11 İyun 2014 11:16
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat və REAL Milli Şura sədrinə hücum edir, AXCP isə onu müdafiə etməyə çalışır

Milli Şuranın sədri Cəmil Həsənlinin iyunun 7-də aktual.az saytına verdiyi müsahibə müxalifət cəbhəsində ciddi gərginlik yaradıb. Buna səbəb Cəmil Həsənlinin sözügedən müsahibədəki "Ədəbiyyat adamından ictimai mövqe gözləmək lazım deyil", fikri olub. C.Həsənlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Hətta bəzi şəxslər Həsənlinin verdiyi müsahibənin audio yazısını əldə edərək bunu arqument kimi irəli sürürlər. İş o yerə çatıb ki, bu mövqeyinə görə Cəmil Həsənlini ciddi tənqid edənlər də olub. Xüsusilə Müsavat Partiyasının bəzi funksionerləri, Məclis üzvləri, eləcə də fəalları sosial şəbəkələrdə Həsənlinin bu ifadəsinə görə onu ciddi tənqid ediblər. AXCP və Milli Şura üzvləri isə mümkün qədər C.Həsənlini müdafiə edirlər.

"Bu, müdafiə edilənin ictimai-siyasi statusunun şişirdilməsi hesabına olmamalıdır"

Müsavat Partiyasına xüsusi yaxınlığı ilə seçilən, amma hazırda REAL-da təmsil olunan Azər Mehtiyev buna cavab olaraq bildirib ki, əgər haqsızlıq varsa, dostu müdafiə etmək lazımdır: "İctimai-siyasi xadimlərin ictimai qınağa tuş gələn dostlarını müdafiəsi zamanı müdafiə əsaslandırılmış yanaşma tələb edir. Bu, müdafiə edilənin ictimai-siyasi statusunun şişirdilməsi hesabına olmamalıdır. Böyük yazıçı, şair və ya ictimai xadim olmaq üçün çoxlu kitab yazmaq şərt deyil. Yazıçı və ya şair ətrafında müşahidə etdiyi məişət hadisələrini qələmə almaqla böyük ola bilməz. Onun həyatının və yaradıcılığının dəqiq missiyası olmalıdır və bu onun əsərlərində davamlı olaraq izlənilməlidir. O, bütün məsələlərə bu mövqedən yanaşmaqla öz dəyərlərini təbliğ etməlidir".

"Demişdim axı, biabır olarsız"

Müsavat Məclisinin üzvü Alya Yaqublu isə Cəmil Həsənlinin bu fikirlərini sosial şəbəkələrdə ciddi tənqid edib: "Başın sağ olsun, millət. Demişdim axı, Cəmil Həsənli təkzib eləyir, deyib, vaxtından əvvəl kükrəməyin, biabır olarsız.

Cəmil bəy və qeyri-hörmətli insanlarımız zorun yanında duran məşhurlarla "tez-tez zəngləşib hal-əhval elədikləri" üçün belələri orda durmaqda davam eləyirlər, çünki görürlər ki, hörmətlərindən və samballarından heç nə əskilmir, əksinə, vaxt ötdükcə uca və müqəddəs zirvələrə yerləşdirilirlər. Əzizim Cəmil bəy, "adi oxucunun anlamadığı" şeylər yazan biri milli təfəkkürə, ictimai rəyə necə təsir edə bilib, bunu da izah eləyin də, lütfən. Mən adi oxuculardanam, burda misal çəkdiyiniz "39-da doğulub, 38-də öldüm" fikrində haqsızlıqlara qarşı barışmaz olmağın hansı şəkildə simvolizə edildiyini başa düşmürəm".
"Cəmil Həsənlini qınayıram"

İqtisadçı və REAL üzvü Rövşən Ağayev də Cəmil Həsənlini ciddi şəkildə tənqid edib:

"Cəmil müəllimə dəyər verdiyimiz kimi, onu qınamaq da haqqımızdı. "Ədəbiyyat adamından ictimai mövqe tələb etmək doğru deyil" söyləyən Cəmil Həsənlini qınayıram. Tarixdən bəlkə də, yüzlərlə örnək gətirmək olar, amma Volter və Hüqonu xatırlamaq kifayətdir ki, məhz ədəbiyyat adamının bir nömrəli missiyasının ictimai mövqe olduğunu qəbul edəsən. Hüqo Volteri böyük Fransa inqilabının fikir atası adlandıranda ona işarə ediridi ki, ədəbiyyat adamı üçün ictimai mövqe sərgiləmək azdı, lazım gələndə inqilab da etməlidi".

