"Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists – AECR) nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirirəm".
Teleqraf.com-un xəbərinə görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında belə deyib.
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Avropanın bütün nüfuzlu beynəlxalq təşkilatlarının parlament assambleyalarında təmsil olunduğunu deyən BAXCP sədri eyni qurumlarda Azərbaycan nümayəndə heyətlərinin də fəaliyyət göstərdiklərini xatırladıb: “Bu baxımdan, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil, Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin və nümayəndə heyətinə daxil olan digər şəxslərin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.
Qüdrət Həsənquliyev qeyd edib ki, əvvəllər Cənubi Qafqazdan yalnız Ermənistan və Gürcüstandan olan siyasi partiyalar AECR-də təmsil olunublar: “BAXCP-nin Alyansın tamhüquqlu üzvü olması ölkəmizə Azərbaycanla bağlı həqiqtlərin ifadə olunması üçün daha bir tribuna qazandırdı. İstər partiyanın Alyansın üzvlüyünə namizəd kimi qəbul olunduğu Böyük Britaniyada keçirilən konfransda, istərsə də BAXCP-nin tamhüquqlü üzvlüyü ilə bağlı qərarın verildiyi Tunis zirvə toplantısında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu, işğal nəticəsində 1 milyon Azərbaycan vətəndaşının öz doğma yurdlarından didərgin düşdüyü Avropanın müxtəlif ölkələrini təmsil edən siyasi partiya və media nümayəndələrinin diqqətinə çatdırıldı. Bu toplantılar çərçivəsində keçirilən panellərdə, qeyri-rəsmi görüşlərdə mən və partiyanı təmsil edən digər şəxslər tərəfindən Azərbaycanla və regionla bağlı reallıqlar, Ermənistanın işğalı nəticəsində yaranmış vəziyyət barədə iştirakçılara ətraflı məlumat verildi.
Alyansa üzv olan partiyalardan bir neçəsinin hakimiyyətdə olduğunu, bir neçəsinin koalision hökumətlərdə yer aldığını, eyni zamanda müxtəlif ölkələrin parlamentlərində çoxsaylı mandata sahib olduqlarını nəzərə alsaq, bu tribunan əhəmiyyətinin miqyasını müəyyənləşdirmək olar”.
BAXCP sədri müxalifət partiyasının qonaqlarının yüksək səviyyədə qəbul olunmasının da mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu ilk növbədə siyasi mədəniyyət nümunəsi kimi böyük önəm kəsb edir. Digər tərəfdən, Avropanın nüfuzlu bir təşkilatının, siyasi partiyalar alyansının nümayəndələri Azərbaycanda müxalifət partiyasının fəaliyyəti və yüksək səviyyəli qonaqları qəbul etməsi üçün normal bir şəraitinin olduğunu gördülər. Eyni zamanda müxalifət partiyasının dəvəti ilə Azərbaycana gələn şəxslərin yüksək səviyyədə qəbul olunduqlarının şahidi oldular. Xatirladim ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyətinin üzvləri Prezident Adminstariyasında, Milli Məclisdə, Xarici İşlər Nazirliyində yüksək səviyyədə qəbul olunublar. Fürsətdən istifadə edib, göstərdikləri diqqətə görə, dövlət rəsmilərinə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, keçirilən görüşlərdə, dövlət rəsmiləri Azərbaycanla bağlı həqiqətləri, torpaqlarımızın Ermənistan tərəfindən işğalı faktını və ölkəmizə münasibətdə ikili standartların tətbiq olunduğunu yüksək səviyyədə, səmimi və açıq formada qonaqların diqqətinə çatdırdılar”.
Qüdrət Həsənquliyev keçirilən görüşlərin nəticəsi olaraq, Alyansla və qurumun üzvü olan ayrı-ayrı siyasi partiyalarla əməkdaşlığın genişləndiriləcəyini bildirib: “Partiyada keçirilən görüş zamanı birgə lahiyələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə etdik. Düşünürəm ki, perspektivdə nəzərdə tutulan addımlar əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq”.
BAXCP sədri qonaqların Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını da vurğulayıb.