləşdirilməsində, əhalinin bu istiqamətdə maariflənməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV-in imkanlarından daha geniş istifadə etməlidirlər.
Regionlarda ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərə toxunan Əli Həsənov deyib: “Bu görüşlər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq keçirilir. Bunun da bir neçə məqsədi var. Məqsədlərdən biri budur ki, əvvəla mərkəzi icra hakimiyyəti orqanları rayon əhalisi ilə daha sıx təmasda olsun. İctimaiyyət nümayəndələrinin hakimiyyət orqanları ilə bağlı təklifləri, rəyləri, ideya və təşəbbüsləri ümumiləşdirilərək həyata keçirilən islahatlar prosesində istifadə edilsin. Azərbaycan Prezidenti müəyyənləşdirdiyi yeni iqtisadi kursa müvafiq olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında mühüm vəzifələr qoyub. Həmin görüşlərdə bu vəzifələr əhaliyə çatdırılır, yerlərdə onun izahı verilir. Bundan məqsəd ictimaiyyətin təşəbbüsləri ilə dövlətin yürütdüyü siyasəti birləşdirərək bu proqramlara dinamizm vermək, rayonlarda əhalinin, icra strukturlarının və bütövlükdə vətəndaş təşəbbüslərinin koordinasiyasını həyata keçirmək, islahatların daha sürətlə və effektiv aparılmasına şərait yaratmaqdır. Digər məqsədlər də var: İnsanların məsuliyyətini artırmaq, yerli resursları işə salmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin təşəbbüslərinin həyata keçirilməsində insanların dəstəyini təmin etmək, rayonlarda sahibkarlıq mühitini daha da təkmilləşdirmək, neqativ halların aradan qaldırılması üçün əhalidən gələn istək və arzuları ümumiləşdirmək və s. Yəni, məqsəd genişdir və bu istiqamətdə də işlər davam etdirilir”.