"Bu tip insanların ən böyük nailiyyətləri söymək, şərləmək bacarığıdır"

Vəkil Aslan İsmayılov isə Cəmil Həsənlini tənqid edənləri tənqid edərək, Milli Şuranın sədrini dəstəkləyib. A.İsmayılov bəyan edib ki, indiyə qədər ziyalıları tez-tez müdafiə etdiyinə görə dəfələrlə qınanıb, bəzən "dostlar" hakimiyyətə işləməyimi sübut etməyə çalışıblar:

"Bu yaxınlarda Ənnağı Hacıbəyli etdiyi kimi. Bu barədə ətraflı yazımı yaxın vaxtda oxuculara təqdim edəcəm. Hələlik isə qısa da olsa Cəmil Həsənliyə hücum edən "ura patriotlar"dan, yaxud Turxan Qarışqa demiş, "vətənşüvənlər"ə, son günlər tanınmış mədəniyyət xadimlərini üz-üzə qoyan KİV-lərə cavab vermək istəyirəm. Cəmil müəllimə hücum çəkənlər onun keçdiyi yolun, vətən, millət üçün gördüklərinin cüzi bir hissəsini də görməyiblər. Bu tip insanlar həyatda heç nəyə nail olmayıblar, ən böyük nailiyyətləri söymək, şərləmək bacarığıdır. Bunu həqiqətən yaxşı bacarırlar. Bəli, bu sahədə nə Cəmil müəllim, nə də mənim kimilər onlara çata bilməzlər. Cəmil müəllimin ünvanına səslənən qərəzli fikirlərə "dost tənqidi vacibdir" deməsi ilə də razılaşmıram. Yazılanları oxudum onlar "dost tənqidi" deyil, "imkan düşüb, buna da yerini göstərək" deməkdir. Bunlar söyür, bizlər isə susuruq. Sovet bolşevikləri ilə bunların heç bir fərqi yoxdur. Bizlər susduqca bunlar aqressivləşir və özlərini mütləq hakim sayırlar. Bizlər çalışırıq ətrafımızdakıların uğuruna sevinək, xüsusilə yaradıcı insanların bəzən buraxdığı səhvləri görsək də, özümüzü görməzliyə vuraq, çünki onlar ruh adamlarıdır, tez acıyırlar. Bir iki cızma-qara edib, ən biədəb sözləri yeni bir kəşf kimi bəh-bəhlə tirajlayanlara, nəinki tənqidə, söyüşə də acımayırlar. Sonuncu dəfə yazıçı Anardan onun haqqında yazılanlara vaxt itirməməsini xahiş etdikdə onun necə əsəbləşdiyinin şahidi oldum. Mənə əsəblə "sənin valideynlərin haqqında mənimkilər baradə yazdıqlarını yazsalar, susardınmı?" sualına hələ incimişdim də. Vaxt keçdikcə, özüm haqqında yazılan iftiraları gördükcə Anarın nələr çəkdiyini, bu günlərdə yubileyi olan Vaqif Səmədoğlunun dahi Səməd Vurğun haqqındakı yazılara necə dözdüklərini təsəvvür edə bilmirəm. Həmişə dostlardan xahiş etmişəm ki, yaradıcı insanları siyasətə qatmayın, qoyun onlar öz yaradıcılığı ilə məşğul olsunlar. Bir də ki, demokratiyadan dəm vuranların, niyə hamının məhz onlar kimi davranmasını tələb etməsini heç cür anlaya bilmirəm. Axı hamı öz istədiyi kimi hərəkət etməlidir, kimlərinsə xoşuna gəlmək üçün yox".

CAVİDAN


Müəllif: